Düşmənin sərhəddəki təxribatlarına Qarabağ cəbhəsində cavab verilməlidir

Düşmənin sərhəddəki təxribatlarına Qarabağ cəbhəsində cavab verilməlidir

KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...

Ölkənin Qərb sərhədlərində, Azərbaycan – Ermənistan dövlət sərhədində baş verən insidentlər, qarşılıqlı can itkiləri artıq bir neçə aydır ki, davam edir. Tərəflər bir-birini təxribat törətməkdə ittiham edir, hər iki tərəfdən həm hərbiçilər, həm də mülki vətəndaşlar arasında ölənlər, yaralananlar var. Aydındır ki, Qarabağ hadisələri başlayandan bu istiqamətdə də gərginlik həmişə olub, amma Qarabağ cəbhəsində baş verənlərlə müqayisə edilməz. Bəs, indi nə baş verir? Qarabağ cəbhəsində sakitlikdir, sərhəddə isə davamlı olaraq ölümlə nəticələn hadisələr səngimək bilmir. Kimə xeyirdir, kimin marağına uyğundur sərhəd hadisələri? Qarabağ yaddan çıxıb, Azərbaycan Qarabağ problemi ilə deyil, sərhəddə erməni təxribatı ilə üz-üzə qalıb. Bu durum, əlbəttə ki, Ermənistanı qane edir. Ümumiyyətlə, ermənilər ciddi-cəhdlə diqqəti Qarabağdan yayındırmaqla məşğuldur. Sərhəd olaylarından başqa gələn il 100 ili tamam olacaq Rusiya-Türkiyə arasındakı Moskva müqaviləsinə son verilməsini və Naxçıvanı Ermənistana birləçdirməyin təbliğatını aparır, sərhəddə baş verənlərlə diqqəti yayındırır. Yeganə məqsəd Qarabağ problemini dünyaya və qəribə olsa da, bizə də unutdurmağa çalışırlar. Onsuz da Qarabağ həm dünya siyasətində, həm də  Azərbaycan siyasətində çoxdan arxa plandadır və tədricən də gündəmdən çıxarılır, amma ermənilər öz maraqları naminə daha hiyləgər vasitələrə əl atırlar. 

Bu hiyləgər, daha doğrusu düşmənin marağına uyğun olan addımlardan biri də indi sərhəddə baş verən toqquşmalardır. Bilirsiniz ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının( KTMT) üzvüdür. Bu təşkilatın öhdəliklərinə görə də təşkilata daxil olan ölkəyə hər hansı silahlı müdaxilə olarsa digər üzvlər həmin ölkəyə silahlı kömək etməlidirlər. KTMT deyəndə təbii ki, ilk ağıla gələn Rusiyadır. Ermənistan mediası hər sərhəd hadisəsindən sonra KTMT üzvlərini, ən əsası da Rusiyanı ittiham edirlər ki, nədən reaksiya bildirmirlər. Bildiyiniz kimi ilk olaraq RF XİN-in spouksmeni Mariya Zaxarova sərhəd hadisələrinə münasibət bildirdi və Rusiyanın bundan narahat olduğunu bildirdi. Dünən isə sərhəd toqquşmalarına KTMT Baş katibi Stanislav Zas özü mövqe açıqladı. Baş katib mövqeni erməni mediasına bildirib. Stanislav Zasın dediklərini olduğu kimi təqdim edək ki, hər kəlmənin arxasında nə dayandığını dərk etməyə çalışaq. Stanislav Zas:

"Ermənistan və Azərbaycan sərhədində baş verən bu hadisə barədə erməni tərəfi mənə məlumat verib. Ermənistan Respublikası Silahlı Qüvvələrinin iki hərbçisinin və Voskevan kəndinin 14 yaşlı sakininin yaralanması ciddi narahatlıq doğurur. Eyni zamanda, Təşkilata aid olan dövlətin sərhədində KTMT-nin məsuliyyət zonasında bu cür hadisədən narahatlığımı bildirmək istəyirəm. Bütün dünya birliyinin koronovirus pandemiyasına qarşı birləşib mübarizə apardığı bir dövrdə gərginliyin artması anlaşılan deyil. Bu baxımdan münaqişə tərəflərini BMT Baş katibinin dünyada qlobal atəşkəsə çağırışlarına qulaq asmağa çağırıram. Yeri gəlmişkən, mənə verilən məlumata görə, Ermənistan rəsmi olaraq bu müraciəti dəstəkləyib”.
 
KTMT Baş katibinin hər cümləsi Azərbaycana qarşı yönəlib. Hadisə haqqında erməni tərəfdən məlumat aldığını vurğulamaqla bu işdə Azərbaycanı dolayısı ilə ittiham edir- günahkar susur, zərərçəkən, günahsız tərəf isə məlumat verir. Amma, KTMT Baş katibi onu da bilməlidir ki, Azərbaycan bu təşkilatın üzvü olmadığı üçün hadisə barədə məlumatı təbii ki, bizdən deyil, üzv dövlətdən alacaq. Hadisənin "ciddi narahatlıq doğurduğunu” vurğulamaqla Azərbaycana bildirmək istəyir ki, bundan sonra baş verəcək hadisəyə reaksiyamız sözlə olmayacaq. Hadisənin”KTMT-nin məsul olduğu bölgədə” baş verdiyinə görə  narahatlığının hüquqi tərəfini də xüsusi xatırladıb. BMT Baş katibinin çağırışını və koronavirusu yada salmaqla beynəlxalq aləmdən də qınaq almayacaqlarına işarə edir və yalançı əxlaq-vicdan sümürgəçiliyi edir.

Təsəvvür edin ki, sabah Rusiya qoşunlarının lap kiçik bir dəstəsi Gümrüdəki 102 nömrəli briqadadan  ayrılıb Ermənistan-Azərbaycan sərhəddinə gələcək. Bundan sonra təxribat bir-birinin ardınca baş verəcək və bizim cavab verdiyimiz halda qarşımıza Rusiya hərbiçiləri çıxacaq, erməni də bundan istifadə edib, sərhəddə istədiklərini törədəcəklər. Bizə lazımdırmı?

Təəssüf doğuran həm də odur ki, sərhəddə baş verən hadisələr az qala xüsusi uğur kimi təqdim edilir, faktiki reklam olunur və bununla da düşmənin oyununa, təxribatına dəstək vermiş olduğumuzun fərqində olmuruq. 
 
Düşmənin sərhəddəki təxribatlarına cavab Qarabağ cəbhəsində verilməli, o həddə çatdırılmalıdır ki, düşmən sərhəd təxribatlarından əl çəksin. Qarabağ cəbhəsində Stanislav Zasın işarə vurduğu bütün arqumentlər bizim tərəfdədir. Beynəlxalq hüquq da, şərəf və əxlaq da. /moderator.az/

 
İlham İsmayıl






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az