Allahın işarələri və doğru And!

Allahın işarələri və doğru And!

Allahın işarələri və doğru And!


 

1985-ci ildə S.M.Kirov adına ADU-nun jurnalistika fakültəsində "Əski Azərbaycan əlifbası" fənnindən bizə Məmmədəli Müsəddiq adında bir müəllim dərs deyirdi. Balaca-balaca (ölçü baxımından deyirəm ha, yəni ixtisasca nəşriyyat qrupunu bitirdiyimə görə kitabların bütün pasport məlumatlarını yaza bilərəm - A.C.), amma mahiyyətcə çox böyük kitabları gətirirdi ki, oxuyun. Sonradan bildim ki, bu Məmmədəli müəllim Cənubi Azərbycanda azadlıq mücahidlərindən olan Müsəddiqlərdəndi, M.F.Axundov adına kitabxanada çalışır və... onu sonra yazacam. İndi isə... Həə, o balaca-balaca, amma içi böyük olan kitablardan biri Söhrab Tahir(in)in "Daş ürək" hekayəsi olan idi.

O hekayəni hərbi xidmətdə olduğum iki il istisna olmaqla, qalan 30 ildə dostlarıma, oxucularıma, evlənib-boşandığıma, qızlarıma, sevgililərimə, həmkarlarıma, şairlərə, yazıçılara, siyasətçilərə... nümunə kimi oxumuşam, danışmışam, yazmışam. Yorulmamışam, hələ bundan sonra nə qədər də yaşasam, yenə eyni mövqedə qalacam! Və dünən axşam...

İki kitab oxudum. Anladım ki, bundan sonra neçə il yaşasam, bütün həyatım boyunca bu iki kitabın içində yazılanları hər cümləsiylə, hər fikriylə dəpdəqiq xatırlayacam... həm də bu iki kitabı oxumağım bəs etdi ki, Azərbaycan, Azərbaycan insanı, Azərbaycanlı yaşamı haqqında istənilən sorğuya çox rahat və ətraflı bilgiylə cavab verə biləcəm deyim - rus, ingilis, ərəb, fransız, alman, ispan bu cavablardan məmnun qalacaq!
Bax, ədəbiyyat və jurnalistika budur - öz xalqının düz-əməlli, ölçülü-mizanlı obrazını, yaşamını qələmə alırsan və... oxuyan sənin xalqına rəğbətlə yanaşır, Sənin xalqını sevir, hörmətini ifadə edir, hətta naqisliyini belə anlayır və ittihama girişmir.
Bu iki kitabın iki təyinli bir müəllifi var: yazıçı və jurnalist Səfurə Çərkəzqızı. "And olsun atlara" və "Sevdalılar".


Gecənin bu tənha vaxtı - kitablarla üz-üzə qaldığım məmnun dəqiqələrdə... yadıma Məmmədəli Müsəddiqin o balaca-balaca kitabları düşdü, gözümün önündə Azərbaycanlı oxucunun gözü döyükə-döyükə baxdığı, anlamadığı o mətnlər canlandı.

Səfurə Çərkəzqızının o balaca kitabı - "And olsun atlara" qoşuldu onda oxuduğum o balaca-balaca, amma mahiyyətcə, məzmunca böyük-böyük kitablara!!!

Amma "bu tənha gecənin mübhəmliyi"ndə böyük bir ölkənin işıqları bərq vururdu həm də: böyük Azərbaycanın möhtəşəm Azərbaycan sevdalarıyla böyükləri də mənimləydi. Səfurə Çərkəzqızının o biri kitabından boylanırdılar. Dedim axı iki kitab oxudum.

I

Balaca-balaca kitabın böyük-böyük mətləbləri

 

... Adamı yerdən-yerə çırpmaq var.

Adamı göydən yerə cırpmaq da həmçinin!

Adamı içindən qoparıb varından yox etmək də!

Adamı dağ başına qoymaq da əlimizdən gəlib!

Adamdan adam da, mələk də qayırmaq səriştəmiz yox deyil, amma və lakin... adamı gülməkdən qəşş elətdirməyin ardından anasını ağlatmaq da çətin olmayıb, fəqət... Səfurənun "And olsun atlara" kitabında, sadəcə, böyük mətləblər car. Hər hekayəyə görə insan və insani münasibətlər üstündə qərar vermək azadlığı var!

