Adı üstündə: Sadiq

Adı üstündə: Sadiq
 Və yaxud El yeriyər... ELYERə çatmaz!
  
Aydın Canıyev

Biz ədəbi qəhrəman axtarırıq.
Biz zirək oğlan axtarırıq.
Biz intellektual vətəndaş axtarırıq!
Biz yaxşı dost, simsar, sirdaş axtarırıq!
Biz məhrəmətli, humanist soydaş axtarırıq!
Biz kinoman, qurman, meloman, "kniqoman" axtarırıq!
Biz "yaxşı oğlan", "məələ uşağı", "svoyski paren", "prikolşik" axtarırıq!
Biz ondan da yaxşı olmayan qardaş, sevimli, can qurban edəsi əmi axtarırıq!
Biz tərbiyəli, əxlaqlı, ömrü etibar edəsi, ailə üzvü sayılacaq qədər ləyaqətli kişi axtarırıq!
Sənətini, işini mükəmməl bilən, sözündə, əməlində düz olanı axtarırıq - bütün sahələr üzrə!
 
Bu axtardığımız üstün keyfiyyətlərin hamısı birində olanı axtarırsınız, amma siz tapmamısınız - istisnalar öz yerində. Amma mən... tapmışam. Özü də mənim dostumdu!
Hamısı birindənin adı Sadiq Elyerdi - allah haqqı, familiyasını bilmirəm! Bildiyim odu ki, bizim kəndin içindən keçib gedən yolu bir xeyli gedirsən və düz çıxırsan yolun üstündəki evlərinin üstünə. Ora artıq Lüvəsər kəndidi. O evin yiyəsi də Əbdül müəllim. Bax o hörmətli, nüfuzlu, səliqəli, dəyərli, sevimli Əbdül müəllimin oğludu bu Sadiq!

Sadiq həyata kino kimi baxan adamdı. Özü də sənətkarcasına! Bütün mətnləri kino ssenarisi kimi oxuyur. Bütün mətnlərin leksikologiyasına hələ ki, bu gözəlim Azərbaycanda bir özünün məşğul olduğu, bir də müəllim saydığı, "Camal əmi" dediyinin bildiyi elmin prizmasından nəzər yetirir - başı kompüter çipidi: bütün informasiyalar avtomaik olaraq "mərkəzi bank"a yığılır, "analitik-informasiya mərkəzi"ndə təhlil olunur, sonra "dəyər şkalası"na çıxarılır qiymətləndirmə üçün. "İQ barometri" də demək olar.

SÖZARASI deyim ki, bu tip cəmi üç nəfər tanıyıram Sadiqlə birgə külli-Azərbaycanda: biri Camal əmidi - mənim məndən xoşu gəlməyən həmkəndlim: SÖZARASININ SÖZARASINA BİR QAT DA ƏLAVƏ deyim ki, Camal əmi kənd təsərrüfatında aqrar işlərin görülməsi üçün 32 funksiyaslı aqreqatı kustar üsulla icad edib. Qayıdaq təqdimata: o biri də Moskvada yaşayan Elşad Ramazanovdu - Lənkəranın Aşağı Nüvədi kəndindən! Şahmatda "Talış debütü"nün müəllifi. Moskvanını uşaq şahmat məktəblərində bu debütün oynanması rəsmən qadağan edilib girəcəkdə qapıdan asılıb! "Duratskiy debyüt" də deyirlər.
Sadiq dilçilikdə sözlərin etimologiyasını tamam orijinal və məntiqli əsaslarla açıqlayır, dillərin nüvə vahidliyi konsepsiyasını morfolologiyada yeni mərhələ mərtəbəsinə qaldırır: allah eləməmiş, Sadiqin sözlərə təsnifindən xəbərdar olsan... eynən hesab edin ki, "Talış debütü" ilə qarşılaşan uçağın halındasan: beyin tormozlanar, əl quruyar, dil lal olar.
Nə Camal əmi, nə Sadiq dost, nə də Elşad bəy... hələ ki, bu ölkəyə lazımlı sayılmır! Əslində, bu üçünü bir araya gətirib "üçü birində" - elm-fəlsəfə-inanc - inqilabına nail olmaq olardı!

