ATA

ATA


Qəşəm Nəcəfzadə

Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim
Adına şeir yazardım hətta.
Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana

Yadıma salardım
O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı,
Mən də onun baxışlarını könlümə elə yazardım.

Sizə iki şeir yazdım, oğlanlarım
Birini uşaqlığınıza,
Bunu da böyüklüyünüzə...
Birini qucağıma alanda
Birini də qucağımdan düşürəndə...

Mən dəqiq bilirəm,
Bütün ataları övladları öldürür
Bunu bilirsinizmi, siznənəm, eyy
Hə, siznən
Onnan
Sənnən...?

Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur.
Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqabılarını 
Qapıda görməyəcəksiniz?
Ən birinci qapıdan ayaqqabılar yığışdırılır,
Adamı yaman yandırır ayaqqabı yeri...

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur...
Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.

Yuxudan tez durardım ki, atamı çox görüm
Başdaşı üçün şəkillərinə baxmazdım...
Öləndən sonra şeirlərini oxumazdım

Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az