“Dedim Serj, 5 rayonu qaytar” – Lukaşenko şok detalları açıqladı

“Dedim Serj, 5 rayonu qaytar” – Lukaşenko şok detalları açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya media nümayəndələri ilə görüşdə Rusiya Prezidenti Vladimir Putinlə birgə daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səsləndirilmiş təkliflər haqqında danışıb.

Teleqraf.com "Belta”ya istinadla xəbər verir ki, Aleksandr Lukaşenko təklifin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarından birində səsləndirdiyini söyləyib.
Onun sözlərinə görə, həmin vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi. Belarus prezidenti qeyd edib ki, o, Ermənistan və Azərbaycan liderlərini Qarabağ probleminin birlikdə güzəştli variantda həllinə razılıq verməyə çağırıb: "Belarus və Rusiya vahid mövqe tutdu, zəruri olduqda müəyyən zəmanətin təminatı üçün hərbi kontingentin yeridilməsinə söz verdi”.
Aleksandr Lukaşenko həmçinin Serj Sərkisyanla aparılan söhbətin detallarını açıqlayıb: "Sonra açıq şəkildə dedim, qulaq as, onların dediyi kimi 7 rayonu işğal etmişiniz, Serj, 5 rayonu geri qaytar. Onları qaytarmamaq üçün hansı səbəb ola bilər, onlar boş qalıb. O dedi: əgər mən qaytaracağamsa, onlar orada yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, bu, baş verərsə, biz öz qoşunlarını daxil edib imkan vermərik. O söylədi: biz buna getməyəcəyik, istəmirik”.
Aleksandr Lukaşenko deyib ki, bu cavabdan təəccüblənib: "Niyə istəmirlər? Axı, 5 rayon boşdur. Bu, ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində təmsil olunardı. Niyə siz imtina etdiniz? Yaxşı, Belarus və Rusiya təminat verdi ki, əgər bu rayonlar azad edilsə, heç vaxt orada müharibə olmayacaq. Siz özünüz də etiraf edirsiniz ki, o rayonlar Azərbaycanındır”.
Belarus prezidenti xarici investisiyaların cəlb edilməsi üçün münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az