Həqiqətdə isə, Sadiqlə bir orbitin adamı deyilsənsə, "kəllə atmaq" eşqinə düşüb tanışlıq üçün ilk cəhdin həddən artıq "təhlükə"lidi: nokaut ustasıdı adam! Belə deyək, "bilmədən" elə burnunu ovuşdurar ki, dəqiq bilsən də ki, "doqquzluğa" atdı, amma və lakin... özün gedib sidq-ürəkdən axtararsan, əl çəkməzsən, nə qədər də desə ki, "get, o yanda oyna"! Bu keyfiyyətinə görə, sırf "prezident imicmeykeri", yəni...
Sadiq gözəl oxucudu, əvvəldən dediyim kimi, həm də ssenarist gözüylə, sənətkarcasına: ən qəddarcasına belə düşmən saydığın, nifrət etdiyin imzanı təqdim edər, "izyüminka"nı önərər, "mıqq" eləmədən oxuyarsan, bəyənərsən, təqdir edərsən! Və bunu... dost, ya da simpatiyasına görə etməz! İlahi Sözün ədalətinin təntənəsi üçün edər!
Sadiq... siyasi həyatın atişləməz yollarında itib-batmayasan, quşqonmaz qayalarında büdrəyib yıxılmayasan deyə, medium və ekstrasens dəqiqliyi ilə o qədər müdrik təklif verər ki, yalnız dəlixana pasiyenti razılaşmaz!
Sadiq sosial-psixoloji durumların ən mükəmməl loğmanı: hətta ən yüksək dozalı "etaperazin" və "amitriptilin" belə lokallaşdırmaq gücündə deyil yerindən oynamış hisslərinin yaratdığı tarım əsəbləri sakitləşdirməyə, səni yuxulatmağa!
Sadiq... hətta ən qatı cinayətkarın məhkəməsində belə.... açıq-aşkar iştirakıyla hakimə və ittihamçılara varlığıyla diskomfort yaradacaq... pozitivlikdə!
Sadiq... tanıdığı heç bir kəs haqqında yanında qeybətə imkan verməyən, ittiham ciddi olduğu halda, məntiqlə "rəqib" kimi çıxış edəni haqsız duruma salacaq qədər ədalətli: adam yoxdursa, onu ittiham edirlərsə, kimsə onu müdafiə etməlidirsə, məhz Sadiqdir o adam!
Sadiq kasıblaşdığı, miskinləşdyi kosmik sürətlə də milli-mental, əxlaqi-etik dəyərlərdən imtinayla da "qloballaşan, postmodernləşən" kütlənin içində Azərbaycan xalqının ən üstün dəyərlərini qoruyan iki nəfərdən biri - o birisi Zahir Əzəmət!
SİRRAÇMA: Mən ədəbi mühitin çox dərnəklərindən, birliklərindən pərvazlanan "azadlıq havalı", "komplekssiz", "full" və "cool" "gözəlçə"lərini gördüm, dərdləşdim, etiraflarını dinlədim: içi özümqarışıq, ölkəyə mübarizədən, əxlaqdan, ədəbiyyatdan dərs keçən o qədər "ulu öndər"lərin "zəif bənd" olduğundan xəbər tutdum ki!!!
Bu təkcə... Sadiq Elyerə və Zahir Əzəmətə şamil olunmadı!

Elə bu iki nəfərin də xətrinə yazmışam, vurğulamışam yazılarımda: kişilikdə hörmətdən düşmək istəmirsənsə, fahişəylə... sadəcə, qadın-müsahib kimi rəftar et, bundan artıq yox! Əks təqdirdə, həyatına murdarlıq qatan fahişə, - dəxli yoxdur, o şairədi, yazıçıdı, jurnalistdi, müğənnidi, aktrisadı, ya hər kimdi, - səni elə hər yerdə öz müştərisi kimi təqdim edəcək, çünki sən olduğun ucalığı şəhvətinə qurban vermisən!
Bir dəfə "zəmanəmizin Aysedora Dunkanı" haqqında ittihamedici şəkildə danışanda (mənə ayıb olsun! - A.C.) Sadiq gözəl şəkildə  ağzımdan vurdu: "gör nə qədər adam onunla görüşəndə, sadəcə... başını onun dizinə qoyanda cəmiyyətin, dövlətin, həyatın vurduğu zərbələri unudur!"
Sadiq... bütün təhlükəli hücumları novatorluq məharəti, liderlik (şişirtmirəm: məhz liderlik!) bacarığı ilə ən təhlükəli və üstəlik də haqlı rəqibi bir neçə dəqiqəyə zərərsizləşdirmək müdrikliyindədi! Belə məharəti... təkcə Heydər Əliyev nümayiş etdirib!
Sadiq Elyer yeganə rəqibdi ki... onun üstünə əl-qolla gedilməyib! Mənasızdı... həm də ona görə ki, Sadiq dil pəhləvanı olduğu kimi, həm də qol pəhləvanıdı: armrestlinq üzrə əlinin dalını yerə vurduğu o qədər oğlan olub ki!
Sadiq bu mənada qənirsizdi: yıxa bilmədiyi əl olmadığından öpdüyü əl də yoxdu!
Sadiq yaxşı qardaşdı, əmidi, dayıdı, - demişdim: sözlə heç nə deməyəcəm: şəkillərə baxın və əmin olacaqsınız ki, o qardaş, bacı uşaqlarının gözlərində dünyaya və allaha nə minnətdarlıq boylanır!
Sadiq yaxşı dostdu, - demişdim: cəmi bircə gün Lənkəranda, o da cəmi iki saat məndən ayrı düşdüyü üçün, anında qurulan tələnin qurbanı oldum, yalnız səhərisi bildim ki, mən azadlıqdan məhrum olunuram!

