Aydan Ay: "Gözlərinin yuxusunu qoxlayacağam..."
Aydan Ay
Yenə doğulmaq istədim,
bilmədilər!
...Suya toxunmaq öz yuxunu çin etməkdi- dedim,
balıqlar geri çəkildilər.
Eeey,
bir gözünü gördüyü yuxuda itirib kor qalan qoca,
bir gün
çiçəklər uçacaq,
quşlar gəlib gözlərini qoxlayacaq,
açılacaq gözlərin.
Əvvəl günəşin bətnində idi bütün körpələr...
İndi onların yuxularına şahidlik etmir
nə adamlar,
nə rənglər,
nə kölgələr.
...indi onlar bir şeirin kölgəsində ana gəzirlər,
sonra qaçırlar yol boyunca,
ağlayırlar
bir yuxunun ovucunda ölən adamların
tənha gözlərinə,
ağlayırlar doyunca!
...Bəs sən?!
Ey şeir,
gözlərin varmı?!...
Varsa mənə bağışla.
Gözlərinin yuxusunu qoxlayacağam,
sonra
get- deyəcəyəm,
deyəcəyəm-get yuxun yazsın səni..!
Miq.Az