AA- AĞ ADAMın AA-sı – Ağcabədi Arzusu

AA- AĞ ADAMın AA-sı – Ağcabədi Arzusu
 
Aydın Canıyev
 
Aqil Abbas haqqında bir yazını birmənalı yazanda alınmır. Ondan gərək iki dəfə yazasan: bir dəfə "vicdansız” adamlar üçün, bir dəfə də vicdanlı adamlar üçün. Mən indi oxucular üçün üç müstəvidə yazıram - seçilərə görə həm də!

... Mollasının sözüylə mütəfəkkirinin meyiti üç gün ortada qalan sələflərin xələflərinə birini müsbət kimi təqdim etmək çox çətin məsələdi!
Deyilənə görə, Yer planetindəki 10-11 milyard insandan 3-4 milyardı müsəlmandı və birmənalı şəkildə Allahın ədalətinə inanırlar – ortada hər gün elə o Allaha inananların zülmü ərşə qalxır!

Zülmkarını sevən Yer üzünün bir parçasında – gözəlim Azərbaycanda xeyirxahına dəyər gözləmək bir az şübhəli və həm də daha çox çətin məsələdir!
Aqil olan adil olar, adil olan Şah Abbaslıq eşqinə düşər – fəqət... nə Aqil Abbasın dostlarının, oxucularının, seçicilərinin, əlqərəz, soydaşlarının AQİLLİK İQ-sü adilliyə birmənalı şəkildə adekvatdı, nə də ictimai-siyasi, sosial-iqtisadi durumları ŞAH ABBASlığa ekvivalent!

AQİL görüntüləriylə ŞAHABBASLIQ iddiaları təkcə Aqil Abbasa münasibətdə deyil, hər kəsə qarşı ƏDALƏTSİZDİR! O ki qaldı ölkədə MƏTBU OXUCULARIN QARŞISINA ilk müstəqil "ƏDALƏT” ictimai-siyasi hüquq qəzetiylə meydana çıxan Aqil Abbasa, hələ müstəqillikdən öncə ƏDƏB(l)İ-BƏDİİ OXUCULAR "Batmanqılıınc”la tanıyırdılar və yaxud da tanımalıydılar! Amma "Batmanqılıınc”ın müəllifinə "sağ ol”unu vaxtında deyib, təşəkkürünü qədərincə etməyən o qısır və xəsis BƏDİİ(yyat) OXUCUSU marıqda durub, hirsini-hikkəsini MƏTBU OXUCU sifətində özünü "insan hüquq və azadlıqları, söz və mətbuat demokrasisi” üstündə siyasi spermalarla mayalandırıb kəmfürsətcəsinə... AN gözləməklə mahiyyətini ortaya qoymaqda israrlı oldu, israrlıdır! Məqsəd bəlli idi: Aqil Abbasın mahiyyətini "tanıtmaq” – nə oldu, nə etdilər? Öz mahiyyətlərini ortaya qoydular!

Halbuki ilkdən ilk olanı ilkindən anlamaq lazım idi: missiya deyilən bir ilahi yük var seçilmişlərin çiynində. Aqil Abbas o missiya yükü çiynində olanlardandır!
Başlayaq lap əvvəldən...

Aqil Abbasov... kolxoz sədri Məhəmməd kisinin oğludu. Hər yardımı ovsanaya düşən anası "qızıllı Solmaz”ın kübarlığıyla böyüyüb!


S.M.Kirov adına ADU-nu bitirib – sovet vaxtında! Hələ avtobioqrafik-statistik göstəricilərindən görünəni bu ki... adamın həyatı tam düzənində, həm evindən görüb, həm də özü görünən olub!

