Azərbaycanda sonsuzluq halları artıb

Azərbaycanda sonsuzluq halları artıb
"Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Ancaq bu, valideynlərin istəyi ilə deyil, sonsuzluq hallarının artması ilə izah edilir".

Miq.az  xəbər verir ki,  bunu Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova ölkədə antenatal qulluğun təşkilinə dair keçirilən tədbirdə çıxış edərkən deyib.
Sonsuzluğun səbəblərinin müxtəlif olduğunu deyən Z.Muradova sonsuzluq hallarının baş verməsində kişi faktorlarının da üstünlük təşkil etdiyini söyləyib.
O bildirib ki, antenatal qulluğun keyfiyyəti tibb müəssisəsinə gəlişin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamiləliyin gedişinə nəzarət, vaxtında həkimə müraciət edilməsi, ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamilələrə fiziki, mənəvi dəstəyinin səviyyəsi və s. ilə müəyyən olunur.
Şöbə müdirinin sözlərinə görə, bütün hamiləlik boyu qadının 1 tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 dəfə gəlməsi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28, 30-32, 34-36, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur.
Z.Muradova deyib ki, hamiləliyi ağırlaşdıran faktorlar bir neçə qrupa bölünür. Bu sıraya sosial-bioloji faktorlar, yəni yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr, atanın yaşının 40-dan çox olması, zərərli vərdişlər və s. aiddir: "Bu faktorlar sırasına mama-ginekoloji anamnez amili də aiddir. Burada söhbət doğuşların sayı 4 və daha çox olan hamilə qadınlardan, təkrar və ya fəsadlaşmış abortlardan, uşaqlığın inkişaf qüsuru olan hamilə qadınlardan, sonsuzluqdan, induksiya olunmuş hamiləlikdən, uşaqlığa cərrahi müdaxilənin edilməsindən, inkişafdan qalmış hamiləlikdən və s. gedir. Hamiləliyi ağırlaşdıran faktorlara ekstragenital xəstəliklər - hipertenziya, ürək-damar xəstəlikləri, hemostaz pozğunluqları, qaraciyər xəstəlikləri, psixi xəstəliklər, epilepsiya, onkoloji xəstəliklər, HİV infeksiyası və s. aiddir".
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az