DÜNYAYA MEYDAN OXUYANLAR

DÜNYAYA MEYDAN OXUYANLAR
Asif Abbaslı

(felyeton)

Bir vaxtlar dünyaya ağalıq etmək iddiasında olanlar döşlərinə döyməkdən döş qəfəslərini çökürüblər, deyəsən. Özü də, elə çökürüblər ki, cınqırlarını çıxartmağa, nəfəs çəkməyə hey-hərəkətləri qalmayıb. Belə yerdə deyiblər e. adamın özünün-özünə elədiyi zülmü cümlə-aləm bir yerə yığılsa, yenə eləyə bilməz.

Əcəba. bu qədər də döşə döymək, göylə getmək olmaz axı. Öz dövlətlərinin böyüklüyünə və güclərinin çoxluğuna güvənərək mənəm-mənəmlik edən alicənab zatlara indi biz də sual edirik:
-Bəs Sizin əzəmətiniz, həşəmətiniz və gücünüz necə oldu?

Ey, sizinləyəm, Tramp həzrətləri. Siz deyirdiniz ki, mən ağayam və haraya desəm, bütün dünya oraya sürəcək. Ey, siz, Putin cənabları, deyrdiniz ki. yoox, Tramp kimdir, dünyanın ağası mənəm. Bir-birinizlə kəllə-kəlləyə gələrək qoç döyüşünə çıxanda, nəinki, gözünüz ayağınızın altını görmürdü, hətta yerdə qalan dövlətləri heç adam yerinə qoymurdunuz.

Hardasınız, ay dünyaya meydan oxuyanlar? Özünüzü belə əlahiddə güc sahibi hesab edirdinizsə, bir virusun qarşısında niyə aciz qaldınız?

İndi deyəcəksiniz ki, bu, adi virus deyil, koronavirusdur, yəni taclı virusdur.

Mən də deyirəm ki, virus elə virusdur, fərqi yoxdur, taclı, yaxud tacsız. Oyun bacarmayan meydanın darısqallığını bəhanə etdiyi kimi. siz də virusun adını bəhanə gətirməyin.

Hələ mən bu işə mat qalmışam ki. bir virusla bacarmayan zatlar dünya ağalığı iddiasına necə düşə bilərlər və dünyaya necə meydan oxuya bilərlər?!

Adamda abır-həya yaxşı şeydir. Sizdə də indiyəcən olmayıbsa, çalışın ki, heç olmazsa, bundan sonra olsun. Necə ki sıradan bir dünya adamı kimi siz də bu virusun qarşısında acizsiniz, demək, xoruzlanmağın yeri yoxdur. Koronavirus çox paxırların üstünü açdı və sizin də xoruzunuzu verdi qoltuğunuza.

Virus hamıya bir gözlə baxdığı, güclü-gücsüzə və varlı-kasıba fərq qoymadığı kimi, kimin qoltuğunda olmasının da şəxsən xoruz üçün təfavütü yoxdur. Bugünkü halınızı unutsanız və bir daha dünyaya meydan oxumaq eşqinə düşsəniz, sizdən əvvəl qoltuğunuzdakı xoruz quqquldayacaq. Onda da deyəcəklər ki. FİLANKƏS quş buraxdı.

Quş buraxmaqdansa, susmaq məsləhətdir. Odur ki batmış səsinizi çıxartmaqdan ötrü gücənməyin...
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az