"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."


HEÇ KİM HEÇ KİMİN ÇÖRƏYİNİ YEMİR!..

Bir də görürsən vəzifəli yaltağın biri deyir: "Mən filankəsin çörəyini yeyirəm". Başa düşmək olmur, o filankəsin "pekarnisi" var ki, bu gedib oradan tez-tez çörək alır? Bu fikrin atxasında xəbis, natəmiz bir ürəyin sahibi durur! Onun səmimiyyətinə qətiyyən inanmaq  olmaz! Niyə? İndi açıqlayım: İnsan 14-15 il oxuyur, bir sənətə, peşəyə yiyələnir. Mənim rəhmətlik müəllim atam demişkən, hər imtahanqabağı 200 qram qanı quruyur. Güc-bəla ilə özünə bir iş tapır. Hər işə gedəndə də qəlbindən qara qanlar axır. Maaşı çatmır, müdir, direktor, rəis bir tərəfdən, ətrafındakılar da o biri tərəfdən gündə neçə dəfə əsəbiləşdirirlər. Məsuliyyət də öz yerində. Səhər tezdən durursan ki, hazırlaşıb saat 9-da işə çatasan. Müdir qapıya bir tabel kitabı da qoydurur ki, gəldiyin üçün imza atasan. Guya 5-10 dəqiqə gec gəlsən, dünya dağılacaq! İnsanın ürəyi, başı ağrıya bilər, evdə min dənə qayğıları ola bilər... Axşama qədər işləyirsən ki, ayın başında çörək pulu ala biləsən... Həm də qorxu - hürkü içində ki, birdən bir hadisə olar, məni işdən qovarlar, balalarım ac qalar! Səhərdən axşama kimi balalarının sifətini də unudursan! Tez-tez də deyirsən ki, "bu da həyatdır, mən yaşayıram?" Bütün bu məhrumiyyətlərdən sonra necə demək olar"mən filankəsin çörəyini yeyirəm"? 

Hamı bilsin ki, heç kim heç kimin çörəyini yemir! Sən işləyirsən, zəhmət çəkirsən, həyatını əridirsən, sənə yaşamaq haqqı verilir! Yəqin (bu mütləq belədir...), o fikri söyləyənlər iş yerində dövlətin büdcəsini dağıdanlar, ya da əlavə pullar qazananlardır! Ona görə də səmimi danışmırlar!

Bir dəfə Ümummilli Lider Heydər Əliyev Naxçıvanda iclas keçirəndə indi bir rayonun icra hakimiyyıtinin başçısı vəzifəsində işləyən adam ona deyib ki, "Heydər Əliyev, mən sizin çörəyinizi yeyirəm". İclas qurtaranda adamlar salonu tərk edərkən, H.Əliyev həmin fikri söyləyən adama üzünü tütaraq dillənib: "sən qal". Ona çatdırıb ki,  bir də o fikri söyləməsin. Çünki, insanlar işləyirlər, zəhmətlərinin müqabilində yaşayırlar. Heç kim heç kimin çörəyini yemir...

Xeyrəddin Qoca, 
Publisist jurnalist



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az