Mənə cavanlığından danışılan Aqil Abbas mənim və milyonlarla Azərbaycan gəncinin sərgiləmək istədiyi "lotu oğlan” obrazını nümayiş etdirib! Ən azından portfel tutan, sumka daşıyan, ləbbeyk deyən, "bala saxlayıram” deyib hər cür əclaflığa baş əyən olmayıb!
Keçdik mənim nəzərimdə "vicdansız”lıq edənlərin "ittihamlar”ına.

Adama (mən bunu ağızbəhəmlik də yox e, əxlaqsızlığın maksimumu sayıram, amma yenə də münasibətimi bildirməməkdən qaçmıram) irad tuturlar: Məmməd Arazın yeznəsi...

Durub qayıdasan ki, ay dəmşalaq, Məmməd Araz boyda kişinin qapısına razılıq almağa getməyə, əvvəla, adamın S.M.Kirov adına ADU-da Qulu Xəlilli boyda bir ədəbi tənqidçi, professor, dekan olmuş ağsaqqalı olmalıdı sənin qoyun qığından artığına əl uzatmağa haqqı olmayan ağsaqqallarından fərqli olaraq, ikincisi də ki, İradə Məmməd Araz qızı kimi bir özündənrazı, heç kimə qaynayıb-qarışmayan, kaprizli, kübar qızdan cavab almaq şarmı, üstünlüyü olmalıdı – İradə İbrahimova evdə qarıyıb qalan qız və Aqil Abbas da evlənmək istəyən yeganə namizəd deyildi axı, ay fb-də, həyatda yiyəsiz-kimsəsiz qızların-qarıların heç biri ilə uyuşub ortaya ailə qoya bilməyən ...şüdə! Bu sevginin və yaşamın bütün anları "AA- AĞ ADAM”da var. İrad tutanda, replika atanda bir öz ata-ananın, bir özünün yaşamına bax, gör, 30 ildən sonra səndən nə deyiləcək, nə yazılacaq, hələ atanla ananı qatmıram!

Keçək AA-nın – AĞ ADAMın ən azından mən şahid oldğum 30 illik xidmətlərinin danılma(zlı)ğına.

Paah! Adam deyibmiş ki, soğan ək! Bir demişəm, bir də deyim: desəydi "inqilab edək”, edəcəkdiniz? 30 ildi "inqilab edək” deyənlərin üzünə duranlar siz deyilsiniz daldeylərdə???

Adam deyib ki, atamı 932 dəfə söydülər...


Anladığınız elə o qədərdi: siz o səmimiyyətin altında nə boyda həqiqətin yatdığını tutsaydınız, 932 dəfə yerin altına (heç olmasa - metroya) girərdiniz – budur o həqiqət: 932 nəfər dəqiqdir ki... nankor var bu fb-də! 932 nəfər 30 ildə (hələ mən şahid olduğum illəri sayıram) iş otağının və evinin qapısına gələn, tanıdığı və tanımadığı minlərlə adamın yardımçısı olmuş birinin yaxşılıqlarına, xeyirxahlıqlarına tüpürən cəhənnəmə, hətta söyən var!

Bu yaxınlarda oxuduğumdu: bir azərbaycanlı hərbi xidmətdə onun anasını söyən əsgər yoldaşını meyitinə çırpır. Komandir məsələnin nə yerdə olduğunu biləndə izah edir ki, ay danqabaş, bu, əsgərlikdə ağız sözüdür rus mentaliteti üçün və rus dilində. Görür anlamır, aparır evinə. Deyir söy anamı! Qayıdır ki, mənim tərbiyəm yol vermir. Komandir əmr edir ki, söy anamı! Bizim danqabaş da söyür. Komandir anasından soruşur: "Ana, bir şey hiss elədin?”
Aqil Abbas səmimiyyəti ilə bu həqiqəti başa saldı! Halbuki onun leksikonundakı ucugüləbətinli və onikitaxtatuman söyüşlərin "NZ”-si ("neposredstvennaya zapas” – toxunulmaz ehtiyat) folklorumuzu heyrətləndirəcək qədərdir!

