"Azərbaycan müharibəyə başlamaq üçün cəbhəyə qüvvə və texnika cəmləşdirən an..."-EKSPERT



İrəvanda erməni ordusunun yaradılması gününə (1992-ci il yanvarın 28-i) həsr olunmuş tədbirdə separatçı Dağlıq Qarabağın "təhlükəsizlik şurasının katibi", müharibə dövründə Əsgəran alayının komandiri Vitaliy Balasanyan, "Artsaxın" müstəqilliyi tanınmasa, ətraf rayonlardan heç kəs bir qarış torpaq verə bilməz", bəyan etdi. 

Qarabağın separatçı rejimi əvvəlcə "Artsaxın" tanınmasını, sonra ətraf rayonların qaytarılmasında israr edir və Paşinyan bir çox səbəblərdən separatçıların mövqeyi ilə hesablaşmaq məcburiyətindədir və bu məsələdə onların əksinə gedə bilməz- "mənəvi müəllimi" Ter-Petrosyanın siyasi taleyi onun gözü qarşısındadır. Həm vaxtilə devrilməsi, həm 2018-ci ildə parlament seçkilərində, "Azərbaycana ərazi güzəştləri" fikrinə görə, uduzması.
 
Nizamlanma prosesini təhlil edərək, erməni ekspert dairələri müharibənin qaçılmaz olduğu və artıq yalnız zaman məsələsi olduğu qənaətinə gəliblər. Bəziləri, Azərbaycanın hərbi əməliyatlara başlayacağını bu ilin ortalarına(Paşinyan-Əliyev danışıqlarının nəticəsiz bitməsi zamanına) proqnozlaşdırır və müharibə "debutunu” ciddi müzakirə edirlər. Onların fikrincə, Azərbaycan müharibə başlamaq üçün cəbhəyə qüvvə və texnika cəmləşdirən an, "Artsaxın” müdafiəsi üçün ermənilərin preventiv(qabaqlayıcı) zərbədən başqa yolları yoxdur.

Hərbi nöqteyi nəzərdən obyektiv baxsaq, özündən çox güclü rəqibə qarşı doğru müdafiə strategiyasıdır. Biz onların yerində olsaydıq, biz də belə etməliydik. Necə ki, kiçik əraziyə malik İsrail öz ərazisində müdafiə oluna bilməyəcəyinə görə, ona hücuma keçməyə tam hazır olan, canlı qüvvədə, tank və təyarələrdə özündən 3-4 dəfə üstün ərəb ölkələri koalisiyasına qabaqlayıcı zərbə endirməklə( "Altı günlük müharibə”), ərəblərin planlarını alt-üst etmiş və onları məğlub etmişdi. Beynəlxalq aləmdə Ermənistanı İsraildən daha aciz və qorxaq görməyimiz yalnız məhsuliyətsizliyimizi və səhlənkarlığımızı artıra bilər və belə ssenariyə hazır olmasaq, sonrakı ağlımız zəif təsəlli olacaq. Güclüyə qarşı ən qeyri-adekvat tədbirlər məhz ən qorxaqdan olur. Sırf hərbi cəhətdən düşmənin "preventiv zərbə” strategiyasını onun özünə qarşı istifadə etmək mümkündür. Hərbçilərə bunun yolları məlumdur. Lakin bu düşünülmüş, hazırlanmış  ssenari olmalıdır.

Azərbaycan cəmiyəti isə məsələnin ciddiliyini hələ də dərk etmir. Biz hələ mübahisə edirik ki, "bu hakimiyət Qarabağı istəyir- istəmir”, "rus icazə verəcək-verməyəcək”, "Qarabağın yolu hakimiyət dəyişikliyindən keçir-keçmir” və s. və i. Burada, "tarix təkrar olunur” misalı ağla gəlir. Biz yenə düşüncədə düşməndən geridəyik.
 
Nazim Bayramov
Hərbi icmalçı, Qarabağ veteranı, ehtiyatda olan zabit
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az