Azərbaycan xalqına SƏSLƏNƏN GÖZÜYAŞLI ANA : “Ailəmizin Sevincini xilas edin!”

Azərbaycan xalqına SƏSLƏNƏN GÖZÜYAŞLI ANA : “Ailəmizin Sevincini xilas edin!”

Hər ailənin bir dərdi, min-bir çətinliyi var. Biz də digər sadə ailələr kimi bir qarnımız ac, bir qarnımız tox dolanırdıq. Çətinliklərimiz olsa da, ailə səadətimiz, mehribanlığımız və xoşbəxtliyimiz var idi. Lakin 2015-ci ildə Səadətimizi göz yaşı ilə itirdik. Bu kabusdan oyanmamış, indi Sevincimizi də itirmək təhlükəsi ilə qarşı-qarşıyayıq.

Mən Əliyeva Raifə Ağaxan qızı 2001-ci ildə ailə həyatı qurduqdan sonra 2002-ci ildə iki əkiz balalarım – Sevinc və Səadət dünyaya göz açdılar. 2006-cı ildə isə oğlum Nəcmin dünyaya gəldi. Kasıblıqla yaşasaq da, övladlarımız bizi xoşbəxt edirdi. Bütün çətinliklərə baxmayaraq, qızlarım məktəbdə nümunəvi şagird olaraq, valideyn kimi başımızı uca ediblər. Oğlum da hələ kiçik sinifdə təhsil alır, o da xeyli çalışqandır. 2015-ci ildə kiçik, kasıb, lakin xoşbəxt ailəmizdə bədbəxtlik üz verdi. Qızlarımın hər ikisi ürək xəstəliyindən əziyyət çəkməyə başladılar. Ürəyin sol qulaqcığında olan genişlənmə diaqnozu ilə qızlarımızı xəstəxanaya  yatırtdıq. Balalarım xəstəliyin verdiyi ağrıdan çığırır, ağlayır, acılarına bir dərman tapmağımız üçün kömək istəyirdilər. Həkimlər isə qızlarımın ürək fraksiyalarının zəif olduğu üçün müalicənin müsbət nəticələnməyəcəyini, qızların öləcəyini demişdilər. Qızım Səadətin səsi hələ də qulağımda səslənir -"Ana, nə olar, kömək et, dözə bilmirəm, kömək edin. Ay ata, məni ölməyə qoymayın, çox ağrıyıram, kömək edin!”. 

Yoldaşım Maqsud da mənim kimi çarəsiz idi, həkim-həkim gəzib, müalicə üsulu axtarırdı. Lakin bir nəticə əldə edə bilmirdik, həkimlər qızlarıma sadəcə 2 ay vaxt təyin etmişdilər. Biz buna inanmaq istəmirdik, axı qızlarım hələ körpə idilər, 14 yaşları vardı. Yuxusuz, göz yaşı ilə keçirdiyimiz gecələrin birində qızım Səadətinmüalicəyə baxmayaraq, xəstəliyin verdiyi ağrılar və digər orqanlara olan təsirləri nəticəsində ürək fraksiyası sürətlə azalmağa başladı və səhərə yaxın ailəmizdə günəş çıxmadı... Səadətimi göz yaşlarımla, ürəyim parçalanaraq itirdim. Ailəmizin Səadəti, canımın parçası məndən ayrıldı. O əzabı heç bir sözlə ifadə edə bilmirəm. Səadətimin itkisi məni intihar həddinə qədər dəli etsə də, mən Sevincin və Nəcminin də anası olduğumu xatırladım. Səadətimin acısını sadəcə hönkürtüylə, göz yaşıyla, bitmək-tükənmək bilməyən kabuslarla yaşadım. Ürəyimin yarısını basdırmışdılar qızımla birgə... Yaşamaqdırmı bu? Səadətimdən mənə qalan isə onun əkizi, evimizin Sevinci olmuşdu. İndi Sevinci də itirə bilərəmmi?

