Bu şəkil(dəki) oğlanın şəkil kimi dünyası

Bu şəkil(dəki) oğlanın şəkil kimi dünyası

Bir dəfə Arif Paşayevin yubileyi ilə bağlı hazırlanan kitab əlimə düşdü. Doğrusu, Siyavuş Aslan demişkən, bir ətək pul xərclənən kitabda şəkillərin çoxluğu və mətnin azlığı məndə qəribə ironiya yaratdı: pulu almağa ərinməyiblər, o boyda alimdən yazmağa əriniblər. Ancaq tələsdiyimi gördüm Arif müəllimin fikrini oxuyandan sonra! O boyda kitabdan Arif Paşayevin yadımda qalan o bir fikri mənə bəs elədi! Fotolara həvəskar və sayğılı olan Arif müəllim demişdi ki, şəkillər anların ən gözəl saxlancıdır, onları bir daha yenidən və təzədən yaşayıb əbədiləşdirmək olmaz.

... Moskva-Tver elektrik qatarı ilə gedəndə fb-də dostlardan xəbər tutmaq üçün səhifəmə baxdım – yolboyu şəbəkə kəsildiyindən ekranda İlqar Həsənovun profil şəkli donmuşdu. Uzun illər ərzində tanıdığım, dəfələrlə haqqında yazdığım, bundan sonra da yazmaqdan yorulmayacağım, doymayacağım bu gözəl insanın fotodakı baxışı sanki onu mənə tanıtdı. Sanki mən illər ərzində yaza-yaza təqdim etmək istədiyim adamın mahiyyətini, nədənini, iç dünyasını, ruhunu, nütfəsini gördüm. Sən demə, mənə bir adamdan dəfələrlə yazdıran enerji mənbəyi elə bu şəkildəki baxışla həyatda gördyüm insanın nuruymuş. Sən demə, mən elə bu baxışdakıları çatdırmaq istəyirəmmiş!
 
Bu baxış:
Qayğıdır;
Narahatlıqdır;
Səmimiyyətdir;
Hər an düşünməkdir – hamını;
Dərdin yükünü malalamaqdır;
Sevinci bölüşmək yox e, sevinci yaradıb paylaşmaqdır;
Hər yerdə olmaqdır – toyda, yasda;
Həmişə hazır olmaqdır – zənglərə, çağırışlara və ən başlıcası, heç kimə heç vaxt "yox” deməməkdir!

Kimliyindən asılı olmayaraq, latayır, tərbiyəsiz, yersiz, haqsız danışana bu baxışla baxıb "dur, rədd ol!”, "kəs səsini!”, "kanalizasiyanın lükünü bağla!”, "kişlikdən nə qədər uzaqsan?!” deməkdir! – ilk növbədə...

Və İlqar Həsənov bu ifadələri dilinə gətirməyən, amma bu ifadələrdən daha ağır, daha nüfuzedici, daha kəsərli BAXIŞ sahibidir!
Mən bu şəklə baxa-baxa anladım niyə İlqar Həsənov adamla danışanda adamın iliyinin donunu açan şirinliklə deyə bilir: "sənin qadanı alım...”. Bu təkcə Gəncə suyu, Gəncəlilik brendi, Gəncə doğmalığı deyil, həm də İlahi bir hədiyyədir.

Mən bu şəklə baxa-baxa anladım niyə adamlar nəinki bir dəfə, hətta dəfələrlə İlqar Həsənova çəkinmək bir yana, heç utanmadan ağız aça bilirlər poblemlərini həll etmək üçün: adamlar neyləsin ki, İlqar Həsənovun bu baxışı həmişə onun üzündədi və adamın gözünə düşür bu baxış, boğazından yapışır bu baxış, sinəsini silkələyir bu baxış ki, a bala, a bacı, ay qardaş, de görüm dərdin nədir, neyləyim sənin üçün?

Mən bu şəklə baxa-baxa anladım niyə qızlar, oğlanlar atadan-əmidən-dayıdan ummalı olduqlarını İlqar Həsənovdan umur: kim atasının, əmisinin, dayısının mərhəmətli vaxtında bu doğmalıqda baxış görməyib və bu baxışlar axan qanı, çağlayan seli haçan saxlamayıb ki?

Mən bu şəklə baxa-baxa anladım dostlar, dostların xanımları, dostların oğulları, qızları niyə elə ərklə İlqar Həsənova zəng edir (durub evinə, işinə gəlib xahiş etməkdənsə) deyir ki, məni polisə aparıblar, işdə məni incidirlər, evimizdə problem var!

