“Böhran vaxtı borcu olanları od vurub yandırsaydıq, nə qazanacaqdıq?” – Banklar Birliyinin sədri

“Böhran vaxtı borcu olanları od vurub yandırsaydıq, nə qazanacaqdıq?” – Banklar Birliyinin sədri

"Böhran vaxtı borcu olanları od vurub yandırsaydıq, nə qazanacaqdıq?”. Turan Agentliyinin məlumatına görə, bu sözləri Türkiyə Banklar Birliyinin sədri, Aqrar Bankın baş direktoru Hüseyin Aydın Uludağ İqtisadi Zirvə toplantısında kreditlərin geri qaytarılması ilə bağlı çıxışında deyib.

Bəzi bankların baş direktorlarının və tanınmış sənayeçilərin də çıxış etdiyi toplantıya sədrlik edən Hüseyin Aydın 2015-2018-ci illər arasında kreditlərin geri qaytarılması məsələsində bankların şirkətlərə qarşı səbrli hərəkət etməsinin problemin aradan qaldırılmasında həlledici rol oynadığını vurğulayıb.

Böhranların baş verdiyi dövrlərdə vergilərin və sığortaların ödənilməsinə də uzun möhlətin verilməsinin lüzumundan bəhs edən Hüseyin Aydının fikrinə bu şəkildə davam edib: "Rusiya ilə münasibətlərimiz pisləşəndə turizm sektorumuz iflas nöqtəsinə gəlmişdi. Biz Antalyaya gedərək mehmanxanaların və tətil kəndlərinin sahibləriylə görüşdük, vaxtı çatmış kreditləri ödəmələri üçün möhləti bir neçə il uzatdıq. 2018-ci ildə turizm sektorumuz yenidən inkişaf etməyə başladı, 2019-cu ildə turizmdə rekord gözləyirik. Təsəvvür edin ki, biz ödənə bilməyən kreditlərə görə o mehmanxanalara, tətil kəndlərinə əl qoysaydıq, borclar da ödənməyəcəkdi, biz də əlimizdə olan mehmanxanaları və tətil kəndlərini çox ucuz qiymətə satmağa məcbur qalacaqdıq. Bankçılık sektorumuz da böhranlardan özünə dərs çıxardı. Vergilərin ödənməsində də eyni təcrübədən istifadə etmək lazımdır. Şirkətlərin boğazını sıxmasaq, hamısı vergi borclarını da ödəyəcək”.

Banklar Birliyinin sədri Hüseyin Aydın 2018-ci ilin avqustundan bəri davam edən iqtisadi problemlərlə bağlı hökumətin lazımi tədbirləri gördüyünü, ona görə də artıq beynəlxalq reytinq dərəcələndirmə qurumlarının raportlarının Türkiyə iqtisadiyyatına neqativ təsir edə bilmədiyini vurğulayıb.

Tanınmış iş adamları Abdulkadir Konukoğlu və Ahmet Nafiz Zorlu da problemli kreditlərin geri qaytarılması prosesində bankların tutduqları mövqeyi müsbət qiymətləndiriblər.

Sahibkarları yüksək kredit faizləri ilə soyan Azərbaycan bankları da bundan nümunə götürməlidir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az