Azadlıq bir qadın sevgisidir...

  Azadlıq bir qadın sevgisidir...
Hikmət NİKBİN
 


***

Qışın qanı axır qaranlıqlara…
Ağarır torpağın sinəsi dərddən!
Başını basdırıb buludlarda Ay
aparır özünü xəbərsiz kimi!
 
Qışın qanı axır qaranlıqlara...
Məni ayağıma qaytara səhər!
Qapı-pəncərəni bağlayıb VAXT da
girib saatımın içində yatır!
 
Qışın qanı axır qaranlıqlara...
...Küçə itləri də yatır özündə.
Evlərə aparan yolları bağlı 
Dibçək güllərinin eyninə deyil!
 
Qışın qanı axır qaranlıqlara...
...Nəfəsi ömrünün tərkində hələ!
 
 
***

Azadlığın anasıdır köləlik!
Bütün Azadlıqlar köləlikdən doğur!
Qətl edilmiş ağaclar
bəzəyir evlərin fasadlarını.
stul adında ölmüş ağacın üstündə
dincəlir Yaşıllar Partiyasının sədri!
Bütün qaranlıqlar kirlədir insanı!
Yarpaqlarla birgə rəqəmlər də tökülür ağaclardan!
Məni axtarma, Azadlıq,
adam deyiləm, axı!
Mən kölə ola bilmədim,
özümü öldürüb
adamlığımda kömülə bilmədim!
Azadlıq Bir qadın sevgisidir,
bütün vaxtlarda gəlir!
Öldürür səni bütün vaxtlarda!
Azadlığı aşıranlar
sözdən dağ aşıra bilmədi.
Axı
bütün divarlar
azadlıqlara görə hörülür !
Axı 
bütün qadağalar
divarlardan başlayır! 
…Hər tökülən qan da hələ Azadlıq deyil!
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az