Bədəni qəlpəli, kontuzliyalı, unudulmuş qadın döyüşçülərimiz- İradə İsaq YAZIR

Bədəni qəlpəli, kontuzliyalı, unudulmuş qadın döyüşçülərimiz- İradə İsaq YAZIR

İradə İsaq

Cümşüd Nuriyevə biri desin Qarabağ döyüşündə Qəqəni vardı Qəqəni. 16 yaşlı qız. Qız olduğunu bilməsinlər deyə saçını oğlan kimi vurdurub, oğlan kimi geyinib Çingizin avtobusunda Qarabağda döyüşə gedən qız. Qəqəni son günə qədər döyüşdü. İndi də FHNdə çalışır. Ailə qurmayıb. Adı Kəmalədir.

Aida Şirinova var. Komandir idi komandir. Qadın komandir! Bir misra şeirinin altında qoyar sizi, Nuriyev. Aida xanım polis polkovnikidir. DİNdə çalışır indi. Aida xanımın mədəniyyəti, etikası yüz qadına nümunədir. Bu gün də ailə qurmayıb. Hər ikisinin saçı gödək, ailə həyatları yox, bədənləri qəlpəli, kontuziyalı.
Müharibə onların ana olmaq hüququnu da əllərindən aldı.

Bəlkə tanımırsınız onları. Heç fərli-başlı ordenləri, adları da yoxdur. Çünki sizin kimi olmadılar onlar. Tanımırsınız, çünki çox təvazökardırlar.
Yalvarmışam Qəqəniyə. Gəl, danış demişəm. Deyib "döyüşmək mənim borcum idi, danışmaq mənə düşməz”!

Nurcahan Hüseynova var. 18 yaşlı oğlu ilə döyüşürdü. Tək balasını döyüşdə qurban verdi. Gedib oğlunu öldürən ermənini tapıb, əlləri ilə ürəyini çıxarıb, şüşədə oğlunun məzarına qoydu. Bu gün də sağdır. 
Siz nə edirdiniz onda, cənab Nuriyev? Onlar sizin yerinizə döyüşəndə siz harda idiniz? Qırmızı kresloda! Biz onu da çox gözəl bilirik. Bu kameraların önündə yüz cildə düşmüsünüz. Unutmayın, ən yaxın tarixdir bunlar! Elə bilirsiniz hər şey unudulub? Kimsə yaddan çıxmır. Ömrüboyu kostyumunuz ütüsüz olmadı. Qadına əxlaq yeri kimi baxdınız. Sizin kimi fürsətcillər həmişə aşın ən yağlı yerindən yedi.
Sizin yerinizə utanıram! Sizin keçmişinizdən də, bu gün dediklərinizdən də!
Əgər bir qram nəyinizsə varsa, çıxın, üzr istəyin.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az