Avantürist bəy

Avantürist bəy

Aydın Canıyev

Moskvaya düşən kimi tələbə yoldaşının yanına gedirdi - həm onun qardaşının işlətdiyi kafedə qalıırdı, həm yeməyini yeyirdi, həm də işlərini düzüb qoşurdu. Gəldiyi günün səhərisi sinif yoldaşına zəng elədi ki, görüşüb xərclik alsın. Danışdılar. Razılaşdılar axşama görüşə. Görüşəndə sinif yoldaşı Yura başladı nə başladı:
- 40 yaşını keçmisən, ailəni buraxmısan, ailə qurmursan, ya ailə qur, ya da barış. Bu nə gündü, nə sərsəri həyatdı, axı? O boyda məktəb oxumusan, hələ də ortaya çıxmırsan. Sənin oxuduğun o cür dəyərli kitablar məgər mənim bu həyatda işlədə bildiyim bir kalkulyatora da dəymir, səni yaşada bimir? Evin yox, ailən yox, pulun yox... 
- Yura, sən məni bu gün yola ver, sabah evim də olacaq, pulum da, ailəm də...
Yura artıq qəhqəhə çəkirdi. İri gövdəsi ləngər vururdu, az qala yıxılacaqdı, oturdu çəmənlikdə, bir az da keçsəydi, qəşş edəcəkdi. Gəlib-gedən qımışıb keçirdi. Yura bir az özünə gələn kimi başladı kənddəki o biri sinif yoldaşının nömrəsini yığmağa və mikrofona qoyub qəhqəhə içində bayaqkı söhbəti deməyə:
- Zobik, inanırsan, bu deyir ki, sən məni bu gün yola ver, sabah evim də, pulum da, ailəm də olacaq...
- Yura, özü eşidir? Sən görünür onu tanımırsan, deyirsə olacaq, az hırılda, sonra peşman edər səni...
Əhvalı pisləşmişdi. Yura həm də qohum idi. Onu aşağılamırdı, sadəcə yanğısını belə ifadə edə bilirdi. O boyda kitab oxumaqla adam ola bilməyən sinif yoldaşına hayfı gəlirdi, özü demiş, həyatda elə bircə kalkulyatorla adam olmuşdu - aldığı, satdığı ətin çəkisini, qədərini hesablaya bilirdi. Moskvada, Bakıda, rayonda evləri, uşaqlarının, özünün maşınları...
Oturdular çörək yeməyə. Saat altıdan onikiyə kimi yedilər-içdilər, on min rublacan (250 dollar) hesab verdi, gedəndə isə sinif yoldaşı ona min rubl yolpulu verdi.
Çox pis olmuşdu. Yüz dollar borc istədiyi sinif yoldaşı iki yüz dollar hesab vermişdi, amma ona cəmi 25 dollar qıymışdı, hələ bir minnət də eləmişdi ki, borc vermirəm.
Onsuz da həyata çoxdan tüpürmüşdü, həyata tüpürməzdən əvvəl isə özünə. Ancaq bu dəfə belə olacağını ağlına da gətirməzdi. Qulaqlarında Yuranın qəhqəhəsi, ürəyində ağrı, beynində dediklərini həyata keçirmək yanğısı. Çünki artıq kənddə anasına da eşitdirəcəkdilər. Anası onun bu araya qoyulmaqlığını da dərd edib ağlaycaqdı - danışmasa da anasının onun üçün ağlamağını duyacaq, varından yox olacaqdı.
Bu dəfə üzünü göyə tutub tüpürdü və... metroya düşdü.
Sonuncu qatara çatdı. Həmişə sevdiyi yerdə - vaqonun arxa hissəsindəki üçnəfərlik yerdə özünü tutacağa söykədi - bir saat yolda olacaqdı. Gözünü yumub anasının göz yaşlarına qarışmaq istədi, ürəyindəki ağrıya sığal çəkmək istədi, beynindən özünü çıxarmaq istədi. Eləcə həyatını çəlpəşik salan mühitə də, allaha da çımxırdı: "siz mənim göz yaşımı görməyəcəksiniz!"
Birdən yaşı əllini haqlamış ortabab, gözəlliyi diqqət çəkməyən bir xanım qarşısında durdu:
- Cavan oğlan, nədi zəhrimar yağır sifətindən, elə bil dünyanın bütün dərdi sənə yüklənib?
Əvvəl elə bildi alkaş rus qadınlarındandı, ancaq xoşlandığı qıvrım saçları görəndə və duymadığı araq iyinə görə bir az ədəbli-abırlı dilləndi:
- Poşli vı pojaluysta k çyortu!
- Ya i s çyortom razqovorivayu...
- Nu, oty...s!
- Doroqoy, u tebya s nosa krov...
