APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

APREL ƏFSANƏSİ -Sərkərdə və RƏHBƏR qətiyyətinin vəhdəti

və yaxud hərb və sülhün tarixi qəhrəmanları haqqında bir neçə söz

TARİXƏ EKSKURS: Alp dağlarının qəhrəmanı yetmiş yaşlı türk kökənli Suvorov idi - bizə onu rus xalqının sərkərdəsi kimi sevdirib, onunla fəxr etməyi təlqin edirdilər. Ölkələr fatehi Napoleon Bonapartı isə gətirib Vaterloo çölləməsində uduzdururdular - yəni ki, "xəşildə barmaq sındıran" Napoleon dağlar qartalı Suvorovun ölkəsinə hakim ola bilməz!

Müharibədə qaliblik təkcə silahla deyil, həm də təcrübə və ilk növbədə isə... təbliğatladır!

Levitan əldən getmiş Stalinqrad haqqında məlumatı elə oxuyurdu, sanki qələbəni almanlar yox, sovetlər qazanmışdı.

Bir aydan bir az çox sonra tam bir il olacaq "Lələtəpə qalibiyyəti"nin ildönümü!

Və mən tam bir ilə yaxındır yazmaq, soruşmaq istəyirəm: Lələtəpə azad olanda neçə nəfər ağladı... sevincindən!?

Və mən tam bir ilə yaxındır ki, soruşmaq istəyirəm: həmin dövrdə Rusiyanın ultimativ "döyüş dayandırılsın" bəyanatından sonra neçə nəfər dərk etdi ki, Qarabağ probleminin həlli təkcə iqtidarın vəzifə borcu və öhdəliyi deyil! Bunu dərk edəndən sonra isə... neçə nəfərin dizi qatlandı, ürəyi qırıldı və içinin tüstüsü nəinki öz, nəinki Lələtəpə, Vaşinqtonda Ağ Evin, Parisdə Eyfel, Moskvada Ostankino qülləsinin təpəsindən yayıldı Allahın dərgahınacan!? Neçəsi bir daha və yenidən başa düşdü ki... "ah, yazıq Vətən" nidası Mirzə Cəlilin sinəsindən təkcə ona görə qopmayıb ki, bu xalqın bozbaş mollaları, cahil Novruzəliləri, kitab-dəftər oxumaq istəməyən fatmanisə-tükəzbanları var və bunlarla heç hara getmək olmaz bir yana, hətta nəinki həyətimizi və evimizin içini itirmiş olarıq, eyni zamanda həyatımızı və dövlətimizi qeyb edərik - yəni ki Vətənimiz belə yazıqlaşar, əgər bizim oxumuşlar, üləmalar anlamasa ki, Azərbaycanın dörd tərəfi, üstəlik də altıyla birgə üstü də düşmənlərlə doludu?

İndi qloballaşma dövrüdü deyənə, hamı qlobal fikirləşdi, Şimal Buzlu okenanını Atlantik okeanına, o ikisini də qalan o biri iki okeana, yeddi dənizin suyunu da gətirib bir gölə caladılar! Həm də Lələtəpə qələbəsi br az unuduldu, bir az unutduruldu, bir az da gileylilik yaratdı. Fəqət... Lələtəpə qələbəsi, bütövlükdə aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin dünyaya demarşı idi!
 
Əzələ nümayişi də demək olardı buna! Üstəlik "qarşınızda mən varam" xarizmasını sərgiləmək idi həm də! Ulu Öndər Heydər Əliyev genetikasının söhbət Azərbaycanın maraqlarından, ərazi bütövlüyü və dövlət təhlükəsizliyindən gedərkən dəfələrlə sərgilədiyi sərkərdə və rəhbər qətiyyətinin təzahürüydü! Bu, eyni zamanda Ali Baş Komandanın öz müdafiə nazirinə güvəninin, onun ordunun vəziyyəti və şəxsi heyətin döyüş ruhu barədə etdiyi məruzələrə inamın ifadəsiydi!
Cənab Prezidentdə tam əminlik vardı və bu əminlik hələ də qalır, qalacaq da: hər bir əsgər, hər bir komandir bu Vətəni qalib etmək gücündədi! Sadəcə bu dəfə bu döyüşün qəhrəmanının adı Mais Bərxudarov oldu!

Ötən müddətdə daha çox hərbi-vətənpərvərlik ruhuna önəm verən bir sayt rəhbəri kimi, onlayn və print mətbuatın monitorinqini apararkən, gəldiyim qənaət bu oldu: biz hətta qələbələrimizi və qalibliyimizi yetərincə qiymətləndirmirik! Geosiyasi və geoiqtisadi düzəndə və savaşda özümüzü və dünyanı təmsil etdiyimiz müstəvidə tərəzidə öz çəkimizi düz çəkə bilmirik!

