11 min manat hansı şəhid ailələrinə ödəniləcək?-Hərbi ekspertdən açıqlama

11 min manat hansı şəhid ailələrinə ödəniləcək?-Hərbi ekspertdən açıqlama

Əziz dostlar! Hörmətli həmkarlar!

Artıq iki gündür ki, ölkə başçısının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətrafında xüsusən sosial media üzərindən qızğın müzakirələr gedir. Mən də bacardığım qədər bu məsələdə dostlara və tanışlara müəyyən bilgilərin verilməsində iştirak edirəm. Amma, hiss edirəm ki, hələ də bəzi tam aydın olmayan məqamlar var ki, insanlarımızda bununla bağlı bir sıra suallar və, əfsuslar olsun ki, tam dəqiq olmayan rəsmi və qeyri-rəsmi cavablar ya var, ya da yox kimidir. 
İcazənizlə əvvəl sizin diqqətinizə bir daha "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər" haqqında Azərbaycan Respublikasının Qanunundan bəzi müddəaları ərz edim.

Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.

Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Gördüyünüz kimi, qanunun Şəhid adı anlayışında NƏ HƏRBİ QULLUQÇU, nə də MÜLKİ ŞƏXS kimi dəqiqləşmə yoxdur). Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Bəzi dostlar sual edir ki, Fərmanda yalnız hərbi qulluqçu ifadəsi işlədildiyinə görə, bu yalnız hərbi qulluqçu kimi xidmətdə olmuş şəxslərin ailə və doğmalarına aiddir. Doğrusu, bu Fərman imzalana qədər hazırlanarkən hərbi mütəxəssislərə də məsləhət üçün təqdim edilsəydi daha yaxşı olardı. Hesab edirəm ki, bir qədər dəqiqləşməyə ehtiyac var. Əgər şəxs qanunla Şəhid kimi tanınıbsa, istər hərb qulluqçu olsun, istər polis əməkdaşı, yaxud mülki şəxs, fərq etmir, onun yuxarıda sadalanan ailə üzvləri və ya vərəsələri ölkə başçısının imzaladığı Fərmanın müddəaları ilə həmən 11 (on bir) min manat pulu almalıdırlar və bu tam qanunidir. Ona görə də, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilərkən göstərilən müddətdə bu Fərmanın tələbləri əsasında ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş MÜLKİ Şəxslərə, Polis əməkdaşlarına (ailə üzvlərinə və vərəsələrinə) da birdəfəlik ödəmə edilməlidir. 
Məncə bu qədər aydın və sadə dildə izah etmək olar bu qərarı. 
Allah cəmi Şəhidlərimizi rəhmət eləsin, itkin düşmüş şəxslərin də taleyindən tez bir zamanda xəbər alamalarını ailələrinə, doğma və əzizlərinə nəsib etsin.

Üzeyir Cəfərov, 
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az