"Aramsız atəşlər, göydən od və mərmi yağır, ayağın altında yer titrəyir..."-Nazim Bayram


Müdafiədə dayanmaq hücumdan daha çətindir-Aprel döyüşləri

Həyatda və mübarizədə bir qayda olaraq, bir şeyi (istər maddi, istər mənəvi) əldə saxlamaq əldə etməkdən daha çətin olur. Əldə etmək bəzən bəxt məsələsidirsə, saxlamaq birmənalı olaraq, qabiliyət və iradə məsələsidir.

Hərbi işlərdə bu, özünü daha qabarıq və kontrastlı göstərir. Vaxtilə yeni yaradılan ordumuz Qarabağın yarısını azad etmişdi. Lakin ən müxtəlif (o cümlədən müxtəlif səviyyəli) səbəblərdən əldə etdiyimizi saxlaya bilmədik. Hər bir Qarabağ qazisi şəxsi döyüş yolundan və təcrübəsindən bir çox misallar gətirər ki, aldığımız yerlər dəfələrlə əldən ələ keçmişdi. Və bu heç də həmişə xəyanət və satqınlığın nəticəsi olmamışdı. Çoxluğun buna inanması həqiqət olmasına dəlalət eləmir. Yerində olan adamlar nəyin niyə baş verdiyini yaxşı bilirlər.

Döyüş mövqelərinin və hətta şəhərlərin qısa zaman kəsimində dəfələrlə əldən ələ keçməsi misalları bütün müharibələrdə kifayət qədərdir. Onların tarixini öyrənsək, çox nadir hallarda xəyanətə rast gəlirik. Düşünülmüş taktiki gedişlər və manevrlər halları, həmçinin bölmənin tam sıradan çıxması halları istisna olmaqla, mövqelərin əldən ələ keçməsi yolverilməz səhlənkarlıq, arxayınlıq, qeyri-peşəkarlıq (müdafiənin düz təşkil olunmaması), səhvlərin və əzmkarlığın zəifliyinin nəticəsində baş verir.

Burada psixoloji faktor da önəmlidir. Psixoloji baxımdan müdafiədə dayanmaq hücumdan daha çətindir. Çünki müdafiə olunan orta statistik insan özünü hücumda olandan bəribaşdan daha zəif bilir. Güclüyəmsə, niyə müdafiədəyəm? O zəifdirsə, üzərimə necə hücuma keçir? Bu bəsit yanaşma onun özünəgüvənini və iradəsini zəiflərdir. Lakin təcrübəli döyüşçünün psixoloji sabitliyinə müdafiə olunmaq mənfi təsir eləmir. O, bilir ki, yaxşı müdafiə olunsa, düşməni itkilərə məruz qoyub, əldən salıb, əks-hücuma keçəcək.

Bizim də ənənəvi alqıda hücum müdafiədən üstün tutulduğundan, 2016 aprel döyüşlərində əsgərimizin qısa zamanda əldə etdiyi mövqeləri daha dörd gün ərzində düşmənin aramsız həmlələrindən müdafiə edib, saxlaması, hesab edirəm, layiqincə qiymətləndirilmədi.

Razıyam ki, gözləntimiz Qarabağın tam azad olunması idi. Lakin əsgər əməyini qiymətləndirəndə, xəyalımızdakını qatmadan, gerçəklik çərçivəsində etməliyik. Bəzi saytların, "Əsgərimiz Sərsəngdən su içir!”, "Bölmələrimiz Fizulinin avtovağzalına çatıblar!” kimi zahirən xoşniyətli "xəbərləri” də sonrakı məyusluğa və bununla, əsgərimizin bacardığına əsl qiyməti verə bilməməyimizə təsir eləmişdi. Həmin saytlar daha sonra uydurmalarına bəraət qazandırmaq üçün daha ziyanlı, milləti ruhdan salan yalana əl atmalı oldular, "Ordumuz irəliləmişdi, rusun əmriylə qaytardılar”. Yalanı "isbat” eləmək üçün gərək daha bir yalan uydurasan. Bu, cəmiyətə qarşı əsl təxribat idi.

Ancaq hərbçilər yaxşı bilir, indicə tutduğun düşmən mövqeyini müdafiə etmək nə qədər çətindir. O, itirdiyi mövqeyinə və yüksəkliyin quruluşuna yaxşı bələddir və oranı dərhal aramsız artilleriya və minaatan atəşinə tutur ki, mövqedə bərkiyə bilməyəsən və isti-isti əks-hücum edib, mövqeləri qaytarsın. Atəşdən yayınmaq üçün tutduğun düşmən səngərindən istifadə edə bilmirsən, çünki səngərin ona olan tərəfi hündür olmur, bəzən dizəcən olur. Aramsız atəş altında, göydən od və mərmi yağan, ayağın altında yer titrəyən şəraitdə özünə səngər qazmalı, mövqelərdə bərkiməlisən. Bu zaman itki verirsən, yoldaşların gözün qarşında həlak olur, yaralanır. İnsan dəmirdən deyil, belə şəraitdə o, həm fiziki, həm psixoloji baxımdan ən yüksək gərginlikdə olur. Həm səngər qazmalısan, həm düşmən həmlələrini dəf etməlisən, dəyişkən döyüş şəraitində yerdəyişmələr etməlisən. Döyüşlər təkcə gündüz yox, gecələr də davam edir. Yuxu, yorğunluq, qidalanma hələ yada düşməsə də, stressi gücləndirir. Yalnız güclü döyüş motivi əsgəri bu şəraitdə düşünməyə və hərəkət etməyə, iradəsini toplamağa yardım edir.

Aprel döyüşlərində Azərbaycan əsgərinin (generalların, zabitlərin, gizir, çavuş və sıravilərin) ən böyük xidməti azad etdiyi mövqeləri daha dörd gün ərzində aramsız düşmən əks-hücumlarından müdafiə edib, qoruması olmuşdu. Bunu kiçik iş bilməyək. Bu onu göstərdi ki, Azərbaycanın yüksək döyüş ruhlu və qabiliyətli, nizam-intizamlı ordusu, onun bölmələrini idarə edən taktiki savadlı komandirləri, döyüş tələblərinə cavab verən təminatı var.

Allah bütün Şəhdilərimizin ruhunu şad eləsin, qazilərimizə cansağlığı, ordumuza möhkəmlik və hamımıza zəfər sevinci nəsib eləsin.
Azərbaycan əsgərinə eşq olsun!

Nazim Bayram
Qarabağ qazisi
Hərbi icmalçı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az