"Azərbaycan gec-tez Ermənistanla üz-üzə gələcək"

Analitik Qarabağda münaqişənin həddən artıq ciddiləşdiyini yazıb

"Dağlıq Qarabağ münaqişəsinin ölü nöqtədən tərpənməsi üçün ermənilər işğal edilmiş rayonları azad etməyə başlamalıdır. Ermənistan isə bunun əksini edir. İrəvan sülh prosesini altdan-altdan pozur və bunda Azərbaycanı ittiham edir.”
İstiPress-in məlumatına görə, "Karnegi" fondunun böyük elmi işçisi, məşhur Britaniya analitiki Tomas de Vaal "Focus on Karabakh”ın redaktoru Emil Sanamyana müsahibəsində belə deyib.
Onun sözlərinə görə, bu gün Qarabağ münaqişəsinin həlli təsəvvür edilmir, problem yavaş-yavaş həllini tapmalıdır. Analitik bildirir ki, əgər tərəflər bir-birinə güzəşt etməsələr, növbəti toqquşmalar yalnız vaxt məsələsidir.
"Münaqişə bir halda həll oluna bilər: Əks tərəfin dərdinə şərik olmaqla, əks təqdirdə çətin olacaq. Şərait dəyişəcəksə, Azərbaycanın münaqişəyə münasibəti dəyişə bilər. Söhbət, ilk növbədə, ərazilərin qaytarılmasından gedir”, - Tomas de Vaal sözlərinə əlavə edib.
Britaniyalı analitik hesab edir ki, Qarabağ münaqişəsi addım-addım, qarşılıqlı güzəştlər yolu ilə həll edilməlidir.
"Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi. Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə həddindən artıq ciddiləşib. istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir” – de Vaal bildirib.
Britaniya analitiki deyir ki, ermənilər və azərbaycanlılar birlikdə yaşamağı bacarırlar və bunu onların Gürcüstanda, Rusiyada və başqa ölkələrdə sülh şəraitində yaşamaları da sübut edir.
"Ermənilər başa düşməlidir ki, onlar öz evlərini itirmiş və öz torpaqlarına qayıtmaq istəyən insanlara qarşı düşmən mövqedə dayanmamalıdırlar. Yaxşı bilirəm ki, prezident Sarkisyan bir dəfə "Ağdam ermənilərin vətəni deyil" deyə etiraf edib və bunun üçün tənqid edilib. Amma əslində o düzünü deyirdi. İndi hər iki tərəf öz hərbi, diplomatik və iqtisadi mövqelərindən çıxış edərək oyun oynayır. Və heç kim güzəşt etmək istəmir. Bu isə o deməkdir ki, onlar gec-tez yenidən qarşı-qarşıya gələcəklər". – Britaniyalı analitik deyib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az