Bütün cənubu ağladan ÖLÜM-Zəmanəsinin LOĞMANI TAHİR PİŞANOV vəfat etdi...

Bütün cənubu ağladan ÖLÜM-Zəmanəsinin LOĞMANI TAHİR PİŞANOV vəfat etdi...

YALAN DÜNYA, YALAN DÜNYA...

"Lənkəranın, bütün Cənub bölgəsinin loğmanı, tanınmış həkim Tahir Zair oğlu Pişanov qəflətən vəfat etmişdir...”  Gecə yarısı aldığımız bu dəhşətli acı xəbər hamımızı sarsıtdı, bizi göz yaşı içində boğdu...

İndi oturub sənsiz səninlə danışıram. Bilirsənmi, bu xəbərdən səni tanıyanların, adını eşidənlərin  ürəyi parçalandı, doğulub boya-başa çatdığın Lerikin dağ-daşı qan ağladı? Əcəl gör nə qədər dəhşətlidir; yüzlərlə insana Allahın izni ilə sağlamlıq, sağlam can bəxş edəsən, amansız xəstəlik sənə, heç olmasa, bir neçə gün də olsa, macal, möhlət verməyə?.. Qəfil ölüm doğmalarının, səni tanıyanların ürəyinə dağ çəkdi. Mən bunu sənin dəfn mərasimində gördüm. Səni son mənzilə yola salan saysız-hesabsız insanların ağlayan gözlərində, bükülmüş belində, hönkür-hönkür ağlayan kişilərin səsində, saç yolan qadınların fəryadında gördüm. Onların çoxu həyatını xilas etdiklərin insanlar, od-ocaq qonşuların, adına, hörmətinə baş əyən tanışların idi. Harada adını çəkirdik, özümüzə qarşı sonsuz sayğı, ehtiram görürdük. Hamı səni bacarıqlı, səmimi həkim, gözəl insan, ideal ailə başçısı, etibarlı dost kimi tanıyırdı. Bu, ucaldığın mənəviyyat zirvəsi idi!

Lerikin Züvüç kəndində böyüdün. O yerləri – dağını-daşını, meşələrini, bulaqlarını, çaylarını heç vaxt unutmadın. İmkanın olanda özün getdin, olmayanda yuxularında gördün, gəlib-gedənlərdən soruşdun. İnsan doğulduğu torpağa nə qədər bağlı olar, ilahi?! Bir il bundan əvvəl bibin oğluna kövrələ-kövrələ demişdin ki, vallah, bilsə idim, ömür budur, elə kənddə qalardım, oranın suyu, havası ilə yaşayar, dağ-daşında gəzərdim, lap elə qoyun otarası, naxıra gedəsi olsam belə...” 

Mənəviyyat adamı idin, sənə bu sözləri dedirdən də sonda sənə vəfa qılmayan, amma həmişə insanlıq deyilən ali hislə döyünən ürəyin idi...  

Uşaqlıqda atadan yetim qalmışdın. Müqəddəs, fədakar ana Səltənət xanımın və dövrünün məşhur ruhanisi olan Molla Pişan babanın  himayəsində boya-başa çatmışdın. Sonra arzuların qanadında şəhərə -Bakıya gəldin, Azərbaycan Tibb Universitetinə daxil oldun. O vaxt bu ali məktəbə daxil olmaq çoxları üçün əlçatmaz zirvə idi, xəyal idi. Ancaq dərin savadın, dönməz iradən sənə bu zirvəni fəth etməyə kömək oldu. Təyinatını Lənkərana aldın. Dövrünün tanınmış ziyalısı əmin Səlim Ağayev və səndən bir qədər sonra Tibb Universitetini bitirən, bu gün qardaş dərdindən beli bükülmüş doktor İmanəli ilə əl-ələ verdiniz, bir-birinizə arxa-dayaq olub, ev-eşik, oğul-uşaq sahibi oldunuz, adınız, hörmətiniz hər yerə yayıldı. İki qardaş otuz il əminizi ağır xəstəlikdən qorudunuz, başı ağrıyanda belə yanını kəsdirdiniz. İndi ürəyin əmin Səlimin ayrılığına dözmədimi? Ondan cəmi 15 gün idi ki, əbədi ayrılmışdın. Bəs biz indi sizsiz necə dözək, necə səbr edək?!..

Övladların iki oğlun, bir qızın sənin və nəslinin adına layiq böyüdülər. Artıq elə vaxtın idi iki, oturub dincəlməli, arzuna, istəyinə layiq olan övladlarına, nəvələrinə baxıb sevinməli, qürur duymalı, həyatdan zövq almalı idin. Amansız əcəlin səni haqladığı gün tanışların birinə zəng edib sevinə-sevinə demişdin ki, təqaüdə çıxmağıma cəmi iki ay qalıb... Hanı bəs? Niyə gözləməyə səbrin, dözümün çatmadı? Gələrdim, kəndimizə gedərdik, örüşü-ölkəni birlikdə gəzərdik, Emi bulağından, Soyuq bulaqdan... su içərdik, yuxarıya – yaylaqlara qalxardıq... 
Heyif, çox heyif!.. 
Daha heç nə deyə bilmirəm... Qəhər məni böğur...

Dağlar dağımdır mənim,
Qəm oylağımdır mənim .
Dindirmə, qan ağlaram,
Yaman çağımdır mənim

Akif MƏMMƏDOV
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az