Deməli, belə...

"Bədəl"...

sıradan və adi bir hekayədimi? Sorğu keçirsək, "ədəbiyyat dövlət qoruğu"nun və "ədəbi tənqid təhlükəsizlik nazirliyi"nin generalları, marşalları boşalmış çənələrini ləhlədər, minus beş eynəkləriylə oxuduqları bu hekayəyə Şamaxı astrofizika rəsədxanasının teleskopunu da şahid gətirər və deyərlər ki, biz Səfurə xanıma... borclu deyilik. Amma mən deyirəm: borcludurlar - həmin bu hekayəni Dövlət Təhlükəsizlik Şurasının fövqəladə və növbədənkənar toplantısında səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə selektor müşavirəsi təşkil edib bütün həkimlərə oxu(t)mağa!

Bədəl həkimin - bir vaxtlar müəllimlərinin də, hazırda müdirinin və pasiyentlərinin də yaxşı mütəxəssis olduğunu etiraf etdiyi loğmanın - əndrabadi iş prinsipinə görə ölən... ayrısı deyil, elə öz anasıdı! Bədəlin Səhlənkarlığının və Məsuliyyətsizliyinin Bədəlini analar ödəyir!!! - Azərbaycan həkimlərinin hərəsi bir əndrabadi prinsiplə işləyir və Azərbaycanlı analar ölür! Təkcə... analarmı? Ölən həm də... Azərbaycandır!

Bu bapbalaca hekayəyə böyük bir Azərbaycan kəndi, gözəlliyi sığışıb, qadın dünyasının ağlagəlməyən incəlikləri-sirləri kişilərə açılıb, ayamalar sərgisi öz rəngarəngliyi ilə valeh edir. Hər bir fərdin - Çığırğan Dursunun, Çənə Nüsrətin, Dingiş Məmişin, Çaş Arifin leksikonu, davranışı, xatirələri fərdlər qalereyasında miniatür bir xalçadır əsrarəngiz, ilmələri naxışlı, rəngli, amma və lakin... bər-bəzəksiz! Pafossuz!

Bax o kəndi sevmək lazımdı - bu başından o başına özünü VAXTINDA çatdırmayan həkimin (həm də oğulun!!!) göstərə bilmədiyi ilkin tibbi yardıma görə anaların vaxtsız öldüyü kəndi! Amma həm də... evlərinin arxasından dəmir yolu keçən kəndi!

"Səkil"...

itdi. Bildiniz də? Amma adam durub itdən niyə hekayə yazsın ki? Bilirsiniz niyə? İt sədaqətli də olsa itdi, "sağ ol" deyən olmayacaq, yırtıcı da da olsa, bir söz deyən olmayacaq. İtdi də! Amma Səfurənin heyvan olan DOST iti... insan olan DOSTDAN sədaqətlidi.

Gedəndə hamilə qadınını mərd bilib düşməninin qapısında əmanət qoyan xalqın dostları o qədər cılızlaşıb ki... Səfurə xanım... it sədaqətini qələmə almalı olub. Kimi nümunə göstərək? Nəinki mərd sayıb evində əmanət qoyduğmuzu, evimizin içində səkkiz bağlı açar dalında saxladığımız arvadları, qızları, "məktəblinin dostu" layihəsi adıyla təhsil ocaqlarında güdükçülük edənlərin yardımıyla belə qoruna bilmirik!

Bilmirik.

Bax, bu faciəni anlamaq lazımdı: dostlarımıza nümunəni itdən gətirməli oluruq!

Utanırıqmı?

Bax, faciə həm də budu - utanmağı yadırğamışıq. Ona görə də və həm də ona görə ki,

"Slavikin siyasəti"

ni düzgün qiyməlndirə bilmirik! Bilməmişik. Bilməyəcəyik!

Kim etiraz edə bilər mənə ki, mən bu hekayəni nazir, səfir, bəstəkar, müğənni Polad Bülbüloğluna, "qaçqınkom" Əli Həsənova nəinki oxumağa, yazıb əlinə verməyə, ayda yox e, həftədə bir dəfə soruşmağa kampaniya baslasam əgər...