Ona elə gəlmişdi ki, gözlərini yumub və öz dünyasındadı. Sən demə, onu parez vurubmuş, gözləri də açıq imiş, burnundan da qan açılıbmış. Qadın isə tibb bacısı olaraq qıraqdan vəziyyətin təhlükəli olduğunu görüb yaxınlaşıb, yardım etmək istəyib.
Əlini burnuna çəkmək istəyəndə üst-başının qan olduğunu gördü. Qulağında ağrı hiss etdiyi üçün əlini qulağına aparanda gördü qulağı da yaşdı - qulağından da qan gəlmişdi.
Bu anda doğrudan da ölümün ən yaxşı çıxış yolu olduğunu hesab edərək, bu qərib şəhərdə, bir kimsənin yanında olmadan həyata əlvidasını istədi. Yavaş-yavaş dilinin keyləşdiyini hiss etdi, amma çətin də olsa özü də son sözünü eşitdi:
- Ostavte menya, smert samıy luçşiy variant dlya menya!
- Etot bolezn ne ubivayet, prosto invalidom budeş yesli ne poydeş k vraçu, davay...
Sonra bir də xəstəxanada ayıldı.
 
***
Yura zəng eləmişdi.
Tələbə yoldaşı Fedya zəng eləmişdi.
Zobik zəng eləmişdi.
Kənddən anası zəng eləmişdi.
Başa düşdü... və bir də gözünü yumdu - amma göz qapaqları yumulmurdu, ona elə gəlirdi ki yumulur, bunu ona sonralar tibb bacısı olan, xəstəxanaya gətirən qadın deyəcəkdi.
On altı gündən sonra sağaldı - müalicənin axır günləri "lepuçka" ilə dodaqlarını geriyə-yerinə dartırdılar. Toka verirdilər. Sistemlər od qoyurdu. Qadın hər gün yanındaydı. Və hər gün başının altına yüz dollar qoyub gedirdi. Növbətçi tibb bacısı isə gəlib götürür, dərmanları alıb gətirirdi.
Sağaldı. Həkimlər yeriməyə icazə versələr də, qatara, avtobusa minməyə icazə vermədilər. Yalnız taksiylə bir gündən bir xəstəxanaya stasionar müalicəni davam etdirməyə gəlməyi tapşırdılar.
Diaqnoz o qədər də təhlükəli deyildi: orta beyinə qan yığılması, sağ üz nahiyəsinin parezi, mikroinsult. Heç vaxt xəsətələnməyən adam idi. Birdən-birə necə olması həkimlərdə də təəccüb doğurmuşdu. Artıq sağ qulağı da eşitmirdi, daha doğrusu, qulağında təyyarə uğultusu vardı. Həkimlər onunla sonra məşğul olacağını demişdi. İndi isə çıxmalıydı. Həkim Vera Pavlovnanın saat 6-da gəlib onu harasa aparacağını dedi. Təxmini anladı ki, Vera Pavlovna hər gün onun yanına gəlib balışının altına yüz dollar qoyan qadındı.
Saat altıda Vera Pavlovna gəldi - qatarda ilk dəfə gördüyü, sonrakı hər gündə öyrəşdiyi həmin qadından əsər-əlamət qalmamışdı: bəzəkli bir kuklaydı sanki.
Bir yerdə çıxdılar. Arbata gəldilər. Yavaş-yavaş gəzişəndə Vera özünü təqdim etdi, qısaca dedi ki, bu gündən bizdə qalacaqsan, tam sağalandan sonra işlərinin dalınca gedəcəksən, amma bir xahişim var, yadına sal, həmin gün nə olmuşdu. Bu xəstəliyin qayıtmaması üçün lazımdı.
- Vera Pavlovna, mən yalan danışmağı xoşlamıram, mənə yalan deyiləndə də dəli oluram, həmin gün mən yalan danışmışdım. Məndə qeyri-iradi olur, bəzən elə bir işin altına çiyin verirəm, bəzən elə bir öhdəlik götürürəm, hökmən möcüzə olmalıdı ki, mən o işi görüm, o sözə əməl edim. Bir neçə dəfə olub. Hər dəfə möcüzə baş verib, dediyimi eləmişəm. Bu hal mənə irad tutan, replika atan adam məndən üstün deyilsə, onda baş verir. O gün sinif yoldaşım məni təntitdi. Anidən dedim elə. Ondan ayrılandan sonra isə... anladım ki, mən dediklərimi heç yüz ilə edə bilməyəcəm, dediklərim heç möcüzəylə də olası deyil. Təsəvvür elə, ölkəyə, onun prezidentinə, müxalifətinə ağıl verən adamın lağ obyektinə çevrilməsini...