Sadiq "kniqoman"dı, - demişdim: haçan harda görsəniz, sumkasına əl atın: minimum iki kitab var - Seymur Baycandan, Şərif Ağdan, Corc Oruelldən, Fransuaza Saqandan, Murakamidən, Murad Köhnəqaladan nəsə görəcəksiniz. Ayxan Ayvaza da rast gələ bilərsiniz, Əsəd Qaraqaplana da, Mirmehdi Ağaoğluna da, Pelevinə də, Kafka, Folkner...
Sadiq ssenari kimi baxır mətnlərə, - demişdim: statuslarını eşələyin, görün: Ayxan Ayvazın hekayəsinə necə yanaşıb, nə üçün paylaşdığını anlayın. Seymur Baycanın köşə yazısını hansı məqamına görə vurğulayıb, "oxuyun siz də", - deyib!
Sadiq leksikologiyanın mərtəbəsini ucaldır, - demişdim, fb-də istənilən bu mövzulu statusuna baxın, amma xahiş də edirəm, itib-batmayın oralarda, geri dönmək üçün özünüzlə kanat da götürün!
Biz zirək oğlan axtarırıq, - demişdim, baxın paylaşdığı şəkillərə: adam sənətşünaslıq fakültəsini bitirib, iş yoxdu, amma kiməsə giley eləmir, kiminsə qapısına getmir, hökümətin az maaaşlı işlərində işləyib özünə dövlət qulluqçusu kayfını acqarına yaşatmır, lazımdısa, yay mövsümündə dənizdə çayxana, qış mövsümündə maşın bazarında menecer işləyir!
Özü də manyakcasına, şöhrətpərəst yazarlar kimi, "mən şairəm, mən yazıçıyam" deyib dədəmizin də, özümüzün də ona borclu olduğumuzu xatırlatmır - eynən də bu mərdanəliyi mənim çoxsaylı dost və böyük saydığım Etibar Etibarlı, Zahid Sarıtorpaq, İlqar Rəsul, Ramiz Qusarçaylı, Ayaz Arabaçı, Zakir Məmməd kimi dəyərli söz adamları ilə bir səviyyədə edir!
Sadiq... "20 yaşında cavan, 30 yaşında güclü, 40 yaşında... buraxaq, 50 yaşında müdrik" deyəcəyim dostlardandır. Hesabnan indi - 40 yaşında Sadiq varlı olmalıydı: "bu ölkədə kim varlı ola bilər" kriterisi varsa, Sadiq varlı deyilsə, günah Sadiqdə deyil!
Həə... daha nə demişdim Sadiq haqqında?
Nə demişəmsə, düz demişəm, hələ lap az demişəm bu mərhəmətli oğlan haqqında!
Sadiq hər gün görüşdüyüm də deyil, danışdığım da! Sadiq statusumdan havamı tutan, ovqatımı bilən, mənə faydası, təsiri olmayacağı təqdirdə aramayan, ancaq kritik həddə çatanda həmən özünü yetirən dostumdu!

