Bakıya qar gəlir, yollar buz bağlayacaq

Bakıya qar gəlir, yollar buz bağlayacaq
Hər fəslin öz gözəlliyi var, ancaq bununla yanaşı çətinlikləri daha çoxdur. Məsələn, ən adilərini götürsək,  payızın yağan yağışı ilə küçələrdə dizə qədər çıxan su, yayın istisində metro və avtobuslarda yaranan xoşagəlməz ab-hava.
Ancaq ən çətini qışdır desək, yəqin ki, yanılmarıq. Qarşımızda duran ən çətin sınaqdır qış fəsli. Xüsusən də qar. Düzdür, qarın yağması təbbi hadisədir və buna ən çox uşaqlar sevinir. Uşaqlar həm də bəyaz qara bənzəyən nağılları da daha çox sevirlər. Ancaq təəssüflər olsun ki, gerçək nağıllardakı kimi isti sobanın yanında oturub, ətrafın ağ örpəyə bürünməsini seyr edərək nənələrin danışdığı nağıllar kimi deyil.
Xəyallarımızdakı qar:

Gerçək həyatdakı qar və nəticələri:
 

Hələ ki, qış ayını yaşasaq da qış fəsli ölkəmizə təşrif buyurmayıb, qar yağmayıb. Bəlkə də bu, Allahın Bakı əhlinə bir lütfüdür. Ancaq bu, heç gəlməyəcək demək deyil. Sinoptklər artıq yaxın günlərdə havanın hərarətinin aşağı düşəcəyi  və qar yağacağı barədə xəbərdarlıq ediblər.
Maraqlıdır, Bakımız bu qışa hazırdırmı?
"Hazırıq” cavabını o vaxt deyə bilərik ki, qışın gətirdiyi çətinliklərə vaxtında hazır olasan. Çünki qışa hazırlıq təkcə o demək deyil ki, isti geyimin, pal-paltarın olsun, evdən çıxanda üşüməyəsən. Bəlkə də bu, imkanı olanlar üçün işin ən asan tərəfidir. Əsas məsələ odur ki, gərək insanların yaşadığı və işlədiyi yerlərə – mənzillərə, sosial obyektlərə normal elektrik, istilik, mavi yanacaq verilsin.
Bəs bizdə necədir? Qışa ciddi hazırıqmı? Yaşayış binaları, sosial obyektlər istilik və elektrik enerjisi ilə təmin olunurmu? Rəsmi məlumatlarla tanış olduqdan sonra adama elə gəlir ki, bu qış heç kim evində donmayacaq, hamı istidən qapı-pəncərəni taybatay açacaq, işıq da ki, "bol olacaq”, düyməni bas, nə qədər istəyirsən yandır. Yəni həmin məlumatlarda hər hansı problem, yaxud çətinlikdən söhbət belə açılmır. Lakin reallıq xeyli fərqlidir.
Çox da uzağa getmədən əvvəlki iki ilə nəzər salsaq, hər şey gözümüzdə daha dəqiqləşəcək. Artan tıxaclar, iflic olan yollar, baş verən qəzalar, dizə çıxan palçıq, əriyən qarın yaratdığı fəsadlar və s. Siyahını uzatmağa o qədər də gərək yoxdur. Bütün şəhərin mənzərəsi gözümüzdə canlandı. Və nə təssüf ki, öncəki illərdə də bu analoji hal təkrarlanıb.
Hər ilin qış mövsümünün başlanğıcında aidiyyatı qurumlar vədlər verərək bu ilin daha rahat keçəcəyini söyləyir.
Bu il istilik sisteminin noyabr ayının 15-dən veriləcəyi açıqlanandan bəri gözləri yolda qalan sakinlərdən ancaq bəzilərinin üzü güldü. Bəziləri isə hələ də vəd olunan istiliyin evlərinə təşrif buyuracağını səbrsizliklə gözləyir.
"Bakıelektrikşəbəkə” bu ildən işığın qiymətinin qalxa biləcəyi ehtimalı olduğunu irəli sürərək sakinlərə "şad” xəbərini verdi.
İşığın qiymətinin qalxması da o deməkdir ki, bütün sahələrdə qiymət artımına səbəb olacaq.
Yollardakı vəziyyətin necə olacağını isə təssəvür etmək çətin deyil. Yağan yağışlardan sonra Bakı küçələrindəki mənzərə sakinlərə heç də yad deyil.


Bütün bunlara baxmayaraq, ümid edirik ki, bu il gücləndirilmiş iş rejimində çalışacağını söz verən aidiyyatı orqanlar yollarda təhlükəsiz və rahat hərəkəti təmin etmək üçün əllərindən gələni edəcəklər. İstilik sisteminin verilməsi bütün evlərə şamil olunacaq. Və qardan sonra sakinlər bərbad vəziyyətə düşən yollarda dizə qədər palçığa batmayacaq.
Yazının əvvəlində verdiyimiz suala cavab olaraq sonda ancaq onu deyə bilərik ki, Bakının qışa hazır olub-olmadığı ancaq qar yağdıqdan sonra bəlli olacaq.//A24.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az