Bakıda təhlükəli avtobus şütüyür, diqqət yetirən isə yoxdur

Bakıda təhlükəli avtobus şütüyür, diqqət yetirən isə yoxdur

Sürücülər sərnişinlərin həyatına təhlükəyə atsa da, BNA heç bir tədbir görmür

Sentyabrın 10-da Bakı Nəqliyyat Agentliyi məlumat yayıb ki, 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətin məlumatında bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Burada həmçinin qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

BNA-nın bu addımı təqdirəlayiqdir. Çünki məsuliyyətli vətəndaşlar sayəsində son illərdə sosial şəbəkələrdə Bakıda avtobus sürücülərinin yaratdığı biabırçı vəziyyəti əks etdirən videokadrlar yayılır. 216 saylı marşrutun da adı bu istiqamətdə hallandırılırdı.

Lakin paytaxt nəqliyyatçıları bu problemin həllinə diqqət ayırarkən 216 saylı marşrutun fəaliyyətinə dırnaqarası baxıblar. Çünki orada qayda pozuntuları o qədər çoxdur ki, onu nəinki sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün müsabiqəyə çıxartmaq, hətta sürücülərini inzibati məsuliyyətə cəlb etmək lazımdır.

Azərbaycan KİV-lərində, eləcə də Sputnik Azərbaycan-da dəfələrlə məlumatların yayılmasına baxmayaraq, BNA-nın məsul şəxslərinin səhlənkarcasına fəaliyyətsizliyi nəticəsində 216 nömrəli marşrutun sürücüləri hər gün avtobusları qapıları açıq şəkildə idarə etməklə sərnişinlərin həyatı və sağlamlığını təhlükəyə atırlar.

Baxmayaraq ki, 216 nömrəli marşrutun sərnişinləri dəfələrlə öz narazılıqlarını bildiriblər və şikayət ediblər, BNA bunları qulaqardına vurub. Çəkilmiş vidoeçarx bir daha həmin marşrutun sürücülərinin nə dərəcədə məsuliyyətsiz olduqlarını göstərir: onlar təhlükəsizlik qaydalarına əhəmiyyət verməyərək sərnişinlərin qapılardan sallanmasına imkan verir, bu şəkildə də avtobusu idarə edərək onların həyatını təhlükə altına atırlar.

Bütün bunlara baxmayaraq, nəyə görəsə BNA sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsidə bir sıra marşrut xətlərini müsabiqəyə çıxarsa da, 216 sayı marşrut xətti istisna təşkil edib. Bu məsələ sərnişinlər üçün həmin marşrutun qapıları kimi açıq qalır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az