Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq – NK-dan qərar

Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq – NK-dan qərar
Nazirlər Kabineti avtomobillərdən istifadə ilə bağlı təkliflərini ölkə rəhbərliyinə təqdim edib

Azərbaycanda dövlət qurumlarında xidməti avtomobillərdən istifadə sahəsində vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Xüsusilə böyük neft pullarının axını başlanandan sonra dövlət qurumlarının hədsiz bahalı avtomobillərin alınmasında sanki yarışa girmiş kimi davranmaları ictimaiyyətin kəskin qınağına səbəb olub.

İctimaiyyətin rəyini nəzərə alaraq ölkə prezidenti bu il yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci bəndinə əsasən Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcəkdi.

Xatırladaq ki, 2011-ci ildə Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar qəbul edib. Qərarda hər bir dövlət qurumu üzrə xidməti avtomobillərin sayı, hər avtomobil üzrə aylıq yürüş həddi, ona sərf olunacaq yanacağın həcmi müəyyənləşib. Lakin ötən müddət ərzində ayrı-ayrı dövlət qurumlarının Nazirlər Kabinetinin bu qərarına əməl etmədikləri məlum olub.

Prezidentin yanvarda imzaladığı fərmanda nəzərdə tutulan tədbirlər Nazirlər Kabineti tərəfindən icra olunubmu?

"Yeni Müsavat”ın bununla bağlı Nazirlər Kabinetinə ünvanlanan sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: "Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana  uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az