“Cənab Prezidentin ETİMADINI DOĞRULTMADIM…” – “Məni incidən budur”

“Cənab Prezidentin ETİMADINI DOĞRULTMADIM…” – “Məni incidən budur”

Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov A24.az saytına qısa müsahibə verib. O, işdən çıxarılmasından və gələcək planlarından danışıb. Miq.Az sabiq başçının qısa müsahibəsini təqdim edir:

– Xaləddin müəllim, hazırda nə işlə məşğulsunuz?

– Hələ ki, istirahət edirəm.

– Səhhətiniz necədir?

– Şükür Allaha, sağlamlığımda heç bir problem yoxdur. Yaxşıdır hər şey. Şükür bu günümüzə. Amma yazmasanız, yaxşı olar da (gülür).

– Hələ ki, heç bir yerdə işləmirsiniz, eləmi?

– Hələ ki, yox. İşləmirəm. Hazırda Bakıdayam. Əsasən, paytaxtda və Goranboyda oluram. Atam bir az xəstədir, ona görə də onu tək qoymaq istəmirəm. Bu məsələlərə görə işlə bağlı hələ ki, heç nə düşünmürəm.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Bəli, sosial şəbəkələrdən istifadə edirəm. Hər gün olmasa da, istifadə etdiyim günlər olur. Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayevin də sosial şəbəkədən istifadə etdiyini oxudum.

– Bundan sonra biznes fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzmü?

– Mən təbii ki, elmi fəaliyyətlə məşğul olmayacam. Baxaq da, biznes fəaliyyəti ilə, yaxud hər hansı bir işlə məşğul olmağı düşünürəm. Hələ ki, baxıram, təhlil edim, görüm nə işlə məşğul ola bilərəm.

– Xaləddin müəllim, bəzən mətbuatda məlumatlar yayılır ki, sizin "kadrlarınız vurulur” və s. Ümumiyyətlə, sizin kadrınız varmı?

– Kadr dövlətə məxsusdur. Xaləddin İsgəndərov kimdir ki, onun kadrı da ola?. İşdən çıxarılan şəxslər Xaləddin İsgəndərovun qohumu, əqrəbası, yaxını deyil ki, kimsə onun kadrı olsun. Yenə də deyirəm ki, kadr dövlətə məxsusdur. Adam gəlir, baxırıq və münasib bilinirsə, işləyir. Mənim özümün heç bir zaman şəxsi kadrım olmayıb. Mən heç kimi də hardansa öz yanıma gətirməmişəm. Sadəcə olaraq, baxmışıq ki, gənc, perspektivlidir, ondan sonra işə götürülüb. Həmin kadrlardan demək olar ki, hamısı hələ də çalışır. Bir-ikisini çıxmaq şərtilə. Çünki onlar Yeni Azərbaycan Partiyasının (YAP) fəallarıdır. Doğrudan da, savadlı şəxslər idi hamısı.

– Siz işdən çıxarılandan sonra qohumlarınızın da işdən çıxarıldığı deyilirdi…

– Təbii ki, haqqımda yazırlar. Mən isə onlara heç nə demirəm. Mənim yüksək vəzifədə olan heç bir qohumum işdən çıxarılmayıb. Haqqımda çox söz deyə bilərlər. Hamısı yalan sözlərdir.

– İşdən çıxarılmağınız sizi narahat edirmi?

– Mənim işdən çıxmağım məni narahat etmir. Hər bir kəs həyatda da müvəqqətidir, vəzifədə də. Məni narahat edən, mənə təsir edən, məni incidən odur ki, cənab Prezidentin etimadını doğrultmadım. Yoxsa, vəzifə müvəqqəti bir şeydir. Burda nə var ki?

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az