DTX-nin Mədəniyyət Mərkəzi Sumqayıtda balaca tamaşaçıların görüşünə gəlib

DTX-nin Mədəniyyət Mərkəzi Sumqayıtda balaca tamaşaçıların görüşünə gəlib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə gəlib.

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Xoş ovqatlı və yaddaqalan musiqili nağıl-tamaşa "Tıq-tıq xanımın saxta babası” adlanır.

DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında tamaşanın nümayiş etdirilməsində məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək olduğunu bildirib.

"İlk dəfədir DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır. DTX-nin Mədəniyyət Mərkəzinin istedadlı kollektivi bu istiqamətdə bütün yaradıcılıq qüvvəsini və bacarığını sərf edir. Zənnimcə, bugünkü tamaşa uşaqları sevindirəcək, valideynlərin rəğbətini qazanacaq, hər kəsin zövqünü oxşayacaq”, - deyə Arif Babayev qeyd edib.

Orijinal və müasir tərtibatda səhnələşdirilən tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz Tıq-tıq xanımın başına gələnlərdən fərqli məcrada cərəyan edir.

Bayram əhval-ruhiyyəli, şən musiqiləri, sevimli mahnıları, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə uşaqları riqqətə gətirən, göz qamaşdıran və anşlaqla keçən tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı üzləşdiyi macəralardan bəhs edilir. Baş qəhrəman Tıq-tıq xanımın ən birinci arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır.

Uşaqlarla yanaşı, böyüklər tərəfindən də böyük maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını 6 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.

Balacaların məhəbbətini, böyüklərin xoş təəssüratını qazanan tamaşanın sonunda uşaqlar obrazları yaradan aktyorlarla xatirə şəkilləri çəkdiriblər.













Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az