APREL ŞƏHİDİNİN AİLƏSİ BU KOMADA YAŞAYIR! – “Allahdan icra başçısına cəza istəyirik…” + FOTOLAR

APREL ŞƏHİDİNİN AİLƏSİ BU KOMADA YAŞAYIR! – “Allahdan icra başçısına cəza istəyirik…” + FOTOLAR

Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu "AzPolitika.info”ya müraciət edərək, ölkə rəhbərliyindən kömək istəyib. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən şikayət edən şəhid atasının müraciətini qısa ixtisarla təqdim edirik: 

"Mənim oğlum Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm!

Ancaq Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyur. Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün cənab İlham Əliyevə ərizə ilə müraciət edib, yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim. Həmin ərizəm icra olunması üçün Zərdab rayon İcra Hakimiyətinə göndərildi. 

1526725520_lutvelibabayev66Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir etdi. Dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam, mən bunu bacararam.

Həyat yoldaşım buna görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq. İnsan nə qədər əcazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşısında çəkinmədən belə hərəkətlər edə?!

Mən özüm Qrabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Bizim ailə vətənpərvər ailədir. Ancaq Lütvəli Babayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı qaçıb gizləniblər.

Oğlum Nurlan hərbi xidmətini Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik.

Mən mətbuat vasitəsilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirəm ki, nümayəndə göndərsinlər, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görsün və bizə yaxından köməklik edilsin. Allahdan Lütvəli Babayevə isə cəza diləyirik…”

Şikayətdə qeyd olunanlarla bağlı Zərdab rayon İcra Hakimiyyətinin və şəxsən Lütvəli Babayevin fikirərini dərc etməyə hazırıq. Ancaq onu da qeyd edək ki, şəhidimizin ailəsinin aşağıdakı şəkillərdə göstərilən komada (buna ev demək mümkün deyil-red.) yaşamasına görə yalnız  Zərdab rayon İcra Hakimiyyəti deyil, Azərbaycan hökuməti utanmalıdır!

Dələduz məmur və iş adamları dövlətin milyonlarını, milyardlarını talayaraq Londonda, Parisdə və sair şəhərlərdə dəbdəbəli villalar almaq yarışına girdiyi halda, Vətən üçün canından keçən Şəhidin ailəsinin 3 ilə yaxın bir müddətdə normal bir evlə təmin edilməməsinin heç bir üzürlü səbəbi ola bilməz.

23465

1


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az