Aydan Ay- SƏS (Esse)

Aydan Ay- SƏS (Esse)

Aydan Ay
 
Göylərin, rənglərin, ağaran danın, qəfil düşən axşamın, tale yorğunlarının xətrinə bu dəfə tək sən eşit məni əzizim, sükut...
Dünən gecə yenə adətim üzrə qopmuşdum hamıya tanış çoxluqdan... Bir ovuc torpaq vardı əllərimdə.  Onu gah üzümə sarı, gah göyə sarı tuturdum. Ona görə üzümə sarı tuturdum ki, qoy, bilsin bilirəm o çılpaq, o şəffaf həqiqəti... 
Ona görə göyə sarı tuturdum ki, qoy, bilsin biz nöqtələrin bənizindəki işığa, gözlərimizin içindəki uşağa həmişə, həmişə inanardıq. Söz -söz iməkləyərdik o işığa tərəf.
Yara almasın deyə qəlbi, fərəhlə, hünərlə qol açıb tələsərdik o uşağa tərəf.
Səninləyəm, əzizim sükut! 
Niyə unutduq körpə olaraq doğulduğumuzu?.. 
Niyə dönüb cəllad olduq qəfildən?..
Gör necə bədbəxtik ki, əlimizdəki bir ovuc torpaqda gül böyüdə bilmədik... Yaşama çağıra bilmədik. Sevdiyi rəngə boyanmadı...Qoymadıq gül ömründə əzizləsin onu bütün yaşıllar.
Təbəssüm edəcəkdi o hələ. 
Ürkək ürəyinin körpəsi idi o hələ.
Kimin ağrısını oyatsan belə içi aram -aram büdrəyər əlbət...
Hər görən göz görməzmis. 
Daha kimə səslənəsən, kimdən aman diləyəsən?!
Ey insanlıq, insaf et, belə tezliklə qeybə çəkilmə.
İndi bu viran zamanın sənə ehtiyacı var.
Sadəcə zamanın üzü gəlmir səsləməyə...  
Eeeey insanlıq!!!  
Zaman zaman deyil, ağrı -agrı dirçəlib böyüyən canlar əvvəl -axır ağrısından vurulursa, baxışlar bu qədər bulanıqsa, nə etməli?..
Hə, əzizim sükut, nə etməli?!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az