Və mən bu şəklə baxa-baxa anladım... adamın bir sifəti, iki üzü olmaq nə deməkdir – xoş və sərt üzlərlə qarışdırmayın!
İlqar Musayeviçi tanıyanlar tanıyan gündən İlqar müəllimin bax bu baxışlı sifətini görüblər.

İlqar Musayeviçin iki üzündən biri utanmaq üçündü, bilirlər. İlqar Musayeviçin o bir üzü ancaq təbəssüm göstərmək üçündü, bu baxışı yaşatmaq üçündü. Allah eləməmiş, hansısa xahişin öhdəsindən gələ bilməyəndə o biri üzünü göstərir: "sənin qadanı alaram, sən allah, bağışla, gücüm çatmadı!”
Düzünü deyim, İlqar Musayeviçlə çox da yaxın olmadığım illərdə Azərbaycanın rayonlarında olanda olub ki, Bakıdakı dostlara zəng eləmişəm, yardımçı olmalarını istəmişəm iki-üç dəfə, amma indi arxayınam. Ancaq Moskva-Tver elektrik qatarı saatda 155 km sürətlə Tverə çatanda ürəyimdən keçdi ki, zəng edim deyim, Ağsaqqal, Tverdə sənin adından kimə yaxınlaşım?

İnandım ki, mütləq biri var, amma və lakin... İlqar Musayeviçi xərcləmək olmaz - nə dostcasına, nə düşməncəsinə! Çünki bizim kimsəsiz olan yüzlərlə soydaşımız var! Bizim özümüz hər yerə çatsaq da, sözümüz İlqar Musayeviçin hər yerdə keçərli sözü deyil!
İlqar Musayeviçlə Tver dəmiryol vağzalında "düşdük”. Bu qərib şəhərdə o qədər doğmaydı ki mənə! İlqar Musayeviçlə qızımın evinə, nəvəmin görüşünə arxayın getmək əminliyim, lüksüm vardı.
Tezbazar geri qayıdanda qızımdan internet-klubun yaxında olub-olmamasını soruşdum. Yox idi. Qızım "Ata, niyə belə tez qayıdırsan” soruşanda "İlqar əmi(...nin yazısı) məni gözləyir” deyib tələsdim.
... Həyatda nəyimsə olmayıbsa da vecimə almamışam, amma o anda, o günlərdə noutbukum yanımda olsun istədim! Ürəyim və beynim İlqar Həsənovun baxışlarına yazılası yazıyla dolu idi.
Mən bir daha anladım – hətta İlqar Musayeviçdən olan o boyda gözəl yazını içimdə daşımağa belə hazır deyiləm. O boyda gözəlliyi daşımaq belə adamdan çox böyük olmağı istəyir!
Bir dəfə qeyri-rəsmi qaynatalarımdan birinin bir aforizmini eşitdirdilər mənə: "a bala, mən özümü güclə daşıyıram, adamlar bu boyda yalanı necə daşıyırlar?”
Yalanın işıq sürətiylə dövriyyədə olduğu dönəmimizdə mən səmimi, isti, doğma və həm də doğru baxışların müşayiəti ilə çox böyük qəlb rahatlığıyla Moskvaya qayıdırdım.
... Moskva həm əzəməti, həm zəhmi, həm də zəhri ilə qorxulu şəhərdir, nadir hallarda bu şəhərdə mən sevinə bilirəm, üzümdə təbəssüm olur!
Mən işıldayırdım və...buna görə İlqar Həsənova çox minnətdar idim!
Elə insanlar var ki, onların nuru, baxışları dünyanın o başında da adamı təbəssümə qərq edir!
Sadəcə, o baxışlardan pay ummaq qədərincə saf olmaq lazımdı!
... Moskvadan qayıdan kimi İlqar Musayeviçə zəng elədim. Dedi ki, Zaqataladayam. Neyləyə bilərdim ki? Yadıma iş yoldaşı İttifaq Mirzəbəylinin onun haqqında yazdığı şeirdən bir bənd düşdü:

Gedib oturubdu Zaqatalada,
Görünür Bakıda yeri İlqarın!
İlham pərisinə dönübdü yollar,
Nədir müəmması, sirri İlqarın?
... Doğrudan da, gərək bu müəmmanı, sirri də açaq. İnşaallah, gələn yazıda!

 
 
Aydın Canıyev
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az