Darıxmağın iliklərə metastaz verən çağı

Darıxmağın iliklərə metastaz verən çağı

Şəhriyar del GERANİ

Qar yağır,
bu qış bu qarı unutmaz
elə bir ucdan qar yağır durar-tutmaz,
qar yağır on dörd dekabrına iki min on səkkizin.

Əcəb içib sərxoş olub dəli olmalı gecədir bu gecə,
belə getsə, balıqlara ulamaq
kəpənəklərə hürmək öyrədər bu gecə.

Darıxmağın iliklərə metastaz verən çağıdı,
bu dünyada hamı bir az,
bir az sevgi uşağıdı.
elə mən də...

Bəs sən, bəs sən, bəs sən...
hansı uzağında qaldın ömrün görəsən?
Bağırsam səsim çatmaz,
çağırsam ünüm yetməz.
Yox, belə getməz əzizim,
belə getməz...

Bir də eşit nə deyirəm,
bir küçə xatırladım indicə
uşaqlığımdan bu günə uzanan
həmin o – dünyanın ən uzun
intəhasız, up-uzun küçəsini,
elə qəflətən
təklikliyin sümüyə dirənən gecədə
qaranlıqdan ay
qardan aydınlıq dilənən gecədə
heç bilmirəm hardan yadına düşmək
niyə xatırlanmaq istədim sənə...

Amma istəyirəm xatırlayasan
xatırlayasan həmin küçəni
həmin küçənin tinində dayanıb səni düşünəni
Amma... necə və necə?
İti quyruğundan bağlasan dayanmaz bu gecədə...

(14 dekabr 2018, 05:35, Kiyev)
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az