Cəlilabadda məmur “Cip”də gəzir, sosial yardımı rüşvətlə verir

Cəlilabadda məmur “Cip”də gəzir, sosial yardımı rüşvətlə verir

Cəlilabadın Alqasımlı kənd sakini Hidayət Ağayev VİZUAL.az-a şikayət məktubu göndərib.

Onun sözlərinə görə, 5 uşağı var: "Qış paltarı ala bilmədiyimə görə heç birisi məktəbə də getmirlər. Balaca bir komada yaşayıram, gəlin baxın, döşəməsi də yoxdur, torpağın üstündə yatıram. Rütubətdə yatmaqdan ailəm də, özüm də xəstəlik tapmışıq. Sənədlərimi toplayıb Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinə vermişəm. Uzun müddətdir ki, sosial yardım almaq istəyirəm, amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəlilabad idarəsindən mənə deyirlər ki, 10 ayını bizə ver, sosial yardım düzəldək”.

H.Ağayev qeyd edib ki, ona kreditinin olması səbəb göstərilib: "Krediti anamın dializ xəstəliyi olduğuna görə götürüb onu müalicə etdirmişəm. Mən başa düşmürəm, bu ölkədə sosial yardım krediti olana niyə verilməməlidir? Bu ölkədə ən acınacaqlı vəziyyətdə yaşayan elə krediti olanlardır. Mənim kimi acından ölən adamdan kredit bəhanəsilə 10 aylıq sosial yardımı rüşvət kimi istəmək hansı dinə-imana sığar? Xahiş edirəm hüquqi qiymət verin”. Şikayətçi yazıb ki, rayonda onu kimi onlarla kasıb tanıyır: "Ki, günlərlə ƏƏSMN-nin Cəlilabad şöbəsinin qabağında əsir-yesir olub, amma nomenklatür süründürməçilik və qanunsuz hallara görə ünvanlı sosial yardım ala bilmir. Yaxın qohumum Habil Qarabağ əlilidir, övladları və özü ağır xəstəlikdən əziyyət çəkir.

İki aydır ki, o da mənimlə ƏƏSMN-in Cəlilabad binasına demək olar hər gün gedib gəlir. Ondan da yardımın 6 ayını istəyirlər. Ona da deyirlər ki, kreditin var, krediti olanlar xüsusi qaydada 6 ayını verməlidirlər ki, sosial yardım ala bilsin”.

Məktubda bildirilir ki, Azər Mirzəxanlı Cəlilabad ƏƏSMN-inə müdir təyin olunandan sosial yardımlar əhaliyə yalnız rüşvətlə verilir: "Mirzəxanlının özü əvvəl bank işçisi olduğundan sosial yardm sistemindən başı çıxmır. Onun işlərini seyid Mirhəbibin oğlu Ziya aparır. Yenə də Fizuli Ələkbərovun vaxtında olduğu kimi Cəlilabadda kimə sosial yardımın verilib-verilməməsi işini seyidlər həll edir. Taleyimiz onlardan asılı qalıb.

Rəhm etsələr bizə sosial yardım düşəcək, rəhm etməsələr, seyid cənablarına 6 ay sosial yardımımızı peşkəş etməsək, bizə sosial yardım düşməyəcək. Ziya ƏƏSMN Cəlilabad şöbəsində adi işçi olsa da, əslində kimə hansı "şərtlərlə” yardım verilib-verilməməsini o həll edir.

Azər Mirzəxanlının maşınının şəklini də sizə göndərirəm ki, dərc edin qoy hamı görsün, kasıb-kusubun pullarını mənimsəməklə dəbdəbəli maşınlar sürür”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az