Deputatın qohumları vətəndaşı ölümcül döyüblər

Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu ölümcül döyüblər. 

Bu barədə Elçin Rüstəmovun yaxınları "medonline.az"a məlumat veriblər.

6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetiriblər. Hadisədən sonra Elçin Rüstəmov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ağır kəllə-travması diaqnozu qoyulub və ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib.

Yaxınları deyiblər ki, əslində, Elçinin vəziyyəti ağırdır: "Nitqi tutulub, yaddaşı yerində deyil. Heç kəsi tanımır".

Onların sözlərinə görə, hadisəni törədən şəxslər deputat Musa Qasımlının əmisi uşaqlardır. Həmin şəxslər isə iləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin, Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan  Ayaz Cəfərov, Aqil Cəfərovdur.

Hadisə avqustun 9-u axşam saat 21-00 radələrində baş verib və indiyə qədər Elçin Rüstəmov hələ də reanimasiya şöbəsindədir.

Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə də məlumat veriblər.
 

Elçin Rüstəmov
 
"Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün  əkin sahəsinə gəlir. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Abdulla Cəfərov deyir ki, biz, suvarmanı bitirməmiş, imkan verməyəcəyik ki, siz torpağınızı suvarasınız. Allahverdi Rüstəmov oğlu Xalidlə birgə söz-söhbət olmasın deyə evlərinə getmək istəyərkən Abdulla mübahisəni davam etdirir. Bu zaman Aqil Elçinin boyun nahiyyəsinə möhkəm zərbə endirir. Yalnız bundan sonra bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim və oğlu Xalid Elçinə kömək etməyə çalışırlar. Amma qarşı tərəf Elçini maşından düşürüb su ilə dolu olan kanala atırlar. Burada bizi ən çox təəccübləndirən, Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görcək elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun və özü də Xalidgilə zor tətbiq edir", - Elçin Rüstəmovun yaxınları belə deyir. 

Onlar deyiblər ki, Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar (hamısı əmioğludur), həmçinin Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb: "Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızıq. Biləsuvar Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakıda müalicə olunur.  Tibbi ekspertizanın nəticələri də məlumdur. Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub. Maddi imkanları daha çox olan Qəmbər Cəfərov, onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin "qoçuları” adlandırıblar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar".

Arqument.az məsələ ilə bağlı deputat Musa Qasımlı ilə əlaqə saxlaya biməyib. Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az