- Duraçok, - deyə Vera Pavlovna güldü. - Nəinki sənin, dünyanın prezidentləri, ziyalıları, siyasətçiləri, iqtisadçıları, müəllimləri, həkimləri yalan danışır. Hamı yalan danışır. Yalan danışmayan yoxdu. Düzünü bilib bilmirəm demək də yalan danışmaqdı.
- Bu təsəlli deyil, Vera Pavlovna.
- Bilirsən, gəl sənin dediklərini həyata keçirməkdə sənə yardımçı olum.
- Necə?
- Sənə ərə gəlim. Nikah kəsək. Toy edək. Dostlarını çağır. Görsünlər evin var, daçan var, ailən var.
- Vera Pavlovna, bu da yalan olacaq da...
- Demisən, elə. İstəsən qalarsan, istəsən gedərsən. Bu təkcə sənə lazım deyil, həm də mənə lazımdı.
- Sənə niyə?
- Mən toyla gəlin köçmək istəyirəm. İstəyirəm ki əynimə gəlinlik donu geyinim. Bu mənim arzumdu.
- Niyə indiyə qədər bunu etməmisən ki? Kimsə tapılmadı ki? Özü də sənə niyə problem olsun ki?
- Ehh, deyirsən də. Alınsaydı edərdim. Gəl, evlənək. Düşünmə də. Həm sən dediyini elə, həm də mən arzuma çatım. İndi isə... mənim yanımda sinif yoldaşına zəng elə, de ki səni evimə qonaq çağırıram. Dostlarına da de ki evlənirsən, evin var. Daçan var. Anana da de ki, narahat olmasın, paltarını yuyan, yeməyini bişirən var. Di haydı.
Həmən rayondan məhkəmədən ailəsi ilə ayrılmaq haqqında şəhadətnaməni gətizdirdi. Tərcümə elətdirdi. İki ay toya hazırlıq oldu.
Və dostlarını "Bakı" restoranına dəvət etdi:
- Gəlin yeyin için zəhərlənin, pulunuz lazım deyil. İstəyirsiniz dalınızca maşın göndərim.
Toy günü gələn olmadı dostlardan - bir-bir hamıya zəng elədi - toydan birbaşa reportaj yayımladı.
Moskvanın mərkəzində - Ağ evə pəncərəsi olan evdən şəkilləri sosial şəbəkədə yayımladı. Toy günü Kremldə, Arbatda, nə bilim gənc ailələrin nişan mərasimi üçün üz tutuduqları hər yerdən fotosessiya düzənlədi.
... Vaxt ötsə də, ürəyiylə bacarmadı. Vera Pavlovna ilə bu iki ayda nə qədər mehribanlaşsa da, ürəyinə yatsa da, hər şeyi onun adına keçirməyə hazır olan bu qadınla qalmaq istəmirdi.
- Vera Pavlovna, bilirəm, sən bu üç ayda azı 10 min dollar xərc çəkdin. Mənəvi dəstək oldun. Dəyəri azından 300 min dollarlıq hədiyyə etdin. Məni ikinci dəfə həyata qaytardın. Amma mən gedirəm. Getməliyəm. Sərbəst, azad olmaq istəyirəm. İncimə. Artıq kənddə də deyirlər ki, ağlı olsa, yaşayar. Mən ağıllı deyiləm. Onlar üçün fəxarətdir, nə bilim, yandı-qındıdır Moskvada evi, daçası, gözəl xanımı. Dostlarla danışığımı eşidirsən. Məni indi heç nə tərpətmir. Adamların düşüncəsi və ölçü meyarları məni iyrəndirir. Mən burda - sənin evində, sənin daçanda öz məcramda deyiləm. Yesəm də, içsəm də, əylənsəm də, zövq alsam da. Hətta xoşbəxt olsam da. 
