Azərbaycanın yeni 71 yaşlı baş nazirinin – Həyat yolu

Azərbaycanın yeni 71 yaşlı baş nazirinin – Həyat yolu

Milli Məclis Prezident İlham Əliyevin baş nazir vəzifəsinə təqdim etdiyi PA şöbə müdiri Novruz Məmmədovun namizədliyini təsdiqləyib.

Miq.Az xəbər verir ki, Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

N.Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən N.Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

2002-ci ilin yanvarında prezident fərmanı ilə ona "Fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.

N.Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.

N.Məmmədov 12 aprel 1997-ci ildən 1 iyun 2017-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci ildən 1 iyun 2017-ci ilə qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, 1 iyun 2017-ci ildən indiyə qədər isə Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifələrini icra edib.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilən N.Məmmədov Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

O, onlarla kitabın, 150-dən çox məqalənin müəllifidir. Onun yüzlərlə tərcüməsi və rəhbərlik etdiyi, baş redaktoru olduğu nəşrləri var.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az