“Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur” – Baş infeksionist

“Azərbaycanda qrip virusunun yayılması təhlükəsi yoxdur” – Baş infeksionist

"Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”.


Bunu "Report”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, vaxtaşırı həkim müayinəsindən keçmək vacibdir: "Qrip vürusunun gedişində orqanizmdə bir çox ağırlaşmalar, o cümlədən tənəffüs yollarında, eləcə də ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda ciddi narahatlıqlar müşahidə olunur. İnsanların konservləşdirilmiş qidalardan uzaq durmaları məsləhətdir. Bitki ilə zəngin qidalara üstünlük verilməli, qida rasionunda müxtəlif meyvə və tərəvəzi artırmaq lazımdır. Tərəvəzləri isə daha çox bişmiş yox, çiy halda yemək məqsədəuyğundur. Əgər kimsə qripə yoluxarsa, ilk növbədə özü bunun qarşısını almağa çalışmalıdır. İşə getməməli, tempratur olduğu müddətdə yataq şəraitində qalmalı, məcburən işə gedirlərsə, o zaman qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməlidirlər. Hətta evdə də maska taxılmalıdır. Eləcə də ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır”.

C.İsayev əlavə edib ki, ölkədə epidemiolji xarakter daşıyan hansısa virusun yayılması təhlükəsi yoxdur: "Lakin qriplə bağlı hər zaman təhlükəli vəziyyət ola bilər. Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı da var. Bunun qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər isə çox vaxt effekt vermir. Çünki qrip çox sürətlə yayılır. Bəzən vətəndaşlarımız buna ciddi yanaşmırlar. Amma qrip təhlükəsinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Çünki bu, kifayət qədər ciddi və ağır nəticələr verə bilir”.

Baş infeksionist həmçinin, insanlar arasında sıx müşahidə olunan koksaki virusu barədə də danışıb. Koksaki virusunun enteroviruslara aid olduğunu xatırladan C.İsayev vurğulayıb ki, buna yalnız uşaqlar deyil, böyüklər arasında da rast gəlinir: "Koksaki daha çox yaz-payız fəsillərində özünü büruzə verir. Bu zaman həmin virusların ətraf mühitə yayılmasına şərait yaranır. Bu xəstəlik zamanı ağızda, əl və qollarda balaca yaralar əmələ gəlir, hərarət, boğaz ağrısı, ürək bulanma, qusma, ishal kimi kliniki əlamətlərlə təzahür edir. Bu virus əsasən su, müxtəlif qidalar, həm də hava damcı yolu ilə də keçə bilər. Törətdiyi xəstəlik kliniki gedişə malik olur. Daha çox respirator xəstəlik olub qripi xatırladır. Bu zaman orqanizmin immun sistemini gücləndirmək, temperatur varsa yaşam şəraitini yaxşılaşdırmaq, düzgün qidalanmaq, pəhriz saxlamaq lazımdır”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az