Bir ömrün xatirə yükü

Bir ömrün xatirə yükü

Şair Ramazan Səməroğlunun poeziyası haqqında qeydlər


1988-ci ilin payızıydı. Qərbi Azərbaycandakı el-obasından, illərlə min bir zəhmət hesabına qurduğu yurd-yuvasından zülmlə qovulanlar üz tutduqları, pənah gətirdikləri yerdə çox qalmayacaqlarına, tezliklə geri dönəcəklərinə inanırdılar. Didərginlər arasında bir şair də vardı ki, "qaynar qazanına su əndərilən, arzuları kal-kal dərilən, dərdini payıza ağlayan qadına” baxıb ağı deyirdi:

... Yurdunda düşmüsən dara, qaçırsan,

Açılır səhərin qara, qaçırsan,

Canını götürüb hara qaçırsan?!

Dərdini payıza ağlayan, qadın.

Qucağında uşaq, belində uşaq,

Özünə əl atan gəlin də uşaq,

Acından ağlayır əlində uşaq,

Dərdini payıza ağlayan, qadın.

Sənə havanı da çoxgördü yadlar,

Ulu babaların məzarı çatlar,

Ayağın dəyəndə diksinir otlar,

Dərdini payıza ağlayan, qadın…

İllər ötürdü,yüzlərin, minlərin,eləcə də o şairin,o "dərdinipayızaağlayanqadının” arzuları çinolmurdu; Vətənə qovuşmaqhəsrətiiçlərində əriyir, оvulubtökülürdü…

İllər ötürdü, yüzlərin, minlərin, eləcə də o şairin, o "dərdini payıza ağlayan qadının” suallar bеyinlərini yorur, tərəddüdlər qəlblərini göynədirdi; yurd istəkləri, od-ocaq sevgiləri göyərmirdi…

***

… İndi o şair nə vaxtdır ki, yolu əlinə alıb gəldiyi məkana doğru gedir. Yolun da sonu görünmür ki, görünmür. Nə qədər ağır, üzücü səfər olsa da, şair-qərib yolçu yorulmur, inamla, təmkinlə irəliləyir. Günlərin birində qarşı dağların ətəyindəki kimsəsiz kənddəki indi kalafaya çevrilən evinə çatacağına, əyilib həyətdən torpaq götürüb gözünə sürtəcəyinə ümidini itirmir… Amma gün-günə calandıqca, ay-aya, il-ilə qovuşduqca, ömür də tükənir. İçində bir qorxu, təlaş yaranır. Birdən… Birdən əcəl mənzilbaşına çatmağa macal vermədi, bəs onda… Bax, onda içində dəfn edəcəyi həsrəti qəbrini yandıracaq, onda o dünyada bu dünyanı qarğıyacaq, lənətləyəcək… İndisə şair uzandıqca uzanan, haçansa bitəcəyi bilinməyən yolda dayanıb, bir hovurunu alır və öz-özünə deyir:

Günəşi əyilən dağa bənzəyir,

Zirvədə kölgəsi itir ömrümün.

Açan çiçəkləri soldurur zaman,

Yerində düzdəyi bitir ömrümün.

Küləkdən gizlənən duman kimidi,

Yaddaşda oynayan güman kimidi,

Ondan bir mərhəmət uman kimidi,

Karvanı yol tutub gedir ömrümün.

***

… O yolçu elə yollardaca yaşa dolub, yaşlaşıb. Ömrü nə qədər əzablı, kədərli olsa da, yenə həyatdan bezməyib, doymayıb, bəzən gecələr ağrı- acılar onu "belə yaşamaqdansa, ölüm yaxşıdır” deməyə məcbur etsə də, bu, ancaq dilində səslənib, ürəyində sabahın açılmağını gözləyib... Bir az dinclik, rahatlıq tapandasa dünənə, keçmişə boylanıb, xatirələrini çözələyib, ana laylasının bəxtəvərliyini, analı günlərinin xoşbəxtliyini gözləri önünə gətirib, uşaqlığı, gəncliyi keçən vədələri yada salıb kövrəlib, toranlaşan gözlərindən gilələnən yaş yanağını qarsalayıb:

Axtaram özümü layla səsində,

Kaş ki, bir də uşaq olam, ay ana.

Ötən günlərinə dönəsən sən də,

Kaş ki, bir də uşaq olam, ay ana.

Sevinc olam, gözlərinə qonam mən,

Bu dünyanın azın da çox sanam mən,

Təkcə sənin qucağında sınam mən,

Kaş ki, bir də uşaq olam, ay ana.

… O yolçu "özündən ağır olan xatirə yükü”ndə gəncliyilə bağlı yaşananları heç vaxt unuda bilmir. "Yolu geyib ayağına” dünəninə üz tutur, "şapalaqla üz qızartmasını, cibinin əlindən, közünün külündən utanmasını” təəssüflə yada salır. Ötənlərdə itirdiklərinin acısı içini göynədir, ağrısı ürəyində qubar bağlayır, dərd selində nəfəsi təngiyir:

İllərdi şələm də ağır,

Qaranlıq gözümü sağır.

