“Desəm ki, ermənilər lap əcəb edib Qarabağda “seçki” keçiriblər?..”

“Desəm ki, ermənilər lap əcəb edib Qarabağda “seçki” keçiriblər?..”

Düşmən pandemiya şəraitində torpaqlarımızda "seçki” keçirdi – Bəs biz belə vəziyyətdə müharibə edə bilərikmi?..


Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqlarnda qondarılmış separatçı-terrorçu rejim martın 31-də - Azərbaycanlıların Soyqırımı Günündə koronavirus pandemiyasının yayılma təhlükəsinə rəğmən öncədən planlaşdırdığı qanunsuz "prezident” və "parlament” "seçki”lərini keçirdi. Üstəlik, aprelin 14-də "prezident” "seçki”lərinin 2-ci turunu da keçirmək niyyətindədir. 

Düzdür, əksər rəsmi beynəlxalq təşkilat və dövlətlər həmin qondarma "seçki”ləri tanımadıqlarını bəyan etdi. Ancaq biz bununla özümüzə təsəlli versək də, acınacaqlı və aşağılayıcı gerçəklik odur ki, super güclərə dayanmış olsalar da belə, bəzən "kimdir axı bunlar” dediyimiz ermənilər artıq 27-29- ildir ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu pandemiyanın da nə qədər davam edəcəyi hələ bəlli deyil... Daha neçə il gözləməliyik? Ermənilər belə şəraitdə seçki keçirdi. Bəs Azərbaycan necə, genişmiqyaslı hücuma keçib torpaqlarmızı azad edə bilərmi? Görəsən, Qarabağ qazilərimiz bu haqda nə düşünür?..

Moderatar.az əməkdaşı ilə söhbətində tanınmış Qarabağ qazisi, istefada olan polkovnik Azay Kərimov bunları deyib:
 
"Mən bir Qarabağ qazisi, həm də qarabağlı kimi, Şuşa kimi cənnət bir yurddan didərgin düşmüş bir vətəndaş olaraq emosiyalarımı cilovlaya bilməyib desəm ki, ermənilər lap əcəb edib Qarabağda "seçki” keçiriblər, yəqin ki, bu məsələni, bu reallığı dərindən dərk edib anlayanlar  məni qınamazlar. Çünki 1994-cü ilin "atəşkəs” razılaşmasından bəri torpaqlarımızda qondarma bir separatçı rejim yaratmış bu daşnaklar gözümüz görə-görə, biz qazilərin, qaçqınların heysiyyatını tapdaya-tapdaya "prezident”, "parlament” seçkisi keçirirlər.  Bunlar illərdir ki, Azərbaycanı barmağına dolayıb ancaq nə yerli,  nə beynəlxalq səviiyyədə bu işğalçılara, bu separatçılara gözünüz üstdə qaşın var deyən yoxdur. Nə qədər ki, bu daşnaklar Azərbaycan dövlətindən, Azərbaycan ordusundan, Azərbaycan xalqından Aprel döyüşlərindən də qat-qat tutarlı bir zərbə görməyiblər, bundan sonra da on illərlə  torpaqlarımızda qalacaq və on dəfələrlə də "seçki”  və digər tədbirlər keçirəcəklər...

"Ermənilər pandemiya şəraitində "seçki” keçirdi – Bəs Azərbaycan belə vəziyyətdə müharibə edib torpaqlarını azad edə bilərmi?” sualına isə Azay Kərimov konkret cavab verib.

"Bilirsiz, son günlər mən karantin rejimi ilə bağlı qadağalara, tələb və tövsiyələrə rəğmən bir çox insanların davranışını, küçələrdə adi günlərdəki kimi sərbəst gəzməsini, biri-biri ilə lap yaxından ünsiyyətdə olmasını, Ali Baş Komandanın, hökumətin, polislərin, həkimlərin, çağırışlarına məhəl qoymamasını müşahidə edirəm. Bu intizamla biz mövcud durumda genişmiqyaslı müharibə apara bilmərik. Lap ordumuz nizamla, necə lazımdı, döyüşsə də arxa cəbhədəki intizamsızlıq, məsuliyyətsizlik xəstəliyə yoluxanların sayını artırmaqla sabitliyin pozulmasına, panika yaranmasına səbəb olar ki, bu da düşmən üzərində qələbəmizi əngəlləyə bilər...

Amma onu da deyim ki, mən yurdsuz-yuvasız bir Qarabağ qazisi, bir peşəkar döyüşçü kimi bu koronavirusdan-filandan yataqda inildəyə-inildəyə ölməkdənsə, gedib döyüşdə, torpaqlarımızın azadlığı uğrunda  şəhid olmağı üstün tuturam. Odur ki, hamıdan, hər bir vətəndaşdan xahiş edirəm, gəlin qoyulmuş qadağalara, tələb və tövsiyələrə gərəyincə əməl edək ki, bəlkə işğalçı Ermənistanın bu pandemiya ilə mübarizədə bizdən fərqli zəif durumundan bir fürsət kimi  yararlanaraq səfərbər olub, döyüşə atılıb Qarabağı düşməndən azad edək”-  Qarabağ qazisi  belə söyləyib.

Sultan Laçın  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az