ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI

ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI

Qarabağ qazisi, 20 Yanvar yaralısı Arif Məhərrəmovun ağrıları, Vətənin, Qarabağın, xalqın ağrılarıdır. 

 
Bu gün Vətən fədaisi, canlı qəhrəman Arif Məhərrəmovla Semaşko adına xəstəxanada görüşdük. 
 
Yadımdadı, 2015-ci il, soyuq yanvar gecəsi Qarabağ qazisi və döyüşçüsü, qanlı 20 Yanvar yaralısı Arifin ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzində yatdığı xəbərini eşitdim. Elə o dəqiqə Sağlamlıq Mərkəzinə yollandım. 
 
Bütün qeyrətli, qədirbilən Vətən övladları, xüsusilə Qarabağda can qoyan, qan tökən oğullar hamısı mənim əzizlərimdir.
 
Arif Vəli oğlu Məhərrəmov 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983-85-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 Yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb. 
 
1992-ci ilin yanvarında döyüşlərə yollanır. Agdamda Allahverdi Bağırovun könüllü özünü müdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Ağdama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır. 
 
Arif mənə KT (komputer tomoqrafiya) və rentgenin cavablarını göstərdi və həkimi Fəridə xanım Məmmədova cavabları mənə izah etdi.
 
Arifin həkimi Fəridə xanım Məmmədova o qədər mehriban, gülərüz xanımdır ki... Arif qeyd etdi ki, dərmanlarımın çoxunu dəfələrlə şəxsi hesabına alıb, verib.
 
Fəridə xanım dedi ki, Arifin bu torpaq uğrunda tökdüyü qanı, biz ona qram-qram qaytarırıq. Belə igid Vətən oğullarının qulluğunda dayanmaq, hamımızın, ilk növbədə, biz həkimlərin borcudur. İnsafən, qeyd edim ki, Arifə qarşı xəstəxanada bir doğmalıq hiss etdim. Həkim sonda, biz qələm adamlarına da, dəyərli Vətən oğullarımızı vaxtlı-vaxtında arayıb axtardığımız üçün, dərin minnətdarlığını bildirib, səmimi təşəkkür etdi. 
 
Arifin bütün bədənində mərmi qəlpələri, başında, qolunda, ayağında olan fəsadlar və küt alətlə kəsilmiş məsamələr, yaralar ona çox əziyyət verir. 
 
1992-ci ildə Qarabağda başından aldığı mərmi qəlpəsi yaraları onu narahat edirdi. Arif başının möhkəm ağrılarının səbəbini əvvəllər tam bilməsə də, rentgen və KT müayinəsindən sonra, həkimlərin nəzarəti və göstərişi altında, tam dəqiqləşdirib. Başında olan mərmi qəlpəsinin birini "Loğman” klinikasında çıxartdırdıqdan sonra, başında daha mərmi qəlpəsi olmadığını zənn edib. Amma, küt və dözülməz ağrılar Arifi tərk etməyib. 
 
Yenidən Semaşko adına xəstəxanada KT və rentgen müayinəsi zamanı, həkim briqadası Arifin başında nəinki bir, iki mərmi qəlpəsi olduğunu vurğulayıb. Və həmin KT müayinəsinin cavabını özüm də gördüm.
 
Mərmi qəlpələri isə, şəkildə açıq-aydın görünür.
 
Baş həkim Ədalət Dadaşovun, müavin Məhəbbət İbrahimovanın, şöbə müdiri Nərgiz Əzizovanın, həkim Fəridə Məmmədovanın və orta tibb işçilərinin hamısının Arifə qarşı çox isti münasibətlərinin şahidi oldum. 
 
Həkimlər Arifə başında qalan iki qəlpələrin xaricdə əməliyyat olmasını tövsiyyə edirlər. Təxminən yeddi il bundan əvvəl Almaniyadan xüsisi sifarişlə çağırılan həkim, Arifin xəstəlik vərəqəsinə baxdıqdan sonra, nədənsə ehtiyat edib, əməliyyatdan imtina edib. Ayaqlarının, əllərinin, belinin, başının əməliyyata böyük ehtiyacı var. Arifin ağrıları Vətənin, işğal altındakı torpaqlarımızın, xalqımızın ağrılarıdır. Xatırladım ki, Arifin qardaşı Akif Məhərrəmov 1994-cü ildə, Vətən uğrunda gedən döyüşlərdə Ağdam bölgəsində Şəhidlik zirvəsinə ucalıb. Məzarı Şəhidlər Xiyabanındadı. 
 
Arif Məhərrəmov həm də, 1994-1998-ci illərdə Çeçenistanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə
Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. Arifin bir arzusu var: Qələbə! "Vətən onu sevənlərin sayəsində, onun əzablarını çiyinlərində daşıyanların sayəsində Vətən olur”-bu sözləri Arif qətiyyətlə, həm də, kövrələrək dedi. 
 
Elə biz də, bunu deyirik, hörmətli Qarabağ qazimiz. Allahdan Arif Məhərəmova şəfa və səbrli olmağı diləyirik!
 
Xalqın qəhrəman igid oğlu!
 
Mayisə Əsədullayeva 
 
 
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az