"Azərbaycana qarşı hibrid müharibənin başlanğıcı"


Ərəstun Oruclu
Politoloq

Hələ iyulda düşmənin Tovuz istiqamətində hücumu zamanı demişdim ki, bu, artıq hansısa mövqe döyüşü deyil, bütün əlamətlərilə Azərbaycana qarşı hibrid müharibənin başlanğıcıdır. Təəssüf ki, həmin dövrdən bu günədək baş verənlər də bunu təsdiqləyir. 

İndi bizdə tez-tez belə fikirlər səslənir ki, guya, müharibə haqqında söz-söhbətlər ölkəni bürümüş çoxsaylı ağır problemlərdən diqqəti yayındırmaq üçün aparılan təbliğatdır. Bəzi həmvətənlərimiz isə bir qədər də uzağa gedərək, Azərbaycan hakimiyyətinin böhrandan çıxış yolunu savaşa başlamaqda gördüyünü iddia edir.

İkincidən başlayaraq, deyim ki, Azərbaycanın bugünkü ağır durumunda savaşa getmək intihara bərabərdir, odur ki, həmin versiya heç diqqətə layiq də deyil. Müharibə haqqında söz-söhbətlərin ölkəni bürümüş çoxsaylı ağır problemlərdən diqqəti yayındırmaq üçün aparılan təbliğat olması ilə bağlı isə deyim ki:

1. Yuxarıda qeyd etdiyim kimi, bunu ilk dəfə mən səsləndirmişəm, hakimiyyət isə uzun müddət belə bir təhlükəni ya anlamırdı, ya da ondan danışmamağa üstünlük verirdi. 
2. Azərbaycan hakimiyyəti bütün vasitələrlə nəinki müharibədən, hətta müharibə haqda müzakirələrdən belə qaçmağa çalışırdı. 
3. Mümkün müharibə haqda rəsmi dairələr və onlara yaxın media, şəxslər yalnız bu təhlükə reallığa çevrilməyə başlayanda danışdılar. Özü də çox ehtiyatla. Deməli, problemlərdən diqqəti yayındırmaq üçün müharibə təbliğatına əl atmaq versiyası da əsaslı görünmür. 

Odur ki, qayıdaq əvvələ - iyulun ortalarına. Müharibənin niyə mümkün olmasını hələ o zaman Rusiyanın Yaxın Şərqə çıxış əldə etmək istəyilə izah eləmişdim və bu gün də həmin fikirdəyəm. Çox təəssüf ki, Azərbaycan və Xəzər geosiyasi maraqların əsas toqquşma nöqtələrindən birinə (bəlkə də birincisinə) çevrilib. 

Formul isə olduqca sadədir: tərəflərdən biri (Rusiya) Cənubi Qafqazdan və əsasən də Azərbaycandan keçərək Yaxın Şərqə çıxmalı, digərinin Mərkəzi Asiyaya yolunu bağlamalıdır. İkinci tərəf isə (Türkiyə və müttəfiqləri) birincinin Yaxın Şərqə yolunu bağlayıb, özü üçün Mərkəzi Asiyaya çıxış əldə etməlidir. 

Hal-hazırda bu, məsələlərdə vəziyyət öz planını həyata keçirməyə tələsən Rusiya üçün daha mürəkkəbdir, nəinki əks tərəf üçün. Əvvəla ona görə ki, Cənubi Qafqaz ölkələrindəki vəziyyət qeyri-müəyyəndir. Məsələn, qarşıdan gələn Gürcüstan parlamentinə seçkilər və Ermənistanın durmadan Qərblə əməkdaşlığa can atması. 

İkinci, qarşıdan gələn ABŞ prezidenti seçkiləri sürprizlərlə nəticələnə və Vaşinqtonun xarici siyasət doktrinası köklü şəkildə dəyişə bilər ki, bu da Rusiya üçün yeni çətinliklər yarada bilər. Üçüncü, sürətlə inkişaf edən İsrail-ərəb ölkələri münasibətləri Yaxın Şərqdəki qüvvələr nisbətini dəyişərək, bölgəni Rusiya üçün "əlçatmaz" edə bilər. 

Bura İranın daxili vəziyyətinin mürəkkəb olmasını da əlavə etsək deməli, zaman bütün bəndlər üzrə Rusiyanın əleyhinə işləyir. Odur ki, Moskva tələsməlidir, çünki gecikmə həm də Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığının daha da dərinləşməsinə imkan verir ki, bu da onun yolunu daha da keçilməz edə bilər.

Əslində, müharibə heç ağır vəziyyətdə olan Ermənistanın da da marağında olmamalıdır, amma kiçik bir detalı nəzərə almasaq: bölgədə Rusiyanın hərbi-siyasi aləti olan Ermənistan onun dəstəyilə (daha doğrusu, əlilə) Azərbaycandan yeni ərazilər işğal edə biləcəyini düşünərək,  belə bir təhlükəli planda iştiraka imza atır. 

Bunu da deyək ki, xarici və daxili siyasəti Azərbaycan və Türkiyə ilə düşmənçilik üzərində qurulmuş Ermənistanda Paşinyan hökumətinin başqa seçimi da yoxdur. Ümid edək ki, müharibə olacağı hökmən deyil, amma bunu əsas götürüb ehtiyatı əldən verməməliyik. Çünki, sülh istəyən müharibəyə hazır olmalıdır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az