Bir insanın nağıl dünyası: Sultan Məmmədov - 80

Bir insanın nağıl dünyası: Sultan Məmmədov - 80

Görkəmli ictimai xadim Sultan Məmmədovun 80 illik yubileyi qarşısında

Sabiq millət vəkili, ictimai-siyasi xadim, yazıçı-publisist Sultan İsrafil oğlu Məmmədovla görüşmək üçün vaxt arayırdım. Amma, doğrusu, konkret zaman və məkan müəyyənləşdirməmişdim.

Onun bir vaxtlar ucqar dağ rayonunda çətin şəraitdə fəaliyyət göstərdiyi illər keçmişdə qalsa da, gördüyü işlər, həyata keçirdiyi tədbirlər gözümüzün qarşısından bir an olsun belə getmir. Bunların bir qismini əvvəlki yazılarımda qələmə almışam. Amma onun dolğun, geniş və hərtərəfli xarizmatik xarakterini tam işıqlandıra bilmədiyimə illərdir ki, təəssüflənirəm.

Sultan müəllim Azərbaycanın dilbər guşələrindən biri, şərqin qapısı sayılan Astarada dünyaya göz açıb. Ailədə səkkiz uşaq olmuşlar. Ataları zəhmətsevər bir insan, anaları isə kişi qeyrətli qadın, əyalətdə tanınmış təsərrüfat rəhbəri - kolxoz sədri idi. Əməksevər və qayğıkeş valideynlər övladlarının tərbiyə və təhsilinə ciddi önəm verər, onların hər birinin gələcəkdə şəxsiyyət kimi yetişməsini arzulayırdılar.

Sultan müəllim uşaqlıqdan dənizi çox sevirdi. Fəsillərdən asılı olmayaraq o gün olmazdı ki, sübh tezdən sahilə doğru qaçmasın, dənizin göbəyindən qopub qalxan xırçın dalğalara baş vurmasın, narın qumları yalayan ləpələrin şırıltısını dinləməsin. Belə vərdiş və adətlər onun gələcək taleyində mühüm rol oynayır, idmana olan sonsuz marağın təməlini, fiziki tərbiyənin əsasını qoyurdu.

Orta məktəbi qurtarandan sonra tibb texnikumunda təhsil alır, sonra biologiya ixtisasını seçir, Bakı Dövlət Universitetinə daxil olur. Əvvəllər səhiyyə sahəsində işləyir. Sonra rayon icraiyyə komitəsində çalışır, gələcək karyerasını sovet və partiya orqanlarındakı işiylə davam etdirir.

Sultan müəllimin ən parlaq fəaliyyət dövrü də o vaxtdan başlayır. Şəhər sovetinin sədri, raykomun ikinci katibi vəzifələrində özünü layiqincə göstərə bilir. Bundan sonra o rayon icraiyyə komitəsinin sədri seçilir. Rayonda tikinti-quruculuq işləri yeni bir vüsət alır. Şəhərdə və kəndlərdə infrastruktur layihələrinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə fikir verilir.

Bir müddətdən sonra respublika rəhbərliyi tərəfindən onun şəxsi keyfiyyətləri nəzərə alınaraq Lerik Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi tövsiyə edilir. Ümumilli lider H.Ə.Əliyevin qəbulunda olarkən onun müdrikliklə və uzaqgörənliklə söylədiyi fikirləri, tövsiyə və tapşırıqları gələcək fəaliyyəti üçün proqramtək qəbul edir. Ulu öndərin: "Yəqin ki bu vəzifənin məsuliyyəti sizə tamamilə aydındır. Lakin yadda saxlayın ki, bu etimad üzərinizə ikiqat məsuliyyət qoyur. Mərkəzi Komitənin şöbə müdiri Aydın Məmmədov (Sultan Məmmədovun mərhum qardaşı -R.S.) və Lerik Rayon Partiya Komitəsinin birinci katibi Sultan Məmmədov!"-sözlərini yaddaşına həkk edir, ömrü boyu diqqətdə saxlayır.

S.Məmmədov kimin tərəfindən etimad göstərildiyini, necə işləmək lazım olduğunu yaxşı başa düşürdü.

Bu elə bir zaman idi ki, Lerikin Dırıq və Pornayım bölgələrində çətin dağ şəraitində üzüm bağlarının salınması işləri hələ də tam başa çatmamışdı. Üzümlüklərdə, geniş bağ massivlərində qızğın iş gedirdi. Üzümçülüyün gəlirli sahə kimi rayonun iqtisadiyyatına güclü təsir göstərəcəyini Sultan müəllim qabaqcadan görürdü.

