“Azərbaycanda insanların maaşla ləyaqətli yaşamağı mümkün deyil“ - Deputat

“Azərbaycanda insanların maaşla ləyaqətli yaşamağı mümkün deyil“ - Deputat
Qiymət artımı cəmiyyətdə sosial narazılığı daha da gücləndirir. Əhali bahalaşmaya görə hökumət üzvləri ilə yanaşı, parlamentariləri də günahlandırır. Cəmiyyətdə belə bir rəy var ki, deputatlar şəxsən bazar-dükana getmədiklərindən, alış-veriş etmədiklərindən bahalaşmadan xəbərsizdirlər.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, hər kəs kimi deputatların da qiymət artımından agahdır:

"Azərbaycanda qiymət artımından kimin xəbəri yoxdur ki?! Hər bir kəsin bahalaşmadan xəbəri var, o cümlədən deputatların. Zaman-zaman bunu Milli Məclisin tribunasından səsləndiriblər. Çıxış yolu tapılmasını istəyirlər. Amma bu gün təəssüf ki, qiymət artımı bütün dünyada baş verir. Azərbaycan isə özünü qoruya, dünyada baş verən hadisələrdən sığortalaya bilmir”.

Deputatın sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün idxal olunan malların müəyyən rüsumlardan azad edilməsi vacibdir:

"Yaxud da rüsumlar azaldılmalıdır ki, mal-əmtəə Azərbaycana daha ucuz qiymətə gəlib çatsın. Ölkədə istehsal olunan məhsullara tətbiq olunan güzəştlər artırılsın, vergilər azaldılsın. Beləliklə, qiymətlər insanların cibinə uyğun olsun. 

Bax bu iki məsələni ciddi şəkildə hökumət səviyyəsində araşdırılmasına ehtiyac var. Hələ ki bununla bağlı qərar qəbul olunmur”.

R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycanda vətəndaşların qazancları kifayət qədər deyil:

"Əmək haqları rəqabətli deyil. Pensiyalar, minimum əmək haqqı çox aşağıdır. Bütün bunlar da insanların ay ərzində ləyaqətli yaşayışına bəs etmir. Qaz və işığın qiymətlərinin artması da insanlara xeyli təsir edib. Müəyyən addımlar atılmalıdır ki, qiymətlərin azaldılmasına gətirib çıxarsın”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az