Aydın Canıyev: "Məni borclu saxlamaq olmaz!"

Aydın Canıyev:

Şair Etibar Etibarlı haqqında bir neçə söz...

Etibar Etibarlı mənim qədim-köhnə dostumdur və qədimdə qalmayan, köhnəlməyən dostumdur. Müəllimdir, şairdir, publisistdir deməsəm, xətrinə dəyər, xasiyyətini allah kəssin.
Azərbaycan ədəbiyyatında biz oxumuşuq, danışıblar istedadlı adamların sıxışdırılmağını, onlara paxıllıq edilməyini, amma görən olmayıb. Olubsa da, az olub, o görənlərdən biri də mənəm.
Etibar Etibarlı sovet dövründə Nəbi Xəzrinin uğurlu yol yazdığı şairdir!
1988-ci ildə Etibar Etibarlını redaksiyada görən Şakir Yaqubov ona 1969-cu ildə "Ulduz” jurnalında çıxan şeirlərini əzbərdən deyib.

Mən Etibar Etibarlı ilə bir redaksiyada işləmişəm. Yaxından tanıyıram: klassik şirvanlıdır! Xas Şamaxılıdır – adamlar belələrinə öz aralarında "acıdil” deyirlər. Həqiqəti qırmızı-qırımızı deməklərinə görə. Yaltaqlığı bacarmadığına görə.

Bir dəfə Zahid Sarıtorpaqla "Ədəbiyyat söhbətləri” layihəsinə başlamaq üçün söhbət etdim (təəssüf ki, bu günə qədər də hazırlayıb ortaya çıxarmamışam, amma ilk imkandaca Zahid Sarıtorpağın adına layiq formada təqdim edəcəm – hələ dəmə qoyulmuş kimidir) və sözarası dedim ki, sizi çox istəyirəm. Əlbəttə ki, mənim bu Ustad sənətkarla elə dostluğum-yoldaşlığım olmayıb, elə münasibət yaradacaq xeyirxahlıqlar, dəvətlər, təkliflər, dəyərlər olmayıb, duruxmağına həmən aydınlıq gətirdim:
- Ustad, məhz Şirvan ədəbi məktəbinin nümayəndələrindən yaltaq-yalaq çıxmır, rast gəlməmişəm. İstər musiqi, istər ədəbiyyat, istər jurnalistika olsun, istərsə də siyasi sferadan şirvanlı yaltaq çətin tapılar. Tapılsa da ya ərəbin burda qalan tör-töküntüsüdür, ya da qanıqarışığın biri.

Deyim, hesabınızı götürün: Etibar Etibarlı ilə Məzahir Süleymanzadə bir sinifdəmi, ya bir sinif fərqiylə bir məktəbdə oxuyublar, deyəsən. Hər necədirsə, dəqiq bildiyim odur ki, bu iki nəfər bir-birini orta məktəbdən tanıyır, mən bu yaxınlarda bilmişəm ki, Məzahir Süleymanzadənin həm də şeir yazmağı varmış. Deməli, Məzahir Süleymanzadə "Kommunist” qəzetinin baş redaktorunun müavinidir, özü də sözü keçən müavini! Etibar Etibarlı bu redaksiyada hansı işdə işləsə yaxşıdır?
Korrektor! – texniki heyətdə, yəni! İndi o "Kommunist”, yəni indiki "Xalq qəzeti”ndə elə imzaları müxbir, şöbə müdiri, hətta  redaktor müavini görürəm ki...

Etibar Etibarlı şeirləri illərlə yaddaqalan şairdir. 1988-ci ildə oxumuşdum əl boyda kitabından:

"Görən neçə qarışdır uzandığım torpaq, ayağımdan başımacan, 
dünyada qazandığım bu yaşımacan!”,

"Qanana da yazıq, qanmayana da, 
dad yarımçıq əlindən!”

Həə, Etibar Etibarlını 90-cı illərin əvvəlində qoyub getmişəm. İndi baxıram ki, Etibar qocalıb, Etibar yeriyə bilmir, Etibar... yaşlaşıb!
Etibar müəllim bilir xasiyyətimi: mən adamı harda qoyuramsa, onu qoyduğum yerdə axtarıram, qayıdanda qoyub getdiyim kimi görmək istəyirəm!
Bu nədi, ala? Nə qocalmaq, nə xəstələnmək, nə yaşlaşmaq!?
"Ömür deyir, qocalmışam? ”, yırt sinəni, çıxar ürəyini, əmt et: "Yaşa hələ!”
Mən gündə "Dayan, Ürəyim, Dayan” deyirəm, həyasızcasına döyünür, sənə nə gəlib, ay Etibar müəllim?
Kim bilməsə də, mən bilirəm axı, bu həyatda sənin ən ETİBARlı dostun ÜRƏYİNDİR!
Onunla dil tap, anlaş, yaşa, mən sənin 70 illik yubileyinə hazırlaşıram, bu yazı da "vinetka” üçündür deyə, balaca alındı – Sən böyük imzasan, böyük kişisən, Sənin Portretini çəkmək borcum var! Məni borclu saxlamaq olmaz!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az