Pentaqon rəhbəri daha sonra jurnalistlərə bildirib ki, hava zərbələri uğurlu olub və Birləşmiş Ştatlar bundan sonra da İran və ya onun dəstəklədiyi qüvvələri cilovlamaq üçün zəruri addımları atacaq.
Mark Esper qeyd edib ki, dünənki hücum İrana bağlı qüvvələrin İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə hücum imkanlarını zəiflədəcək. Müdafiə naziri Amerika aviasiyasının Suriya ərazisində də İrana bağlı qüvvələrə zərbələr endirdiyini açıqlayıb.
"Hava zərbələri F-15 qırıcılarının köməyi ilə həyata keçirilib. Bütün təyyarələr əməliyyatdan sonra öz bazalarına geri dönüblər”,-Esper bildirib.
KİV-lər xəbər verir ki, İran öz ərazisində, Əl-Qaim bazasını qorumaq üçün "Bavar” zenit-raket kompleksləri yerləşdirmişdi. Lakin belə görünür ki, həmin komplekslər Amerika aviasiyasına qarşı işə yaramayıb.
İraq prezidenti Bərham Saleh bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələrinin ötən gecə Əl-Qaim şəhəri ətrafına endirdiyi zərbələr Vaşinqtonla Bağdad arasında əldə edilmiş anlaşmanın pozulmasıdır. Onun sözlərinə görə, ABŞ İraqın milli suverenliyini pozur və dünənki aviazərbələr "tamamilə yolverilməz” idi.
Qeyd edək ki, bundan əvvəl İraqda Amerika hərbçilərinin də dislokasiya edildiyi bazalara İrandan dəstəklənən və "Hizbullah”ın qolu olan "Xətaib Hizbullah” qruplaşmasının yaraqlıları tərəfindən raket zərbələri endirilmişdi. Bu günlərdə Kərkük yaxınlığında edilən belə hücumlardan birində Pentaqonla müqavilə əsasında işləyən amerikalı mülki şəxs həlak olub, bir neçə amerikalı və iraqlı hərbçi yaralanıb. ABŞ belə hərəkətlərə görə İrana və onun dəstəklədiyi qüvvələrə qarşı sərt cavab verəcəyi haqda xəbərdarlıq etmişdi.