Bakı İrəvana Qarabağla bağlı konkret vaxt verdi

Bakı İrəvana Qarabağla bağlı konkret vaxt verdi
"Ermənistanın ya "hə", ya da "yox" cavabı vermək şansı qalıb"

"Sabah Moskvada keçiriləcək Lavrov-Məmmədyarov-Nalbandyan görüşündən Qarabağ münaqişəsi ilə bağlı müsbət nəticə gözləmək lazım deyil. Lakin Azərbaycan Ermənistana sonuncu dəfə konkret olaraq möhlət verib".

Bunu İstiPress-ə politoloq Tofiq Abbasov Moskvada keçirilməsi planlaşdırılan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin gözlənilməz görüşünü şərh edərkən deyib.
Nazirlərin görüşü ilə bağlı Azərbaycan və Ermənistan mediasında xəbərlər yayılsa da, Rusiya tərəfi susurdu. Erməni mətbuatında hətta xəbər yayıldı ki, görüş baş tutmayacaq. Nəhayət ötən gün Rusiya XİN görüşün aprelin 28-də Moskvada keçiriləcəyini bəyan etdi. Hətta bildirilir ki, Moskva İrəvana təzyiq göstərərək Nalbandyanı görüşə gəlməyə məcbur edib.
Tofiq Abbasov bu səbəbə görə üçtərəfli görüşdən nəzərəçarpacaq dərəcədə nəticə gözləmədiyini bildirib.
"Çünki Ermənistan tərəfi danışıqlara hazır deyil. Yenə də prosesi süründürür, dalana dirəyir. Rusiya və digər ölkələr də yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsində əsas maneə Ermənistandır. Çünki rəsmi İrəvanın mövqeyində, yanaşmasında heç bir dəyişiklik yoxdur. Əgər onların imkanı olsaydı, ümumiyyətlə bu görüşlərə gəlməzdi və boykot edərdilər. Sadəcə olaraq Rusiyadan, Beynəlxalq təşkilatlardan çəkinirlər”, - deyə politoloq deyib.
 
 
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq münaqişə ətrafında gedən proseslər dəyişikliklərə bir növ hamilədir.
"Ermənsitdanda aprelin 2-də parlament seçkiləri keçirildi. Ən azı gələn ildən Ermənistan parlament respublikası olacaq. Azərbaycan tərəfi də bunu başa düşür və onlara qısa müddətli möhlət verib. Biz onların problemini dəfələrlə anlamışıq. 1998-ci ildə Ermənistanda çaxnaşma baş verdi, hakmiyyət dəyişikliyi oldu. Heydər Əliyev həmin vaxt onlara möhlət verdi. Elə bir məqam idi ki, Azərbaycan radikal yolla məsələni dəyişə bilərdi. 1999-cu ildə parlamentdə gülləboran oldu. Yenə Azərbaycan onların daxili işinə qarışmadı. Halbuki ölkə daxilindəki bu qarışıqlıqlardan Bakı istifadə edə bilərdi. 2008-ci ilin mart hadisələrində də əhaliyə atış açıldı, toqquşmalar baş verdi. Xaosdan sui-istifadə etmədik. Bir növ Azərbaycan centlmensayağı addım atıb.
Bu dəfəki isə sonuncu möhlətdir. Bundan sonra mövqe bildirməsələr, vəziyyət birmənalı şəkildə dəyişəcək. Bu müddət ərzində Ermənistan münaqişə ilə bağlı öz mövqelərini, nə istədiklərini ortaya qoymalıdır. Rəsmi Bakının mövqeyi bəllidir: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - politoloq sözlətinə əlavə edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri altdan-altdan Ermənistana kömək etsələr də yaxşı başa düşürlər ki, İrəvan kompromisdən yayınır və bunun axırı pis qurtara bilər:
"Qırmızı xətti keçməməkdən ötrü Sarkisyana təzyiq göstərməlidirlər və edəcəklər. Lakin bu, tezliklə baş verməyəcək. Ermənistan parlament respublikasına keçdikdən sonra Qarabağ münaqişəsi ilə bağlı "hə” və ya "yox” cavabını konkret verməlidir. İstər-istəməz söz deməyə, mövqe bildirməyə məhkumdurlar və bundan qaça bilməyəcəklər. Əks halda Azərbaycan öz gücünü hərbi yolla göstərəcək.”
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az