"2 rükət namazım təklif etdiyiniz hakimiyyətdən qat–qat üstündür"- Allahşükür Paşazadə


Xalqın adından çıxış edib toxunulmaz dəyərlərə toxunanlar, anlamırlar ki, bütün xalqı təhqir edirlər. 

Son zamanlarda xarici ölkələrdə yaşayan blogerlərin məqsədli şəkildə böhtanlarla dolu videoların yer aldığı kampaniyası Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadəyə yönəlib.  

Məqsədləri isə heç bir fakta əsaslanmadan oxuduqları hazır mətnlərə rəsmi və ya hər hansısa bir şəxsin reaksiya verməsi ilə yeni qarşıdurma dalğası yaradaraq cəmiyyətdə fitnə törətməkdir. 

Əslində Şeyxulislama qarşı aparılan kampaniya dövlətçiliymizə bütün vasitələrlə zərbə vurmaq istəyənlər tərəfindən sifariş olunub. Allahşükür Paşazadə  toxunulmaz dəyərlərə malik olan atributdur. Xalqın adından çıxış edib toxunulmaz dəyərlərə toxunanlar, anlamırlar ki,  bütün xalqı təhqir edirlər.  Əgər bunu deyənlər din adamıdırsa, inanclı şəxsdirsə inancımıza görə onların şahidləri lazımdır. Ümumiyyətlə isə Azərbaycan kişisinə yaraşmaz ki, hər hansısa ağsaqqala böhtan atsın, nalayiq sözlər desin.

Bu cür sifarişli materiallar hazırlayanların hədəfində ölkə prezidenti, nüfuzlu şəxslərdir. Onlar elə insanlara qarşı bu cür kampaniyaları həyata keçirirlər ki,  həmin şəxslər dövlətini, xalqını sevən adamlar olsun, xalqına və dövlətinə fayda verən adamlar olsun. Cənab Prezidentin apardığı daxili və xarici siyasətinin uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu dayanır. Bu baxımdan ölkəmiz son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən dövlətlər sırasına daxil olub. Bu gün Azərbaycan uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı xaricdəki düşmənləri narahat etməyə bilməz. Onlar hər vəchlə Prezidentə və ona yaxın olan insanları hədəfə alırlar.

Şeyxülislam Allahşükür Paşazadə cənab İlham Əliyev ilə gözəl münasibətdədirlər. Bu münasibət dövlət-din münasibətlərinə də güclü təsir edir. Məhz ölkə başçısı ilə din rəhbərmizin münasibətlərinin yaxşı olması Azərbaycanda dini zəmində sabitliyin, məzhəblərarası birliyə, ölkəmizi multikulturalizm və tolerantlıq məkanına çevirmişdir. Bu münasibət mərhum Heydər Əliyev ilə də çox yüksək səviyyədə idi. Necə ki, bu barədə İlham Əliyev Dünya dini liderlərinin Bakı Sammitində "...Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır.” fikirlərini səsləndirmişdir.
 
Şeyxülislam həzrətləri daim  xalqın çətin günlərində onunla bir sırada olub, millətin taleyüklü məsələlərində lazım vaxtında haqq səsini çıxartmışdır. Belə ki, 1990-cı ilin yanvar hadisələr zamanı Şeyxülislamın bir mənəvi rəhbər olaraq "kəfən geyinərək” xalqın önündə getməsi bizə çox şey öyrədir. Həmin dövrdə nəhəng atesit dövləti sayılan Sovet İttifaqının rəhbər şəxslərinə qarşı heç kimin cürət etmədiyini deyə bilən, 1990-cı ilin yanvarında Bakıda baş vermiş amanasız qətliamı dünyaya çatdıran, şəhid olmuş şəxslərin dəfnini boynuna götürən 41 yaşlı Şeyxülislam idi. 

Allahşükür Paşazadə verdiyi müsahibələrinin birində qeyd etmişdir ki, "Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, –Allahşükür Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verib:
 
"Mən sizin  məqsədinizi  anladım, ona  görə  qəti  deməliyəm  ki, təklif  etdiyiniz  vəzifəni  tuta  bilməyəcəyəm. Mənim 2  rükət  namazım  sizin  təklif  etdiyiniz  hakimiyyətdən qat–qat  üstündür! Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsinə daxil  olmuşam, Moskvadakı Ali  Komsomol məktəbinə yox!”.

Bu təklif  Azərbaycan xalqını ikinci dəfə qırğına çəkmək, məhvə sürükləmək üçün hazırlanmışdı. Din rəhbərimizin müdrikliyi nəticəsində bu fəlakətində qarşısı alındı.
Son olaraq Qurani-Kərimin "Nəhl” surəsinin 88-ci ayəsinə nəzər salaq. Mübarək ayədə oxuyuruq: "Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq!” 

Bir müsəlman olaraq fitnədən və fitnəkarlardan uzaq olmalıyıq.

Samid Quliyev 
İlahiyyatçı alim 
AJB nin üzvü

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az