Polad Bülbüloğlu da, Əli Həsənov da, ermənilərlə şərab içdiyi vaxtlara umsuq qalanlar da niyə bu adi həqiqəti bilmirlər ki, biz ermənilərlə düşmən deyilik, biz onlarla şərab içməyə də, onların qadınlarına gərəkən kişilik xidmətlərini göstərməyə də, başqa hər cür yardım etməyə də hazır olmuşuq, onlara yer də vermişik, ev də vermişik, fəqət onlar... məhz onlar "Slavikin siyasəti"ni həyata keiriblər!!!

Slavik deyir:

- Ara, bu evlərdə ki, bizi usta kimi işlədib tikirsiniz e, siz yaşamayacaqsınız bu evlərdə, biz yaşayacağıq!!!

Və... yaşayırlar da! Bu azmış kimi, hələ bizi güllələyirlər də zorlayandan sonra!!!

Bax, budur təfəkkür - biz düşmən deyilik düşmənimizə və düşmənimizə nifrət hissi ilə böyüyənlərin düşüncələrini manqurtlaşdırmaq lazımdı!

Bax, bunu da bilmirsiniz niyə belədi! Axı Səfurənin

"Məzar sevgisi"

ni oxumamısınız! Balaca, bapbalaca bir hekayədi! Gözünüz kor olmaz, canınız çıxmaz oxusanız. Oxuyun və anlayın: başqa xalqların, bu halda isə rus Tanyanın bic dünyaya gələn oğlu... İslam performans sərgiləyir: "anam fahişə və alkaş olubsa da, onun qəbri də mənə əzizdi!"

Biz ləyaqətlə və şərəflə yaşamış ulularımızın uyuduğu qəbristanlıqlarımızı selə veririk!

Biz ulularımızın sümüklərini çürüdənlərə heykəl qoyuruq!

Biz bakirə qızlarımızı və namuslu analarımızı Dubayın, Türkiyənin, Rusiyanın otellərinə yollayırıq, polis bölmələrinə gətirirk...

İyirmi birinci əsrdə də bir xalqa ananın-bacının-qızın müqəddəsliyini təbliğ, təşviq etmək lazımdı?

Ananız ölsün anaları vaxtsız, dərd-ələm içində torpağa gömənlər!

Bu durum elə belə də davam edəcək, bir sözdü deyirəm sizə, bir anddı içirəm:

"And olsun atlara"


 

Həəə, and olsun atlara...- " dqrıt...dqrıt... dqrıt"ından düşmənlərin tük və dırnaq salan Türk Atlarına!

Türk At üstündə qüdrətlidi!

Mistikaya varmayacam. Bu hekayədə Türkün dünəni də, Ulu Keçmişi də, Gələcəyi də dəqiq ifadə olunub və o qüdrətin qeybə çəkilməsinə də gözəl eyham vurulub: Türk Atından yıxılıb. Xəstəxana palatasındadı.

Düşmən üzərinə yürüşdə güclü olan Türkün öz torpağında belə gücsüz bir yana, xəstə və "xəstə" düşməsinin səbəbi... onu At Üstündə Dünyaya Gətirən Ananı qoruya bilməməsidi!

Bu xalqın özəlliyi və gücü bundadı: Ana(sına münasibəti) ilə qüdrətlidi Türk İnsanı.

Anlamadınızsa, inkubatoru-anası erməni, rus, fars, ingilis olanları böyük biləcəksiniz, onlara uduzacaqsınız! Onların anası yoxdur axı...

Bəlkə də sizə pafoslu görünər, əgər bu yanğı üzünüzü qarsmadısa, içinizə lov salmadısa, qırımınızda bir qımıltı olmadısa, heç olmasa, bu hekayəni oxuyun:

"Sən olsaydın..."

Əminəm, sosial şəbəkədə milyonlarla soydaşımız hansısa müğənnimizin hansısa plastik əməliyyatının videosuna baxıb. Amma mən istərdim Səfurə Çərkəzqızının Ana haqqında düşüncələri, Ana Olmaq Prosesi zamanı yaşananları, Ana olandan sonra ötən bir neçə günün yaşantısını, sarsıntısını qələmə aldığı "Sən olsaydın..." hekayəsini oxuyasınız.

İnanıram, heç bir zaman, heç bir zaman, heç bir zaman heç bir Anaya hörmətsizlik etməzdiniz!

Dünya Analara hörmətdən başlayır!

Dünya Anaları Anlamaqdan Başlayır!

Dünyadakı bütün naqisliklər Ananı unutduğunda başlayır!