Həqiqətin o biri çaları da bu ki:

Həzrəti-Əli bir gün atla yol gedirmiş. Görür biri qıraqda uzanıb zarıyır. Düşür atdan, qoyur atın belinə. "Xəstə” atın belinə qoyulan kimi, atı məhmizləyir, tərpənir. Həzrəti-Əli qəhqəhə çəkir! At oğrusu yüyəni dartır, atın başını çevirib soruşur:
- Niyə və nəyə gülürsən?
- Bədbəxt, mən həzrəti-Əliyəm e! Kimə desəm, atını  bağışlayar mənə, amma sən insanlarda yol kənarında xəstə və köməksiz bimarlara yardım etməmək ənənəsini qoydun!
At oğrusu atı qaytarır!
O ki qaldı... "soğan ək” deməyinə, onu da elə yox, belə bəzəmək lazım idi:
Bir gün el-oba yığışıb Bəhlul danəndədən qış üçün neyləmək lazım olduğunu soruşur. Bəhlul da qayıdır ki, dəmir yığın. Bəli, dəmir yığırlar, növbəti il qış soyuq gəldiyindən peç düzəltməyə böyük ehtiyac yarandığındanel-oba dəmir satışından əməlli qazanır. Yenə gəlib soruşurlar:
- Bəhluli-divanə, bəs bu il neyləyək?
Bəhlul danəndə də deyir:
- Soğan əkin!
Bəli, hamı soğan əkir. Heç kim də soğan almır. Soğan qalıb çürüyür. Qayıdırlar ki, bəs inişil dedin elədik, qazandıq, ötən il dedin elədik, ziyan etdik. Sirri nə?
Bəhlul danəndə:
- İnişil mənə Bəhlul Danəndə deyə müraciət etdiniz, ötən il Bəhlul Divanə. Danəndə kimi deyəndə qazandınız, Divanə kimi deyəndə, ziyan etdiniz!
Ay qardaşım-bacım, atam-anam, oğlum-qızım, sizə danəndə kimi deyənlərə qulaq asıb neylədiniz ki?Siz inqilab etməliykən, səsinizi qorumalıykən, haqsızlığa dözməməliykən, durub "çörəyim yoxdur, işim yoxdur” deyirsən, sənə nə deməlidilər – istər Aqil Abbas olsun, istər Aydın Canıyev!?

Hadı Rəcəbli deyir divar hör, Aqil Abbas da deyir soğan ək – nə divar hörürsən, nə soğan əkirsən!

Aqil Abbas yenə də bir boy Hadı Rəcəblidən kişidir: demir ki, "məni xalq seçib ki, onun problemlərini həll edim?” Aqil Abbas deputatı olduğu rayonda nə mümkündüsə edib! Deputat olmayanda da edib: mən onun Ağdam, Qarabağ sevgisiniə aid minlərlə misal gətirərəm! Mən onun Azərbaycan adına, vətən adına aylarla döyüş bölgələrinə daşınmağından yüzlərlə fakt qoyaram ortaya! Ancaq mən Hadı Rəcəbliyə anasının doğulduğu kənddə 25 ildir kəndarası məhəllə yollarına çınqıl tökdürə bilmirəm! Əlli dəfə yazmışam – ANS-də səsləndirməyəcən! Amma Aqil Abbas olsaydı, bircə dəfə qapısına gedib demək bəs edərdi!

Yağnan şorun fərqi bilinməyən ölkədə Aqil Abbasın üç fikrini dəstavuz edib 932 dəfə söyülməsini, dəfələrlə və həm də kəmfürsətcəsinə marıqda durub adı çəkiləndə baş qaxıncına döndərmək kişilikdən deyil... ən azından!

Mən cəsarətlə və iddia ilə deyirəm: siz olun deputat, amma Aqil Abbas kimi olun! Sizi söyənləri özüm güllələyərəm! Olmursunuz axı!

