Bakıda qədim bina qəzalı vəziyyətə düşüb – Sakinlər köçürülür

Bakıda qədim bina qəzalı vəziyyətə düşüb – Sakinlər köçürülür
Prezident İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.

Bunu "Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb: "Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.
Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanmışdır. Həmin ildə binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunmuşdur.
Son illərdə binada vəziyyət daha da ağırlaşmış, 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, "Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunmuşdur.
Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildirmişlər.
Ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olmuş, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olmuş, istək və arzularını dinləmişlər.
Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, bildirmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib.
Görüşdə edilən müraciətlərlə bağlı yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı müvafiq tapşırıq verildi. Eyni zamanda binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edildi.
Eldar Əzizov bildirmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu bunada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilmış, məsələ nəzarətə götürülmüşdür. Həmçinin sakinlərə bildirilmişdir ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmamışdır.
2 saatdan çox çəkən görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə mövcud Qanunvericiliyə uyğun olaraq real imkanlar dxilində hər cür köməklik göstəriləcəyini, binada köçürülmə işlərinin nəzarətdə saxlanılacağını qeyd etmişdir. Sakinlər görüşdən razı qaldıqlarını bildirmişlər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az