Bu hekayəni oxumayanlar, əlbəttə,

"Allah kimi bağışlasın?"

acısını yaşayacaqlar.

Ətirli, dikdabanlı gözəllər zibili blokun ağzına atacaq, süpürgəçi o zibili kanalizasiya lyükünə tökəcək, südsatan arvad südə soda qatacaq və hakim etdiyi bütün şərəfsizliklərin bədəlini kor qızının dünyanı görə bilməməsiylə ödəyəcək!

Şikəst, əlil, zəlil olunmuş cəmiyyətin

"Həyata uzanan əllər"

i isə mərhəmət umacaq. Bəzən də bu əlil, zəlil, şikəst insanlar... hamıdan sevimli olacaq. Məhz o cəmiyyət yaşam eşqi sərgiləyəcək, utandıracaq bu "əlli-ayaqlı", "ağıllı-başlı", "imkanlı" adamları-"insanları"!

İncitdiyiniz

"Qaranquş"

qarğışı belə sizə vicdan əzabı verəcək.

Kiçilə-kiçilə gedəcəksiniz. Sonunda

"Pinəçi"

qədər urvatsız olacaqsınız, onun qədər aşağılanacaqsınız, təmasda olduqlarınızdan onun umduğu elementar diqqəti, mərhəməti umacaqsınız. Halbuki dünya insanı - İlon Maks Marsa maşın göndərir e... Pinəçi acısından sonra

Çörək SAVAŞI

nda itib bitəcəksiniz. İtəcəksiniz ilim-ilim: evinizdən, yurdunuzdan, ölkənizdən. Hələ ürəklərində olduqlarınızı demirəm. Hələ Allahın nəzərindən demirəm. Hələ olmalı olduğunuz yerlərin, ucalıqların əclaflara qalması dəhşətini yşayacağınız demirəm. Onda hər birinizə qaxınc kimi deyəcəklər. Deyəəklər dünyanın bu qədər gözəl məkanları var idi, amma və lakin... Sən

"Aranda qaldın"

Deyəcəklər. Hər birinizə. Utanacaqsınız. Görəcəksiniz ki... hamı hamı üçün deyir:

"Onu dəli elədilər"

Bəli.

Əlbəttə.

Evet.

Elə olacaq. Qapılacaqsınız içinizə. Ancaq yemək-içmək üçün özünüzün öz üzünüzə bağladığınız qapını açıb ananızın sizin üçün hazır qoyduğu yeməyi yeyib... doyyacaqsınız yox e... ulayacaqsınız, qışqıracaqsınız, söyəcəksiniz! Kimi? Kimləri? Niyə?

Bu vətəni, bu Ananı, bu Dili, bu Dünyanı dəyərləndirə bilməyənləri söyəcəksiniz və unudacaqsınız ki, ö söyüş elə birinci sizin özünüzədi! Ən pisi də bilirsiniz nə olacaq?

Bax, ən dəhşətlisindən birincisi də budu:

Analar day ölüm tədarükü görməz, necə gəldi öləcəklər!

"Sandıqdakı ölüm tədarükü"

- min illərin adət-ənənəsi çezəcək. Fərqinə varacaqsınız:

"... Həyat bizi yedəyinə alıb qaçır. Tələsirik... yanımızdakı ölümü düşünməyə, ona hazr olmağa, dünyanın faniliyini anlamağa vaxtımız yoxdu"

Onda gec olacaq. O qədər gec olacaq ki, BALACA "Qızınızn BÖYÜK ÜRƏYİNDƏN" utanacaqsınız!

Utanacaqsınız... bir vaxtlar siz də o uşaq qədər saf idiniz, axı. Məhv etdiniz hər şeyi. Bu qədər gözəl, saf və Böyük Ürəkli Qızcığaza Dünyanı GÜNƏŞ kimi hədiyyə etməliykən... zülmət qoydunuz!

Başa düşüb anlayacağınız həm də o olacaq ki,

"Əgər yoxluğunda yoxsa varlığın..."

deməli,

"Allahın işarələri"

ni doğru oxumamısınız, doğru yerdə oxumamısınız.

Düzəldin yanlışınızı.