Olmağınız da MSK-yacan olur – azmı gördük bu 25 ildə "rejim, diktatura” deyənlərin təmsilçilərinin 100 min dollara hər şeyindən keçməyini, gedib Şamaxıda ferma açmağını?

Aqil Abbası daha çox həzm etməyənlər daha çox və lap əvvəldən satılanların tərəfdarları hədəfə alır!



 Bir dəfə... ikilikdə, məclisdə dediyi sözü ictimailəşdirməyə çox pis baxan Hikmət Sabiroğlu ilə rastlaşdıq, durumumu görüb, halıma acıyıb, gileyimə ürək yanğısı ilə belə reaksiya verdi:

- Aydın, guya sən Sahib Alıyev olsaydın, kim sənə nə deyərdi ki?

Yazı buracan 7777 işarədir! Bu hissə "vicdansız” oxucular üçündür. Amma bundan oyanası "vicdanlı” oxucular üçün: işarə sayı 100... milyondur: Sadəcə, "Lənkəranın deputatı... hələ də Hadi Rəcəblidir”, "Lənkəranın deputat maaşını hələ də Hadi Rəcəbli alır” tipində BİRCƏ CÜMLƏSİYLƏ ölkəsinin faciəsini çatdıran AA-AĞ ADAM haqqında gözünüzə görünməyən o 100 milyon işarəni oxuya bilmək üçün ipucu verirəm: "Ədalət” qəzeti və sayı-hesabı bilinməyən insanlıq nümunələri!
Seçicilər üçün isə... yazmağa ikicə cümlə var: siz çox xoşbəxt insanlarsınız – SİZİN DEPUTATINIZ Siyavuş Novruzov, Hadı Rəcəbli, Cavanşir Paşazadə, Aydın Hüseynov, Xanhüseyn Kazımlı, Azər Badamov-filan deyil. Əziz ağcabədililər, özünüzü qazaxlılar kimi aparmayın heç olmasa, İlyas İsmayılov onların deputatı olanda, Qazaxın, Tovuzun adı tez-tez çəkilirdi. Elə edin ki, Ağcabədi də Qazax-Ağstafa-Tovuzun gününə düşməsin! Sevinin ki, Aqil Abbas namizədliyini verib!

YAZIYA SÖZARDI: Aqil Abbas deputat olmadan da, onun əleyhinə çevrilən fikirləri səsləndirmədən də hər zaman üzdə olub, sevimli olub. Siz rusun anası söyüləndə heç nə hiss etmədiyi kimi, onda da, indi də heç nə hiss etməmisiniz, etmirsiniz, etməyəcəksiniz də!

Zülmkara səcdə edənlərdən, mütəfəkkirinin meyitini ortada molla sözü ilə saxlayanlardan yazıçıya, redaktora, xeyriyyəçiyə ehtiram çətin məsələdir!
Danəndələrin divanə görüldüyü məmləkətdə işıq gələn tərəfi göstərməyi özümə borc bildim. Hərə öz yolunun sonuna çatanda biləcək... doğru dediyimi!
Aqil Abbas malik olduğu bütün imkanlarıyla deputat olmadan da deputat olub – İlahidən missiyası bu! Amma deputat olandan bir az imkanları azalıb... day yaza bilmir: "Azadlıq” qəzetinin baş redaktoru maaşını hələ də Qənimət Zahid alır” və yaxud da "Azadlıq” qəzetinin baş redaktoru hələ də Qənimət Zahiddir”
Siyasi müxalifətin "ən qatı” sayılan olmayan qəzetinin baş redaktoruna bu xalq hələ də qulaq asırsa VƏ... Aqil Abbas hələ də deputat olmaq istəyirsə... bu xalqın yetimləri gələcəyə olmasa da, sabaha ümidlə baxa bilər!

 
Fotolar Əzizə İsmayılovanın arxivindəndir!
 
Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az