Sadiq hər gün 6-7 kilometr yolu şəhərdən kənddə piyada getdiyim - nə yoldan, nə söhbətdən yorulmadığım həmsöhbətdi!
Sadiq roman qəhrəmanıdı - siz o romanı mən ölən günün səhəri çıxacaq kitabından oxuyacaqsınız!
Sadiq həyatın, cəmiyyətin, dövlətin bütün basqılarından məhrumiyyətlərindən mərd çıxan, dik qalan, vicdanlı vətəndaşdı!
Sadiq... evində çörək olmayan dostuna minləri verib, işsiz günlərində minlərin sahibi etdiyi o dostdan qəpik ummayan dostdu!
Sadiq... sup içməyə dəyərli bildiyi bir kimsə yoxsa yanında, 40 il ac qalar, amma 40 quruşluq dəyəri olmayan biriylə bir stol arxasında oturub kabab yeməz - məndən və çoxlarından fərqli olaraq!

Sadiq nə dostdan, nə düşməndən, nə kişi bildiyindən, nə də... imkansız durumda əlinə düşən qadından yararlanmaz - bu günə qədər belə olub! Səlahiyyətindən heç öfkələnməz e, heç!
Sadiq təkcə bir şeyi bacarmır: Rusiyada, İtaliyada, Türkiyədə, çox yerdə pul qazana bilər, amma Azərbaycanı və onu Azərbaycana bağlayan insanları qoyub gedə bilmir: bütün qohum-əqrəbasını da yığıb apara bilər, amma Aydın kimi, Zahir kimi, Ramin kimi dostları qoyub gedə bilmir! Bax, bunu bacarmır bu "məələ uşağı", bu "svoyski oğlan"...
Çünki Sadiq bilir ki, kim kimdi!
Siz də biləsiniz deyə, Sadiqdən üç yarpaq...
Bu Sadiqdən anekdot:

Məhiylə Nəhi söhbət edir. Məhi:
- Nəhi, bax, bir gün sən öləcəksən. Səni qoyacaqlar qəbrə. Qəbrindən ot bitəcək. Otu inək yeyəcək və səni "o söz". Baxanlar deyəcək ki, gör kim idi, nə oldu!
Nəhi:
- Məhi, bax bir gün də məndən sonra sən öləcəksən, səni də gətirib basdıracaqlar, qəbrin üstə ot bitəcək, o otu inək yeyəcək və "o söz". Baxanlar deyəcək... "əvvəl də "belə"ydi, indi də ""belə"di"...
 
 
Bu da hekayəsi:
DUZLU KOFE
 
(Sadrik Elyer)
 