O, hər şeydən əvvəl rayonun ictimai-siyasi həyatında xüsusi önəm kəsb edən məsələnin həllinə - mühitin sağlamlaşmasına çalışdı, korrupsiya və rüşvətxorluğun əl-qol açmasına imkan vermədi. Müxtəlif əyintilərə, mənfi hallara göz yummadı. Rayon rəhbərlərinə ilk gündən yol tapıb onu ələ alan və bununla da meydan sulamağa adətkərdə olmuş bir qrup vəzifə sahiblərini müəyyənləşdirib onları korşaltdı, həmin şəxsləri yaxına buraxmadı. Belə şəraitdə dişlərini qıcıdan antipodlar başqa üsula əl atdılar. Onlar saysız-hesabsız anonim məktublar yazdırır, şər və böhtan məzmunlu ərizələri makinada yazan şəxsə muzd verirdilər. Ardı-arası kəsilməyən yazışmaların fonunda raykom katibi tələbkarlığını və işgüzarlığını bir an belə azaltmırdı. Üzümçülüyün inkişafına perespektivli sahə kimi baxır, məhsuldarlıq ilbəil yüksəlir, plan və öhdəliklər real surətdə yerinə yetirilirdi. Rayonun göstəriciləri yülsəldikcə əhalinin pul gəlirləri artır, gün-güzəran yaxşılaşırdı. Üzümçülük təsərrüfatına gedən 35 km-lik torpaq yollar bərbad vəziyyətdəydi. Dağ çaylarını sel və daşqınlar zamanı keçmək üçün ən azı 4-5 körpü salınmalıydı. Çıxış yolları arayıb tapmalı, tezliklə bu problemlər aradan qaldırılmalıydı. Tikinti işləri qısa zaman kəsiyində başa çatdırılıdı və zavod mövsümə tam hazırlandı.

İndi qarşıda üzümçülük təsərrüfatlarına uzanıb gedən yolların abadlaşdırılması məsələsi dururdu. İlk növbədə 56 km-lik Lerik-Lənkaran yolu asfaltlaşdırıldı, rayon əhalisinin rahatlığı təmin olundu.
Raykom katibi respublikanın Baş naziri və üzümçülük-şərabçılıq komitəsi ilə danışıb bu məsələni yerinə qoymalıydı. Artıq təsərrüfatların gəliri bu böyük vəsaitin xərcinə və yolun çəkilişinə imkan verirdi. Ötən əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq yol tikintisi işlərinin smeta-layihə sənədlərinin hazırlanması başa çatdı. 40-cı km-Nüvədi, 50-ci km-Bülüdül yollarının inşasına başlandı. İnsanlar bunu möcüzə kimi qarşıladılar. Çünki uzun əsrlər yol korluğu çəkmişlər. Şaxtalı-boranlı günlərdə, çiskinli-yağışlı havalarda uzaq yolu piyada gəlib-getmək vərdişi yaranmışdı. Hətta mərkəz şəhərlərdə vəfat edənləri maşınla gətirmək imkanı bəzən tükənər və cənazəni çiyinlərdə aparmaq məcburiyyətində qalardılar.

Bu yolun tikintisi baş tutsaydı, 35 min əhalinin yaşadığı kəndləri birləşdirər və respublikanın şəhərlərinə birbaşa çıxışı təmin edən strateji şosenin təməli qoyulardı. Yol tikintisi zamanı çətinliklər meydana çıxırdı. Hətta bir vaxt yuxarı təşkilatlardan yolun işini yarımçıq saxlayıb texnikanı başqa səmtə yönəldilməsi barədə göstəriş alınmışdı. Sultan müəllim maneələrin qarşısını ala bildi və işlər tezliklə qaydasına salındı. Onu da qeyd edim ki, Sultan müəllim rayondan gedəndən sonra yol tikintisi axıra qədər, yəni nəzərdə tutulan yerədək davam etdirilmədi. O möhtəşəm insanın arzuladığı layihələr yarımçıq qaldı. 
Meşə dedim, Lerikin 40 min hektarlıq meşələri yadıma düşdü. Böyük tanrının Lerikə bəxş etdiyi zümrüd donlu meşələri onun zəngin sərvətidir. Azman yaşıllıqlar diyarı Sultan müəllimin rəhbər olduğu vaxtlarda göz bəbəyi kimi qorunurdu, "yadelilər"in ağaclara qənim kəsilməsinə imkan verilmirdi. Bəs sonralar nə baş verdi? Meşələr başdan-başa qırıldı, özgə rayonlara daşındı. Qoz, rəz, kif, palıd kimi nadir tapılan ağaclar kəsilərək özgə yerlərə pay-puş edildi. Son yeddi-səkkiz ildə, rayon rəhbərliyi səviyəsində meşələrin mühafizəsinə qətiyyən əhəmiyyət verilmədi, ağaclara qənim kəsilən ziyankarlar və cavabdeh şəxslər cəzalandırılmadı. Xülasə, dağ rayonunun təbii florası indinin özündə də talan edilməkdədir.

1980-85-ci illərdə Lerikdə veteranlar evi, tarix-diyarşünaslıq muzeyi, bir neçə kommunal-təsərrüfat hesablı yaşayış evləri, bütün kənd sovetləri üçün inzibati idarə binaları tikilib istifadəyə verildi. Kəndlərdə xidmət obyektləri, xüsusən məişət evləri: dərzi sexləri, bərbərxana və tibb məntəqələri təşkil olundu.