Səfurə Çərkəzqızının Sizin üçün düşünüb yazdıqlarına, zəhmətinə qiymət verin. Ən azından ona görə ki, bu həyatın zülümlərini də, dövranın sarsıntılarını da, düşmənin xəyanətindən yaranan məcburi köçkünlüyün əzablarını da O... tək-təkcənə öz canıyla çəkib, fəqət... Sizlər üçün işləyib... düşünüb... yazıb... yayıb... işsiz ola-ola!

SON:

Düşündürən kitab... Çox az belə kitablar var. Və bir müəllifdən iki kitab oxumamışam eyni statusda. Səfurə Çərkəzqızının oxuduğum ikinci kitabı - "Sevdalılar" tamam ayrı aspektdən düşündürücüdü. Jurnalist kimi yazdıqları, tam əminliklə deyirəm ki, "Azərbaycanın işıqları" ifadəsinin ehtivasıdır. O barədə ikinci yazıda...

Bütövlükdə isə, "And olsun atlara" bədii məziyyətlərinə görə, məxməri bir rahatlıq gətirir. Quraşdırılmış, kombinə olunmuş, uydurulmuş, süjet və kompozisiya xatirinə düyünə salınıb sonra lazerlə əridilmiş saxta kontrast və priyomlardan uzaqdır. Modern və postmodern, sürreal və digər cərəyanların verə biləcəyi "tripaç"lıqdan imtina olunmuş, klassik hekayə janrında qələmə alınmış ədəbiyyat nümunələridir. Sadə, səmimi, orijinal deyim üslubu, dialekt və şivə arsenalından uğurlu istifadənin ləzzəti tamam ayrıdır.

YAZIYA SÖZARDI: 90-cı illərin əvvəllərində ölkəyə rus dilində ayaq açan xarici ədəbiyyatı müzakirə edərkən, Xuan Rulfo, Kafka, Blez Paskal, filosoflar və daha kimlərdən söhbət düşəndə, təbii ki, "sarıdimdik mütaliə əjdahaları" ağını çıxartdılar. Və elə indiki kimi hamı özümüzünküləri ağ yuyub qara sərirdi, bəyənmirdilər. Dostlardan biri çox qəşəng cavab verdi: "Zalım balası, sən Süleyman Rəhimovun "Saçlı"sını oxuyub bir ləzzət ala bilmisən ki, mənə Xuan Rulfodan danışırsan? Hələ bir Süleyman Rəhimovu başa düş, sonra da".

Əzizlərim, Frans Kafka da qələt edir, Koelyo da, Milan Kundera da, lap elə o axırıncısı kim idi, Svetlana Alekseyeviç, o da...

Səfurə Çərkəzqızının yazdıqlarını oxuyun, anlayın, sonra o məsələlərə baxarıq. Niyəsi də bu olsun ki, yüz ildi "Anna Karenina" oxuyan millət Annasını tanımaqdansa, hələ də Stefan Sveyqin "naməlum qadın"ından o yana keçməyib.

Frans Kafka, Koelyo, Milan Kundera, Svetlana Alekseyeviçin yaratdığı obrazları anlamaq, onların oxucusu və obrazı olmağa layiqlik üçün ilk növbədə Rafiq Tağını, Rasim Qaracanı, Pərviz Cəbrayılı, İlqar Rəsulu, Məqsəd Nuru, Etimad Başkeçidi, Zahid Sarıtorpağı, bəd ayaqda Şərif Ağı oxumaq, qiymətləndirmək lazımdı. Əlbəttə ki, Səfurə Çərkəzqızını diqqətdən kənarda saxlamamaq şərtiylə!

p.s. Mətndə janr, üslub, struktur quruluşuna, korrektura, eləcə də durğu işarələrinin işlənməsinə sonda diqqət yetirərəm, əsas mənim üçün Yazanın NƏ demək istədiyidi. Səfurə Çərkəzqızının nə demək istədiyini öz az ağlımla başa düşdüyüm kimi yazdım. Amma həm də diqqətimi bu çəkdi: "..? ..!" - durğu işarələrinin belə işlənməsi ləzzət elədi. Diqqət yayınmasın deyə, "diqqət" ayırmadım, yayındırmadım...

p.p.s. Mən bəzən belə məqamlarda özümü söyürəm ki, ay əclaf, axı sən bu kitablar çap olunan andan xəbərdar idin, hara baxırdın..?

Sevinirəm ki, gec də olsa, günahımı yudum. Özü də Beynəlxalq Ana Dili Günündə.


Aydın Caniyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az