- Narahat olma. Mən hər şeyi sənin adına keçirəndə bilirdim ki, bunlar səni tərpətməz. Sadəcə xəstəliyin bir daha qayıtmasın deyə etdim. Hətta sən iddia da etsən, vecimə deyil. Sən soruşanda ki, bəs niyə indiyəcən bunu etməmisən, onda demədim. Hamı elə evimi, daçamı istədi, məni sevib seçən olmadı. Moskvada mənim kimiləri saysızdı - çünki burada gözəl qadınlar çoxdu. Gözəllik həm də önəm daşımır. Faciə budu. Həm dəyərdi, həm seçimdi, həm də heç biri deyil. Mən həkim olmasaydım, bilməzdim sənin halını. Sənə yardımı isə ona görə etdim ki, mənim bunu etməyə imkanım vardı. Elə də fövqəladə sayma. Sən tamahsız adamsan. On mini mən bir ayda sanatoriyada xərcləyirəm. İki mağazam var. Xarici klinikada işləyirəm, yüksək maaşım. Hələ də məndən nəyisə soruşmayıbsan. Sən yaşamaq üçün mübarizə aparmırsan. Sən ölməyə can atırsan. Odur ki, səndən bir xahişim var: səni qatil və xəstə edəcək adamlardan uzaq ol! Anla ki, sən ayrı dalğanın, ayrı dünyanın adamısan. Və həm də başa düş, sən avantüristsən. Bu səni ölümə apara bilər, ən yaxşı halda türməyə. Sənin bu avantüristliyinə görə səni  öldürə də bilərlər. Əlbəttə, sənin intellektin, düşüncən, məni qarşılayıb yola salmağın, lazım olanı demədən etməyin, hər şeydən əvvəl baxışımdan anlamağın, ürəyimdən keçəni sezməyin, hər şey yaxşıdı... Sənin özün üçün dünyan var - bir azdan mən də o dünyanın tələblərinə cavab verməyəcəm. İnciyib ayrılmaqdansa, minnətdarlıqla ayrılmaq yaxşıdı - mən biləcəm ki, məni minnətdarlıqla sevən bir insan yaşayır. Sən insan kimi yaxşısan - adamlıq səviyyəsinə düşmə. İldə bir dəfə görüşək. Elə bir neçə gün. İmkanın olmasa, mən bilet alaram. Amma gəl, avantürist bəy!
 
***
Vera Pavlovna ilə ayrıldı. Toydan çox az sonra. Xəstəlik keçirmiş adama oxşamırdı. Yenidən Yura ilə görüşdü.Yenidən Zobiklə danışdılar. Yenidən kəndə getdi. Ona evlən, evin, ailən olsun deyənlərin dilini birdəfəlik dibindən kəsdi. Anlatdı ki mənim yaşam istəklərim ayrıdı. Davam etmək istədi azad həyatına, amma...
Vera Pavlovnadan ayrılandan çox az sonra həbs olundu. Onu öldürə də bilərdilər. Sadəcə polis hadisə yerinə özünü vaxtında çatdırdı. Vera Pavlovna düz demişdi - o, adamları seçə bilmirdi: onu qatil və xəstə edəcək adamları allah hər tərəfdən onun üstünə salırdı.
Türmədən sonra, sevgililər günündə Moskvaya uçdu - ilin tamamından dörd ay sonra. Vera Pavlovna inanmadı. Danışmaq istəməsə də, könülsüz qəbul elədi. Səbəbini biləndə... üzündəki-içindəki inciklik keçdi.
- Sən heç vaxt düzəlməyəcəksən. Sənin öyüd batan yerinə söyüd batıb. Mən indi hardan tapım bu yalan dünyada sənə yalan danışmayan və həm də səni sevən qadını. Hər şeyimi verməyə hazıram. Təəssüf ki, özümdən başqasına gücüm çatmır...
- Vera Pavlovna, danışmışıq səninlə, ildə bir dəfə görüşürük. Bəsdi.
- Mən bilirəm ki, sən dinc durmayacaqsan, axırda intihar edəcəksən. Sən xəstəsən! Sən özünü yalana qurban edəcəksən. Qal bu dəfə! Heç hara getmə!
- Görsəm intihara doğrudu, ya türməyə, gələcəm.
- Avantürist! Sən imkan tapmayacaqsan. Mən bunu bilirəm!
***
Aylardı başında intihar havası var. Vera Pavlovna Almaniyadan klinikadan ona teleqram göndərib: avantürist bəy, yaşamağı bacar, mənim xətrimə! Daça iyirmi illiyə sənin adına qalır. Haçan istəsən gəl...
***
Oturub ağlayırdı.
Vera Pavlovna xəbərdarlıq etmişdi: xəstəliyin qayıda bilər.
Vera Pavlovna xəbərdarlıq etmişdi: intihar edəcəksən!
Vera Pavlovna indi özü ölürdü!
İnandığı sonuncu doğruçu qadın!
Vera Pavlovnanın teleqramını alandan intihar havasındaydı! Dünya anlamını itirmişdi!
Dostlar, qohumlar heç cür depressiyadan çıxara bilmirdilər!
Günlərlə evdən çölə çıxmırdı. Artıq iyirmi kilo arıqlamışdı.
Vera Pavlovna ilə söhbətlərin birindən yadında qalmışdı: necə ölsən də öl, amma heç vaxt kasıb və miskin durumda ölmə! Bunu sənə bağışlamaram. Heç nəyi halal etmərəm. Qoy səni öldürsünlər, qoy səni tutsunlar, lap elə sən öldür, harda olsan, neyləsən gələrəm, kömək edərəm, amma miskin vəziyyətdə olma və ölmə!
***
İndi Vera Pavlovna bilməyəcəkdi! Çünki... bu dəfə də avantüraya getmişdi! Bu son idi! Avantüristlik bəyliyinin sonu!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az