Sevinc həkimlərin qoyduğu müddətə baxmayaraq, müalicəyə müsbət cavab verdi. Biz Sevincimizə sığınaraq, Səadətimizin acısını ürəyimizdə çəkməyə başladıq. Sevinc təhsilini davam etdirərək, bu il kollecə qəbul olmuşdu. Təhsil almaq, savadlı kadr olub, ailəmizə, cəmiyyətə layiqli şəxs olmağı arzu edirdi. Lakin bu il qızım Sevincin ağrıları yenidən başladı və arzusu ürəyində qaldı. Xəstəliyi səbəbindən qrup yoldaşları ilə birgə dərslərə başlaya bilmədi. Biz üç il ərzində bu xəstəliyi araşdırmağa çalışmışdıq. Zaur Baxşəliyevin verilişində görmüşdük ki, ürək genişlənməsindən əziyyət çəkən neçə-neçə həmvətənimiz Belarusiyada əməliyyat edilərək, sağalıb. Biz təcili olaraq, Belarusiya Kardiologiya İnstitutu ilə əlaqə saxladıq, qızımın müayinə sənədlərini göndərdik. Sənədlərə baxış keçirdikdən sonra İnstitutun ürək cərrahiyyəsi üzrə ekspert həkimləri bildirdilər ki, Sevinc təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün 100 min ABŞ Dolları tələb olunur (170 min AZN). Pul toplanmadıqca və İnstitutun bank hesabına köçmədikcə Belarusiya Kardiologiya İnstitutu xəstəni müayinəyə belə qəbul edə bilmir.

Biz vəsaitin toplanması məqsədilə bank hesabı açdıq, sosial kampaniyalar yaratdıq. O cümlədən, ilk növbədə cənab Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla, bütün xeyirxah, yardımsevər insanlara, qurumlara, fondlara, təşkilat və şirkətlərə müraciətlər göndərdik. Lakin hazırda 20 gün keçsə də, müraciətlərimizə heç bir cavab almamışıq. "Bizimləsən” verilişində iştirak etmək üçün müraciətimiz qeydə alınsa da, hələ ki, verilişə dəvət olunmamışıq. Lakin əminik ki, Azərbaycanda yüzlərlə humanist, ürəyigeniş, yardımsevər insanlar var və onlar bizim səsimizi eşitsə, öz dəstəklərini əsirgəməyəcəklər.

Mən bu yazıda Azərbaycan xalqına, xalqımızın imkanlı şəxslərinə müraciət etmək istəyirəm:
 
 Mən bir qızını itirmiş, gözüyaşlı anayam. Allahdan arzum odur ki, heç bir insanı övlad əzabıyla sınamasın, heç bir valideyn övladını torpağa tapşırmaq acısını yaşamasın. Mən Səadətimin qoxusunu Sevincdən alıram, onun səsini, sevgisini Sevinc mənə verir. Sevinc mənim sadəcə qızım deyil, həm də Səadətimdən yadigarımdır. Biz Sevincimizi itirə bilmərik. Mən gözüyaşlı, ürəyi sınmış bir ana kimi bütün imkanlı analara səslənirəm – Sevincimi xilas edin, onun əməliyyatı üçün lazım olan vəsaitin hər hansı bir hissəsinin toplanmasında ailəmizə kömək edin. Biz 170 min manatın sadəcə 30 min manatını toplaya bilmişik. Vaxt isə getdikcə azalır, hər gün oyananda, Sevincimin yaşadığını görəndə Allaha şükr edirəm. Lakin əməliyyat tezliklə baş tutmasa, Sevinc bir daha oyana bilməyəcək, onunla birlikdə bizim sevincimiz də sönəcək. Ey insanlar, bizə kömək edin, Sevincin sevinci olun, Allah da Sizlərə Sevinc bəxş etsin.




Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az