Ürəyimə ağrı yağır,

Selində batıb gedirəm.

***

...Qərib yolçu görüşünə can atdığı çöl-düzlərdə bir vaxtlar kiçik çillənin sonunda, boz ayda qar əridikcə boy göstərən, ağappaq ləçəkli, Novruzun ilk müjdəçisi sayılan qarçiçəyinə baxıb duyğulanardı, onunla dərdləşərdi, ona "bu qarın içində nə axtarırsan, hara tələsirsən…” sualını verərdi, onu "çıllənin çovğunu döyür başına, soyuqdan əsirsən…” deyib"ittiham” edərdi:

… Rəngin ağarıbdı, nə dərd-sərin var?

Göylərə göz qoyan ləçəklərin var.

Çillənin ömründə vaxtın, yerin var,

Zamana əsirsən, ay qarçiçəyi.

Qarın balasısan, qar oxşarlısan,

Bütün çiçəklərdən etibarlısan.

Altına ağappaq döşək salmısan,

Yatıb dincəirsən, ay qarçiçəyi.

Torpağın bahardan ilk nişanəsi,

Sehrin düşündürür görən hər kəsi.

Şaxtanın, sazağın sevgi nəğməsi,

Ağappaq gəlinsən, ay qarçiçəyi.

***

... İnsan su kimi axıb gedən zamanın önündə gücsüzdür. Nə illah eləsə də, ömürdən doyunca barınmaq üçün məchulluğa tələsən vaxtı (atlını), dayanmadan fırlanan dəyirmanı (zamanı) tutub saxlaya bilmir… Qərib yolçuyasa təkcə keçmişə qovuşan ayın, ilin ardınca intizarla baxmaq, yaşadığı günlərin həsrətilə qovrulmaq qalır. Sonda günlərin (dəyirman daşının) ağrlığına dözməyib toza-torpağa çevrilir:

İllər əynimə dar gəlir,

Neyləyim, dərzim naşıdı.

Vaxt mənim dəyirmanım,

Günlər dəyirman daşıdı.

… Əllərim indi əsamdı,

Dizlərim yazı masamdı.

Dünyaya gəlmək asandı,

Ömür sürmək göz yaşıdı…

***

...Qərib yolçu günlərin birindəsə xəyalında kəndə çatdığını, qarşısına çıxan, yol-rizini ot-alaf basan ilk evin "Hardasan, hardasan, ay ev yiyəsi” çağırıb qapısını döydüyünü düşünür... Səsinə səs verən tapılmır. Ocağı sönən, təndiri qalanmayan, qapı-bacasını tikan basan evin kimsəsizliyinə əmin olduqdan sonra əlacı uşaqlığı, gəncliyi keçən o yerin hər daşı, qayası, gülü, çiçəyi ilə "danışmaqda”, o yerin dəhşətini, vahiməsini yaddaşına köçürməkdə görür:

Nə çəhlim bələdçi, nə cığır indi,

Küləklər torpaqdan dərd yığır indi,

Bu kənd yiyəsini axtarır indi,

Hardasan, hardasan, ay ev yiyəsi!

Həsrətdən çatlayıb qəbirdə daşlar,

Xaraba damlardan perikib quşlar,

Ramazan səhəri ağıyla başlar,

Hardasan, hardasan, ay ev yiyəsi!

***

...Qərib yolçu kimsəsiz yurdun dərdini bölüşəndən sonra bir də bu yerlərə dönə bilməyəcəyindən yaz yağışından ətirlənən torpağın nəfəsini, çöl-çəmənin çiçək qoxusunu ciyərdolusu alır və qəfildən "elə bil Ağrıdağdan gələn bir duman topası”nı görüb həyəcanlanır:

…Zirvədə bir topa bulud görürəm,

Sanki dağlar ona naxış vurubdur.

Mürgülü görünür gədiklər yenə,

Şeh düşüb, üstünə yorğan salıbdır.

…Bir duman topası gördüm uzaqdan,

Elə bildim Ağrıdağdan gəlibdir.

Boynubükük baxır səmadan yerə,

Bəlkə o da mənim kimi qəribdir…

***

… Qərib yolçu "Uzun incə bir yola...”(Aşiq Veysəl) çıxdığı gündən mənzilbaşına çatacağı ümidilə yaşayır.

Bu ümid, inam yüzlərlə, minlərlə Vətənsizin, onlar arasındakı o şairin, o "dərdini payıza ağlayan qadının” yurd istəyini göyərdəcək. Axı bu yol dumanlı, gümanlarla dolu olsa da, hər addımında ölüm-itim qorxusu yaşansa da, haqq yoludur, Tanrı yoludur.Tanrı yolusa indiyədək bir kimsəni peşman etməyib…


Vaqif BAYRAMOV

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az