 
1998-ci il Bakısının payız aylarından birində, "Nizami” kinoteatrında Çin filmlərinin numayiş olunduğu həftəydi.
Numayiş olunan filmlər festival qaydalarına uyğun olaraq, dublyaj olunmadan, alt yazıları ilə göstərilirdi. Gözlərim zəif gördüyündən, filmin alt yazısını oxuya bilmir və baxdığım filmləri, demək olar ki, ümumiyyətlə anlamırdım.
Ancaq həm qələbəlikdən xoşlandığımdan, həm də İncəsənət Unveristetində təhsil adığımdan, filmləri izləməyə hər gün gəlirdim. Kinoteatrın binasının birinci mərtəbəsində bura aidiyyətı olmayan  bir kafe var idi.
Əslində, kafe, sadəcə çayxana xidməti göstərirdi. Yəni, bu kafenin  menyusunda bir neçə spirtsiz soyuq içki, çay və kofedən başqa heç nə yox idi.
Kafenin özəlliyi isə müştərilərinin hər iki cinsin nümayəndələrinin olmasından, bu məkanda bu özəlliyin doğrudan da adi qəbul edilməsindən ibarət idi.
Müştərilərə xidmət göstərən  ofisiant xanimlar da bu özəlliyə qırmızı rənglı qısa yubka və qırmızı boyunluqlu ağ rəngli koftaları ilə daxil ildilər.  Qabartmağa səy göstərdiyim bu özəllık 98-ci il Bakısı üçün xarakterik deyildi.
Beşinci gün idi ki, film numayişi vaxtından təqribən bir saat əvvəl məkana gəlir, kafenin on addımlığında durub, içəri girib-çıxan müştərilərə göz qoyurdım.
Müştərilər də demək olar ki, eyni adamlar idilər. Hər gün gördüyüm cütlükləri eyni vaxtda təkrar görürdüm. Onların çox sərbəst və xoşbəxt görünüşləri var idi. Hər halda mənə belə gəlirdi. Axı mən zəif görürdüm.
... Çin filmləri həftəsinin beşinci günü numayiş olunan filmində bir cavan çinli qadın cavan çinli sevgilisi üçün kofe hazırladı. Olsun da ki, əri idi. Mən ancaq hərəkət edən şəkilləri izləyirdim. Bəlkə də yaşlı idilər. Onsuz da çinlilərin yaşlarını müəyyən etmək elə də asan iş deyil.
Şəkildən anladığım o idi ki, qadın da, kişi də olduqca həyəcanlıdılar və bir-birlərindən nə isə gizlətməyə çalışırlar, ya də əksinə, indicə nə isə mühüm bir olayı etiraf edəcəklərmiş kimiydilər.
Qadin hazirladığı kofeni kişinin qabağına qoydu. Kişi də  qadına baxa-baxa, qarşısında olan üç qabın birindən qaşıqla nə isə götürüb, fincana boşaldıb, qarışdırmağa başladı. Sonra kofedən bir qurtum içıb, həmən də ağzındakıları cəld hərəkətlə kənara puskürdü.
Sonra hər ikisi gülməyə başladı. Mən də güldüm. Zalda sakitlık idi. Hamı dahiyanə görkəm alıb filmi izləyirdi.  Mən gülməyimi dayandıra bilmədiyim üçün zalı tərk etməli oldum.
Beynimə mənə görə əla olan bir ideya gəlmişdi.
Bu idyeanı gerçəkləşdirmək üçün mənə bir qutu "Marlboro” siqareti, bir ədəd "zippo” alışqan,
velvet parçadan enlibalaq şalvar, eyni parçadan quşqol köynək, qəhvəyi rəngdə enli dəri kəmər, bir cüt ucu iti, pariltilı qəhvəyi rəngdə ayaqqabı və bir qara eynək lazım idi.
Film numayişinin altıncı günü, artıq hərgünkü vaxtda sadaladığım gərəklərimdə, fərqli bir qiyafədə kafenin önündə idim. Filmin yayım vaxtına qədər mən ideyamı gerçəkləşdiməyi bacarmalı idim. Nəzərı olaraq, hər şeyi hesablamışdım. Kafedə müştərilər üçün nəzərdə tutulmuş doqquz stolun altısına xidmət göstərilməkdəydi. Içəri daxil olub, üç boş stoldan qapıya ən yaxın olanına yaxınlaşdım. Siqaret və alışqanı numayişkanə tərzdə stolun ustünə buraxdım. Oturacaqlardan birini, hər kəsi rahatca izləyə biləcəyim istiqamətdə rahatlayıb oturdum. Tamaşamın başlanğıcı gözlədiyim nəticəni vermişdi. Hər kəs aşkarca məni izləməkdəydi. Qısaətək xidmətçi xanım sanki qeybdən sol yanımda peyda oldu və əmrə müntəzir olan adamlar kimi, nə buyuracağımı səsləndirməyi gözləməyə başladı.
- mum kun sadur duzl kofe istadi m !
Mən, kəlmələri bacardığım qədər sındıraraq, xanımın çətin anlaya biləcəyi bir ləhcəylə sifarişimi səsləndirdim.
Xanım gülməyini güclə boğaraq soruşdu
- Nəə?
Mən, sifarişımi bu dəfə güya bir az anlaşıqlı tərzdə təkrar etdim:
- Mumkun sadur duzl u kofe is tadim m !
Xanım gülə-gülə, həm də üzünü barın arxasından bizə baxan iş yoldaşlarına tutaraq, səhvimi düzəldirmiş kimi, soruşdu:
- Duz?! Belke buz demek istəyirsiniz? Büzlu kofe, hə?
Mən kafedə olan hər kəsin rahatca eşidə biləcəyi qədər səsimə ton verərək:
- Yok-yok, noo... duz li... raşn... sol.. duz-duz.. duzli kofe. Çok?, - deyə sifarişimi bir də, həm də əlavələrlə təkrar etdim.
Xidmətci xanım iş yoldaşlarının yanına qayıtdı və onlar bu hadisəyə xeyli güldülər. İlk dəfə idi ki, duzlu kofe sifariş edən adam görürdülər. Müştərilər də bu arada gülmək məsələsində kafe işçiləri ilə həmrəy olmuşdular. Bu günə qədər kofenin duzla içilə bildiyini heç harda eşitmədikləri üçün bunu eşitmək onlara çox əyləncəli gəlirdi. Kofe aləmində belə bir sintezin olduguna heç televiziya verilişlərində də, filmlərdə də, kitablarda da rast gəlməmişdilər. Hər kəs mənim kimliyimin tapmaca oyununa başlamışdı artıq.
Mən isə sakitcə siqaret sümürüb, alışqan oynatmaqla sifarişimi gözləməkdəydim.
Bu arada üzümü bara tutub:
- lümon-lümon... yakşi?, - deye sifarişimə bir çeşid də əlavə etdim.
Mənə qulluq edən xanım:
- Yakşi-yakşi!, - dedi və bütün kafe əhli yenidən gülməyə başladı.
Bir neçə dəqiqədən sonra bir duzqabı, bir çay qaşığı, bir fincan qara kofe və nəlbəkidə doğranılmış limon dilimləri səliqə ilə stoluma düzüldü. Mən bir limon dilimini fincanda üzdürdüm. Sonra qaşığın ucuna azca duz alıb, kofeye qatdım. Qaşığı fincanın divarına toxundurmadan kofede rəqs elətdirməyə başladim. Mənə xidmət edən xanım başımın üstündə durub diqqətlə, tələbə müəllimini izləyirmiş kimi, hərəkətlərimə göz qoymaqda idi. Onu intizarda saxlamamaq üçün kofedən bir içim aldım və başımı əyib qaldıraraq, təşəkkür ifadəsini üzümdə canlandırdım. Xanım:
- Nuş olsun... bon appetit , - deyib yerinə qayıtdı.
Barın arxasında artıq həm mənim, həm də duzlu kofenin vətəni barədə ciddi araşdırmalara başlanmışdı. Fransa, İtaliya, Almaniya,  Kolumbiya... Lüvəsər...
Bu arada məndən iki stol irəlidə oturan otuz-otuzbeş yaşlı bir kişi:
- Bizə də duzlu kofe gətirin, - dedi və xanım dostundan soruşdu:
- Sən də istəyirsən?
- Sən bilmirsən mən ümumiyyətlə kofe xoşlamıram?
- Zarafat elədim də!, - kişi şit gülüşü ilə zarafatına son qoydu.
Aradan beş dəqiqə keçdikdən sonra mən sifarişimi bir də təzələdim.  Bu dəfə bayaq kofe sifariş edən kişi ofisiantdan bayaqkı sifarişinin aqibətini soruşdu. Xidmət edən xanımlardan biri onun ciddi olduğunu dəqiqləşdirdikdən sonra, sifarişi öz üzərinə götürdü və gecikdirdiklərinə görə üzr də istədi.
Duzlu kofe sifarişinə bir xanım da qoşuldu.
Kafeyə, mənim ikinci sifarişimdən az öncə təşrif buyuran cutluk də duzlu kofe sifariş etdi. Bu artıq ciddi qarşılandı.
Bu cütlüyün tamaşamızın başlanğıcında iştirak etməməsinə baxmayaraq, duzlu kofe sifariş edilməsi demək olar ki, hamıda çaşqınlıq yaratmışdı. Hətta duzlu kofenin olmasını indiyə qədər  eşitmədiklərinə görə utananlar da tapıldı.
Növbəti on beş dəqiqə ərzində artıq doqquz duzlu kofe sifarişi var idi!!
Bu arada hətta mən də hamı üçün adiləşmişdim. Filmin başlamasına az qalırdı. Mən hesabımı bağlamaq üçün üzümü ofisianta tutub:
- Zəhmət olmasa hesabı gətirin, - deyə təmiz Azərbaycan dilində, həm də heç bir söz sındıması olmadan dilləndim.
Kafeyə ani sükut və çaşqınlıq çökdü.
Mənə qulluq edən xanım hesabımın yazıldığı kağızı stolun ütünə qoyub, üzümə dirək baxırdı...
- Pulun qalığı lazım deyil, - deyib, gülümsəyərək, qapıya tərəf yan aldım...
Adamlar hələ də heyrətlənməyə, maraq hissinə tabe olmağa, adiliyə yuvarlanmağa hazır olduqlarını nümayiş etdirməyə müqavimətsiz idilər.
İdeyasız insanlar üçün təzə adıyla istənilən həlləm-qəlləmlik cazibədardır.
Ehhh...
Bu da Sadiqin şeiri - öz ifasında:
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az