Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək – YENİLİK

Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək – YENİLİK
Azərbaycanda fəaliyyət göstərən işədüzəltmə şirkətləri dövlət qurumlarının nəzarətinə götürüləcək.

Miq.az xəbər verir ki, bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, məqsəd ölkədəki real iş yerləri və işə düzələn vətəndaşlar barədə dəqiq məlumat almaqdır. Bu tədbirlər Azərbaycanda qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı Tədbirlər Planı çərçivəsində aparılır.
Hazırda Azərbaycanda pulla işədüzəltmə xidməti təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətləri var. Bu şirkətlərin artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu da əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanını artırır.
Bununla yanaşı, nazirlik bildirir ki, özəl işədüzəltmə şirkətləri öz fəaliyyətləri barədə nazirliyə məlumat verməli olacaqlar. Hazırda işədüzəltmə şirkətləri faktiki olaraq heç bir quruma hesabat vermir. Onlar yalnız  sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq vergi xidmətində qeydiyyata alınır və vergi ödəyicisi kimi Vergilər Nazirliyinə hesabat verirlər. Bu da indiki qanunvericiliyə uyğundur. Amma ƏƏSMN əmək bazarına daha yaxşı nəzarət etmək üçün həmin şirkətlərdən də hesabat istəyəcək. 
Nazirlikdə hesab edirlər ki, işədüzəltmə şirkətləri həm iş yerləri, həm də iş axtaran vətəndaşlar haqqında məlumat verməlidirlər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilərək işədüzəltmə şirkətləri qarşısında belə tələb qoyulacaq: "İşçi qüvvələrinin düzgün yerləşdirilməsi baxımından həmin şirkətlərin fəaliyyətinin tənzimlənməsinə və bu sahədə normativ-hüququ bazanın dəyişdirilməsinə ehtiyac var. 
Nazirlikdə bildirilir ki, burada məqsədlərdən biri real olaraq axtaran vətəndaşların müəyyən edilməsidir: "Ola bilər ki, həmin şəxs bizdə işsiz kimi qeydiyyatdan keçib müavinət alır, amma reallıqda o, artıq iş tapıb və işləyir. Yeni yanaşma bu halların qarşısını almalıdır".
Yeni tətbiq olunacaq qaydalara görə, işədüzəltmə şirkətlərinin hamısı Vergilər Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də hesabat verməli olacaqlar: "İndiyədək onlar adi hüquqi şəxs kimi işləyirlər. Ona görə də nazirlik nə işə düzələnlər, nə də iş yerləri haqqında məlumat ala bilirdilər. Bundan sonra isə məlumat verəcəklər".
Amma Vergilər Nazirliyinə verilən hesabat sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda, ƏƏSMN-ə verilən hesabatda iş yerləri, iş axtaran vətəndaşlar, eləcə də, artıq iş tapmış vətəndaşlar barədə məlumat olacaq. Nəticədə vahid vakansiya bazası yaranacaq və bu baza məşğulluq sisteminə inteqrasiya ediləcək.
Yeniliklər təkcə işədüzəltmə şirkətlərinə deyil, bütün şirkətlərə aid olacaq. Nazirlik, ümumiyyətlə, ölkədəki bütün özəl şirkətlərdən iş yerləri barədə məlumatı tələb etmək niyyətindədir. Qeyd edək ki, belə tələb indi də mövcuddur və qanuna görə, bütün şirkətlər və dövlət qurumları buradakı boş iş yerləri - vakansiyalar haqqında məlumatları məşğulluq xidmətinə verməlidirlər. Hətta bunu etməməyə görə cərimə də nəzərdə tutulub. Amma  müşahidə göstərir ki, şirkətlər bu tələbə o qədər də əhəmiyyət vermirlər, ona görə də məşğulluq xidməti vakansiyaların əksəriyyətindən xəbərsiz olurdu.
İndi isə vəziyyət dəyişəcək. Əvvəla, bu cərimələrin məbləğinin bir neçə dəfə, bəzi təkliflərə görə 10-12 dəfər artırılması nəzərdə tutulur. İkincisi, bu prosesə nəzarət də daha ciddi və sistemli olacaq. Belə ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən şirkətlərdən tələb olunacaq ki, onlar buradakı vakansiyalar barədə məşğulluq xidmətinə dərhal məlumat versinlər. "Əgər şirkət yaradılırsa, deməli, burada işləyənlər də olacaq, tələbimiz də odur ki, bütün iş yerləri haqqında bizə məlumat versinlər". Amma bu tələb şirkətlərə mane olmayacaq ki, özlərinə işədüzəltmə şirkətləri vasitəsilə də iş axtarsınlar. Başqa sözlə, şirkət öz iş yerləri haqqında məşğulluq xidmətinə məlumat verməklə yanaşı, işçiləri işədüzəltmə şirkətləri vasitəsilə də axtara biləcəklər. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az