Cəbhədə hücum olacaq?-Ermənilər Bakı adı ilə şantaj edilir

 Cəbhədə hücum olacaq?-Ermənilər Bakı adı ilə şantaj edilir

Sərkisyan və onun tərəfdarları aksiya iştirakçılarını qorxutmaq üçün "etirazlar davam edərsə, Azərbaycan sərhədlərə hücum edib, torpaqlarını geri qaytaracaq” kimi təbliğata başlayıb. Hətta onlar Ermənistan torpaqlarına da Azərbaycanın hücum edəcəyini iddia edib.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistandakı son prosesləri və hakimiyyətin əhalini sakitləşdirmək üçün Azərbaycan adından sui-istifadə etməsini şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bunlar Sərkisyanın tərəfdarı olan erməni politoloqların və erməni KİV-lərin istifadə etdiyi manipulyasiyadır:

"Onlar bununla həm əhalini mitinqlərə qoşulmamağa, həm də etirazçıların içində ideyaca savadsız olanları prosesdən çəkindirməyə çalışır”.

Belə şəraitdə Azərbaycanın Ermənistana hücum etməyəcəyini bildirən politoloq aksiyaların davam etməsinin bizim üçün əhəmiyyətli olduğunu vurğulayıb:

"Azərbaycan belə bir vəziyyətdə müharibə başlatmaz. Çünki Azərbaycan əli Qarabağda məzlum insanların qanına batan Serj Sərkisyan kimi siyasətdən kənar bir şəxsin hakimiyyəti yenidən zəbt etməsini deyil, xalqın seçdiyi hökumətin formalaşmasını istəyər. Qarabağ üzərindən hakimiyyətə gələn indiki hakimiyyət Ermənistanı defolt həddinə çatdırmaq, vassala çevirmək, iflic etmək bahasına da Qarabağ danışıqlarında konstruktiv mövqe nümayiş etdirmirlər. Çünki bu, onların hakimiyyəti 20 ildən artıq müddətdə zəbt etmələrinin ideoloji bazasıdır. Qalib eyforiyası ilə hakimiyyəti sürdürən Qarabağ klanı hakimiyyətdən getməsə və iqtidara yerli ermənilər gəlməsə, Ermənistan indiki siyasətindən əl çəkməyəcək. İndiki siyasəti isə Ermənistanı iqtisadi faciəyə, ölkənin boşalmasına aparır. İş o yerə çatıb ki, Sərkisyan özü də bu vəziyyətin davam edəcəyi təqdirdə ölkəni qorumaq üçün əsgər tapa bilməyəcəklərini deyir. Ona görə də ermənilər üçün məhz belə həssas məqamda Azərbaycan heç bir halda hücuma keçməz”.

Qeyd edək ki, erməni politoloqlar Ermənistanda ciddi çaxnaşmalar olarsa, Azərbaycanın bundan dərhal istifadə edəcəyini bildirərək, etirazçılardan aksiyanı dayandırmağı istəyir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az