“8 martda doğulduğu üçün o, mənim ən böyük hədiyyəm idi...” - ŞƏHİD ANASI

“8 martda doğulduğu üçün o, mənim ən böyük hədiyyəm idi...” - ŞƏHİD ANASI

Vətən müharibəmizin qəhrəman şəhidlərindən biri də Məcidov Müşfiq Bayram oğludur. M.Məcidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə əsgəri xidmətinə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra ordudan tərxis olunub.
 
Bu gün doğum günü olan şəhidimiz Vətən müharibəsinə könüllü qatılıb. Atası Bayram kişi deyir ki, Müşfiq uşaqlıqda çox dəcəl uşaq olub, amma həmişə qonum-qonşuya ürəyi yanıb, nə lazım olubsa, kömək edib. Elə buna görə qonşular onu Müşi deyə çağırıblar:
 
"Müşfiq 8 martda anadan olub. Dərslərini yaxşı oxuyurdu. Orta məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə verdi. Azərbaycan İqtisad Universitetinə qəbul olundu. Amma ödənişli olduğu üçün təhsil haqqını ödəyə bilmədik və o, oxuya bilmədi. Daha sonra əsgər getdi. Əsgərlikdə kəşfiyyat kursunu keçdi və kəşfiyyatçı kimi əsgəri xidmətini başa vurdu. Ordudan tərxis olunandan sonra Bakıda təkər təmiri sexində işləməyə başladı. Sentyabrın 21-də ona səfərbərlikdən zəng edib rayona çağırdılar. Onu yola saldıq. Sentyabrın 27-də kimi hər gün telefonla onunla danışırdıq. Sentyabrın 27-də döyüşlərə başladı. Suqovuşanın azad edilməsində xüsusi xidmətləri olub. Ermənilərin kazarmalarını partladıb. 
 
Oktyabrın 5-də 12 nəfərlik qrupla əməliyyata gediblər. Düşmənin postunu alarkən beş nəfər uşaq şəhid olub və onlardan da biri Müşfiq olub. Oktyabrın 8-də yuxuma girdi və dedi ki, "ata, ağlama başını dik tut. Anamı qoyma ağlamağa”. Artıq onun şəhid olduğunu bilirdim. Oktyabrın 18-də xəbər gəldi ki, şəhid olub. Gedib cənazəsini gətirib böyük izdihamla dəfn etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
 
Şəhidimizin anası Rəsmiyə xanım söhbətimizə qoşulur:
 
"Müşfiq uşaqlıqdan vətənpərvər uşaq idi. Hamının hörmətini qazanmışdı. Özü əsgərlikdən gələndən sonra işləyirdi və bizə də köməklik edirdi. Mən övladlarımı çox çətinliklə böyütmüşəm. O, həm də Aprel döyüşlərində də iştirak edib. Çox əziyyət çəkib Müşfiq. Oktyabrın 2-də danışdıq dedi ki, Suqovuşana bayraq sancdıq. Onda hamımızla halallaşdı. Daha sonra onun şəhid xəbərini aldıq. Onun doğum günü həm də mənim bayramım idi. 8 martda doğulduğu üçün o mənim ən böyük hədiyyəm idi”.(moderator.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az