Özüm deyirəm və özüm inandığım kimi də istəyirəm ki, hamı inansın: hamı - sıravi əsgəri Mübariz İbrahimov, komandiri Mais Bərxudarov olmalıdır! Ki... nə bizimlə düşmən kimi üz-üzə qoyulan və bu rolu oynamağa məhkum edilən ermənilər, nə də supergüclər özlərini diktant və dominant hesab etsinlər!

Biz hələ ki bunu bacarmırıq! Çünki... Mais Bərxudarov kimi sərkərdəmizi təqdim və təbliğ edə bilmədik!

Düzdür, Mais Bərxudarov dövlət və Ali Baş Komandan tərəfindən layiqincə mükafatlandırıldı! Ancaq geniş xalq kütləsi bu qədər önəm verilmiş, yüksək tutulmuş bir ordu generalını tam tanımasa, Mais Bərxudarovla bitmiş olacaq bizim qəhrəmanlıq tariximiz!

Mais Bərxudarovun təbliği, loru dillə desək, tərifi heç kimi qısqanclığa, paxıllığa, yaxud da pərdəarxası düşüncələrə sürükləməməlidi! Hərçənd bəzi ağzıgöyçəklər "kontrfakt"larla bizim təbliğati-təşviqati dəstəyimizə də təpki göstərmək cəsarətində ola bilər.
Həmən də cavabımız var: bizim xalq quduranları dəstəkləmir, qəhrəmanları alqışlayır!

"Aprel əfsanəsi" Mais Bərxudarovun haqqında sosial şəbəkələrdə rast gəldiyim maraqlı bir hekayət: vətəndaşlarımızdan biri oğluyla Bakı-Qazax yolunu maşınla gedərkən yolüstü hərbi texnikanın sırayla dayandığını görüb israrla onlara tamaşa etmək istəyini dilə gətirir. Texnikaya baxmaq üçün komandirdən icazə almağa elə uşağın özünü göndərən ata maraqlı bir olaya şahid olur. Komandir məlumatlı birini uşağa qoşur, texnikaya baxışdan sonra uşağı yanına çağırır və Azərbaycanın himnini soruşur. Yüksək səviyyədə himni oxuyan uşağı mükafatlandırmaq üçün komandir müvafiq göstəriş verir!

Təbii ki, bunu "12 yaşlı oğlum da mənimlə birgə bu Vətən uğrunda döyüşməyə hazırdı" deyən Mais Bərxudarov edə bilərdi. Məhz Mais Bərxudarov ruhlu komandir uşağın texnika ilə tanış olmaq istəyinə uşaq şıltaqlığı kimi yox, vətən üçün əsgər və ya zabit olmağa hazırlaşan fədai timsalında baxa bilərdi!

Mais Bərxudarov həm də kəşfiyyatçı olub və baxmayaraq ki, sosial şəbəkələrdə geniş yayılsa da, fəxrlə vurğulansa da, qürurla gündəmə gətirilsə də şücaətləri, məlum səbəblərdən onun kəşfiyyat qəhrəmanlıqlarını xüsusi formada qabartmağı məqsədəuyğun saymırıq! Sadəcə deyirik və inanın: Mais Bərxudarov kəşfiyyatçı kimi misilsizdir!

Mais Bərxudarovun daha bir üstün cəhəti: hansı birləşmədə (korpusda) xidmətindən asılı olmayaraq, hər zaman bölgə camaatının sevimlisi olub. Hər regionda yüzlərlə insan onun dəyərli zabit, ləyaqətli vətəndaş olmağından istənilən qədər misal çəkər.

Artıq o günlər arxada qalıb, indi desək də eyb etməz: ordumuzun çətin günlər yaşadığı dönəmlərdə həmişə olduğu kimi, qəhrəmanlığı ilə göz önündə olan Mais Bərxudarovu Ulu Öndər Heydər Əliyev növbəti şücaətinə görə evlə mükafatlandırmaq istəyir. Birbaşa Prezidentə "xahiş edirəm, mənim evim var, o evi şəhid olmuş zabitimizə verin" deyəndə Heydər Əliyevi təəccübləndirən Mais Bərxudarovun özündən xeyirxah obrazı yaratmaq cəhdi yox, zabitdə, əsgərdə, şəhid ailəsində məhz Ali Baş Komandana sevgi, rəğbət oyatmaq, sevginin, rəğbətin ünvanının məhz Ali Baş Komandanın olması düşüncəsiydi! Axı, Ulu Öndər az "pesevdopatriot" görməmişdi! Mais Bərxudarovun səmimyyəti və Ali Baş Komandana sədaqəti onu onsuz da bir gün qəhrəman edəcəkdi, bu döyüş olmasa da belə!

