Bu, fərəhlənə biləcəyimiz layihədir - Prezident

Bu, fərəhlənə biləcəyimiz layihədir - Prezident

Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng "Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.

"Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız "Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır.

Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə, bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır”, - Prezident söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az