Sultan müəllim gecəni gündüzə qataraq daima kəndlərə, üzüm sahələrinə baş çəkir, bəzən də adəti üzrə yolların çoxunu piyada gedirdi. Sadə kənd adamları ilə ünsiyyətdə olar, özünü tanıtmadan ümumi vəziyyəti öyrənər, yerlərdə baş verən hadisələrin təfərrüatını bilmək istəyərdi.

Yadımdadır, rayonda inzibati orqanlardan birinin rəhbəri lovğalığından yerə-göyə sığmırdı. Ancaq qanunsuzluq halları baş alıb gedir və bununla belə hüquq pozuntularına rəvac da verilməkdəydi. Sultan müəllim bu kimi hallara qarşı barışmaz mövqe tutaraq, həmin vəzifəli şəxsin rayondan getməsinə nail oldu. Ərköyün məmurların ağzına "dəhnə" vurub, onların bir qismini vəzifələrindən kənarlaşdırdı, rayonda sağlam mühitin yaranmasını təmin etdi.

Rayon rəhbərinin məziyyətləri daha çox nədə özünü göstərirdi? Birinci növbədə, tamahsızlığında. O, yeganə raykom katibi idi ki, məmurlardan, kolxoz və sovxoz rəhbərlərindən, idarə müdirlərindən rüşvət almırdı, heç kəsin cibinə göz dikmirdi. Rüşvət təklif edənləri isə məsxərəylə qarşılayır, belə adamları sözlə öldürüb, təzədən dirildirdi.

Bəlkə, bu ondan irəli gəlirdi ki, o, əsilzadələr nəslinə mənsub idi, imkanli ailədə böyümüşdü, düzgün tərbiyə almışdı, acgöz, acgödənlərə həmişə həqarət bəsləyirdi.

Sultan müəllimin fəaliyyət dairəsi Azərbaycan Respublikasının Milli Məclisində daha çox formalaşmış və zənginləşmişdir. Əvvəllər Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, sonralar ardıcıl olaraq uzun illər MM-də millət vəkili kimi sosial-siyasət komissiyasına rəhbərlik etmişdir.

O, komissiyanın işini lazımi qaydada aparır, təqdim olunan məsələlərin müzakirəsində səmərəli təkliflərlə çıxış edir, deputatların məsələlərə münasibətini düzgün təhlil etməyi, yekun nəticələr çıxarmağı peşəkarcasına bacarırdı. Onun söz demək, fikir yürütmək, sosial-siyasət sferasında mülahizələr irəli sürmək təcrübəsi, təşkilatlanmaya və idarə etməyə nüfuz etmək bacarığı vardı. Bütün bunlara rəğmən də siyasi səhnədən çox tez getməsini təəssüflə qarşılamaq olur.

Sultan müəllim Lerikdən uzun illərdir getməsinə baxmayaraq, dağ adamlarını unutmur, onların bəziləri ilə dostluq edir. Onun adı hər dəfə çəkiləndə rayon ictimaiyəti tərəfindən hörmətlə qarşılanır.
Sultan müəllim yaradıcılıqla məşğuldur, o, qələm əhlidir. Üç fundamental dəyərli kitabın müəllifidir. Biri avtobioqrafik məzmun daşıyır. Amma təvazökarlıq edərək apardığı araşdırmaların nəticələrini elmi iş kimi təqdim etməyib.

Təkcə "Masonluq: Dünyanı idarə edən qüvvə" və ya "Dünyanın hörümçək toru" adlı kitablarını yazarkən yüzlərcə rus dilli ədəbi mənbələrə baş vurması, türk ədəbi qaynaqlarını araşdırması kifayət edir ki, bu böyük insanın zəhməti çox qiymətli hesab oluna bilər.

Məlum olduğu kimi masonluq dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Dünyada beş milyona yaxın mason var. Masonluğun mahiyyəti, yurisdikasiyası və fəaliyyət dairəsini biz Sultan müəllimin adı çəkilən əsərlərindən daha çox öyrənirik. Bu dəyərli kitabları oxuduqdan sonra belə bir qənaətə gəlmək olur ki, dünyanı idarə etmək, siyasətləri dəyişmək, ictimai hadisələri istiqamətləndirmək, bir quruluşu digər quruluşla əvəz etməyin, azman imperiyaları dağıtmağın yolları haradan keçirmiş.

P.S. Qış günlərinin birində günortadan sonra vədələşdiyimiz yerdə görüşdük, çay içə-içə söhbətləşdik. Ötən onilliklər çözələndi, xatirələr bir-bir yaddaşa gətirildi.
Düzü, Sultan müəllimlə həmsöhbət olmaq həm maraqlıdır, həm də çətin. Onun geniş dünya görüşü, zəngin məlumata malik olması musahiblərini bir növ sınağa çəkir.
Bununla belə, üzündəki nurdan, təbəssüm dolu baxışlarından, şirin danışıq tərzindən doya bilməsək də, bir saat yarımlıq mükaliməyə nöqtə qoyub ayrıldıq. Və o qənaətə gəldik ki, Hacı Sultan İsrafil oğlunun keçdiyi həyat yolu hələ bundan sonra da nəsillərə örnək, nümunə olaraq qalacaq.

Rəzzaq Sucayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az