TARİXƏ İSTİNAD: SSRİ müharibə dövründə "za Stalinu" deyib əsgərindən irəlidə duraraq irəli cuman sərkərdələriylə qalib oldu - bunu ki danmaq olmaz!!!

Mais Bərxudarov tankın üstündə durub "puşka"dan sallanaraq "irəli" deyib irəlidə olaraq əsgərlərini qələbəyə apara bildi!
Və... Mais Bərxudarov hər zaman - leytenantlıqdan generallığacan özünü general kimi aparıb!
Bu yerdə Jak-Şaban Delmasın Şarl de Qoll haqqında xatirələrindən bir faktı yazmağı məqbul sayıram: "Hərbi hissədə döyüş və taktiki hazırlığa baxış keçirilərkən həftəboyu ali baş komandan yoxlama zamanı çox fikirli idi. Yoxlanışa yekun vurularkən hərbi hissə komandirinə töhmət elan edən ali baş komandan səbəbini belə izah edir: bu oğlan (əliylə Şarl de Qollu göstərərək) niyə indiyə qədər serjant deyil? Hərbi hissə komandirinin cavabı heyrətamizdir: o özünü general kimi aparır, mən ona necə serjant rütbəsi verim?"

Tarix Şarl de Qollun doğrudan da dahi sərkərdə olduğunu təsdiqlədi!

Ən böyük arzusu doğulduğu Qubadlıya, ordakı ata evinə qalib və general kimi getmək olan Mais Bərxudarova arzusuna çatmağı arzulamaqdan başqa bir şey qalmır: döyüş başından əskik olmasın, cənab general, çünki sən həmişə bizi qələbə ilə sevindirəcəksən!

Yazımızı isə... bir vaxtlar Mais Bərxudarovla eyni hərbi hissədə xidmət etmiş, ehtiyatda olan zabit həmkarım - o həm də mənim kimi, jurnalistika fakültəsinin məzunudur, -  Əlisəfa Mehdiyevin fikriylə tamamlayıram:
1995-ci ildə bu cavan oğlan Yaşmada – xidmət etdiyim xüsusi təyinatlı hərbi hissədə baş leytenant rütbəsində bölük komandiri idi. Təzəcə tanıdığım bu yaraşıqlı zabiti xüsusilə izləyirdim.
Həssas, məsuliyyətli, səmimi, sadə, təmkinli, o vaxt üçün, o yaş üçün yetərincə savadlı idi.
Bir çox maneralarını müşahidə edəndən sonra dedim ki, Mais, bajoğlu! Sən deyəsən, bu cəhdlərinlə general olmaq istəyirsən?!
Ciddi şəkildə dedi:
- Cənab "zampolit" (o vaxt hələ də "zampolit" deyirdilər), burada yox, Qubadlını alanda general olmaq istəyirəm. Dədəmin evinə general kimi, qalib general kimi getmək istəyirəm!
Qəti şəkildə dedim:
- Sən general olacaqsan!!! Mən buna əminəm!
Bir gün eşitdim, tabor komandiridir.
Bir gün eşitdim, briqada komandiridir.
Bir gün eşitdim korpus komandirinin müavinidir!
Bir gün də TTM toplantısında dedilər ki, bu polkovnik rütbəli cavan oğlan general-leytenant vəzifəsi olan korpus komandiri vəzifəsinə təyin edilib. Tapıb bağrıma basdım! Dedim, sənə demişdim axı, sən general olacaqsan! Hələ Qubadlıya çatmamış GENERAL oldun! 
Dedi, yooox, müəllim! General olmaq üçün hələ hazır deyiləm.
Bir gün də eşitdim ki, korpus komandiri Mais Bərxudarov adi tank ekipajının komandiri kimi Lələtəpəyə hücum edib. Ordu onun dalıyca yürüyüb! "Ölümdən korkanlar kahraman olamaz!" demişdi Qazi Mustafa Kamal! Mais Lələtəpəyə qəhrəman yürüş etdi! Qazandı! 
Savaş meydanında general alan tək-tük generallarımızdan biri oldu!
Mən ta onu görəndə "bajıoğlu" deməyəcəm. Ədəblə hərbi salam verib, "Mənim Generalım!" deyəcəm! 
Qürurun nə olduğunu duydunuzmu, arxadaşlar!?
Eyni fikri biz də bir də təkrarlayırıq: qürur duyun və həm də özünüzü qürur mənbəyinə çevirin! 


Aqil Alışov 
Mq.Az saytının baş redaktoru,
ehtiyatda olan baş leytenant





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az