Başçının Lənkəran və Qaradağdakı əməlləri araşdırılır

Başçının Lənkəran və Qaradağdakı əməlləri araşdırılır

Ölkədə sahibkarların incidilməsi, sıxışdırılması ilə bağlı arxivin açılmasına başlanıb. Hüquq-mühafizə orqanları toz basmış materialların üstünü silərək ayrı-ayrı məmurlar barəsində toplanmış dosyeləri yenidən nəzərdən keçirir. Bir neçə icra hakimiyyəti rəhbərlərinin əməllərinin təftişinə start verildiyi qeyd olunub.

Onların daha əvvəlki dövrlərə söykənən fəaliyyəti, barəsində toplanan müraciət və şikayətlər, o cümlədən müxtəlif vaxtlarda işlədikləri rayonlardan gələn məlumatlar təkrar yoxlanır. Qaradağın icra başçısı Süleyman Mikayılovun da Lənkəranda rəhbər olduğu dövrdən bu yana barəsindəki bütün şikayətlər cinayət dosyesi halında toplanıb. Lənkəran və Qaradağda iş adamlarına divan tutan S.Mikayılov respublikada sahibkarları ən çox incidən başçılardan biri kimi tanınır. S.Mikayılov Lənkəranda bir çox obyekt sahiblərinə hərbə-zorba gələn, onları hətta döyən bir rəhbər kimi yadda qalıb.

Hətta xəstəxananın baş həkiminə belə hücum çəkmişdi. Qaradağ rayonunda da əməllərini davam etdirən Mikayılov barəsində çoxsaylı şikayətlər prezidentə göndərilib. Çünki Qaradağın meri sahibkarlara illərdir divan tutur. Sonuncu missal – Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının elektrik enerjisi kəsilib.

Qaradağda daş karxanası olduğunu bildirən sahibkar məktubunda yazır: "2012-ci ildən daş karxanaları icra başcısına haqq ödəyir. Lakin bu ilin mart ayında Süleyman Mikayılov özü daş karxanalarını gəzib. Bundan sonra icra başçısına ödəniləcək məbləğ 10000 manatdan 30000 manata qaldırılıb. Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlayıb. Sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub. Əslən Goranboy rayonundan olan Akif adlı sahibkar isə öz öz sexini Süleyman Mikayılova verərək bu işdən birdəfəlik imtina edib.

Goranboylu sahibkar hər kəsin içərisində özünə məxsus sənədləri icra başçısına təqdim edərək, 30000 manatı ödəyə bilməyəcəyi üçün ərazini icra başçısına hədiyyə etdiyini bildirib. Bundan sonra icra başçısı və adamları narazı sahibkarları icra hakimiyyətinə dəvət etdi. Lakin biz bu qədər məbləği ödəməyəcəyimizi dedikdə,icra başçısı əsəbləşərək bunu rayonun abadlıq işləri üçün yığıldığını bildirdi.

Əslən Laçından olan Miri adlı sahibkar isə icra başçısının qəbulunda bildirdi ki, təzyiqlər davam etsə o özünü icra hakimiyyətini qarşısında yandıracaq. İcra başçısı Süleyman Mikayılov Laçınlı sahibkarı qəbul otağından qovdurdu. Əsl həngamə də bundan sonra başladı. Adını unutduğu sahibkar icra başçısının qəbul otağında təhqir edildi və hər kəsin gözləri qarşısında döyüldü”.

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Dia.az-ın bildirdiyinə görə, əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır. Qarşı tərəfi dinləməyə hazırıq. (tia.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az